BAKI,VOA
Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub
Misir Ərəb Respublikasında fəaliyyət göstərən Əfqanıstan Tələbələr Birliyi Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misir Ərəb Respublikasında Azərbaycan icmasının sədri, Qahirə Universitetinin müəllimi, doktor Seymur Nəsirovu tələbələrə göstərdiyi uzunmüddətli dəstəyə və xeyriyyəçilik fəaliyyətinə görə təltif edib.
Təltif mərasimi doktor Seymur Nəsirovun Əl-Əzhər Universitetində təhsil alan tələbələrə, eləcə də müxtəlif ölkələrdən olan elm tələbələrinə 25 ildən artıq müddətdə göstərdiyi elmi, mədəni və sosial xidmətlərə minnətdarlıq əlaməti olaraq keçirilib.
Mərasimdə çıxış edən Əfqanıstan Tələbələr Birliyinin sədri Bərəkətullah Şirzad bildirib ki, doktor Seymur Nəsirov tələbələrin hər zaman yanında olub, onların elmi və mədəni inkişafına davamlı dəstək göstərib. Onun sözlərinə görə, Seymur Nəsirovun təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar tələbələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verir.
Bərəkətullah Şirzad vurğulayıb ki, doktor Seymur Nəsirov elmə və tələbələrə fədakar xidmətin nümunəsidir və onun fəaliyyəti müxtəlif millətlərdən olan minlərlə tələbənin həyatında dərin iz buraxıb.
Tədbirin sonunda Əfqanıstan Tələbələr Birliyinin nümayəndələri doktor Seymur Nəsirova göstərdiyi fədakar xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Doktor Seymur Nəsirov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək bildirib ki, hər bir mükafat yeni məsuliyyət yaradır. O qeyd edib ki, bu təltif yalnız onun deyil, tələbələrin inkişafı naminə çalışan bütün insanların əməyinə verilən dəyərin göstəricisidir.
Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirli tələbələr təşkil edir. Mərkəzdə "Qurani-Kərim"in qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, Muğam sənəti, eləcə də uşaqlar üçün oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş müxtəlif ödənişsiz kurslar təşkil olunur.
Qeyd edək ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı, 2024-cü ildə isə azərbaycançılıq ideyasının həyata keçirilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə ölkəmizin diaspor siyasətinə verdiyi mühüm töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə mükafatlandırılıb.
Azərbaycanlı alim elmi və mədəni sahədəki xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən də birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edilib.
Xəbər aşağıdakı ərəb mətbuat orqanlarında dərc olunub:
https://www.aldiplomasy.com/155334/
https://aqidati.gomhuriaonline.com/24283/
https://almessa.gomhuriaonline.com/727924/
https://elalmelarby.com/archives/64077
https://www.tafsela.net/73543
https://www.almasryalyoum.com/news/details/4320712
https://wwnewss.com/تم-تكريم-الدكتور-سيمور-نصيروف-الأزهري/