Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan
    Facebook Twitter LinkedIn Pinterest Email

    Məhəmməd Abduh 1265-ci ildə (1849) Misirin Buhayrə bölgəsinin Mahalletünnasr kəndində anadan olub. Tanta ətrafına yerləşmiş türkmən köçkünlərindən olan ailəsi, Məhəmməd Əli Paşanın təzyiqləri səbəbindən Nil çayı sahilinə köçmüşdü. Fermerliklə məşğul olan atasının israrlı təşviqi ilə Məhəmməd Abduh yazıb-oxumağı öyrənib hifzini (Quranın əzbərlənməsini) tamamladıqdan sonra 1862-ci ildə təhsil üçün Tantaya göndərildi. Burada mədrəsə təhsilinə başladı; lakin şablon dərs üsullarına görə heç nə anlamadığını fərq edərək kəndinə qayıtdı. Oxumaq istəmədiyini bildirib 1865-ci ildə evləndi. Lakin yenə atasının israrı ilə Tantaya döndü. Yolüstü Küneyse qəsəbəsində atasının yaxınlarından olan Şeyx Dərviş Xızırla görüşməsi elm sevgisi baxımından həyatında bir dönüş nöqtəsi oldu. Xatirələrində yaşadığı bütün mənəvi həzzi və içindəki elm eşqini bu zata borclu olduğunu qeyd edir.

    Tantada intensiv dərs fəaliyyətinə başlayan Abduh, "məczub" (Tanrı eşqi ilə özündən keçmiş) görünüşlü bir şəxsin sözlərindən təsirlənərək elm axtarışı üçün Qahirəyə getdi. Əzhər mədrəsəsində təhsil almağa başladı, həmçinin yay aylarında məmləkətində Şeyx Dərvişlə əlaqəsini davam etdirdi. Onun təşviqi ilə Əzhərdə tədris olunmayan məntiq və riyaziyyat kimi dərsləri verən müəllimlər axtardı. İstədiyi keyfiyyətdə müəllim tapmadıqda kitabları təkbaşına oxumağa qərar verdi. O vaxt Misirə gələn Cəmaləddin Əfqanidən 1871-ci ildən etibarən riyaziyyat, fəlsəfə və kəlam dərsləri aldı. Xtardığı hər şeyi onda tapdığını söylədiyi Əfqaninin yönləndirməsi ilə sosial və siyasi mövzularla da maraqlanmağa, aktual məsələlər haqqında yazılar yazıb çıxışlar etməyə başladı. Hələ tələbə ikən verdiyi dərslərdə Mötəziləni Əşari məzhəbindən üstün tutması ilə bağlı ittihamlar üzündən məzuniyyəti təhlükəyə düşdü və imtahanda uğur qazanmasına baxmayaraq, 1877-ci ildə orta dərəcə ilə məzun ola bildi.

    Növbəti il Əzhərə müəllim təyin edilən Məhəmməd Abduh, eyni zamanda Qahirə Darülülumunda tarix, Darül-elsünil-Xidiviyyədə isə ərəb dili və ədəbiyyatı dərsləri verdi. Xidiv İsmayıl Paşaya qarşı dəstəklədiyi Tofiq Paşanın hakimiyyətə gəlməsindən sonra inzibati islahatlar aparılmasını istədi. Lakin Tofiq Paşa başlanğıcda göstərdiyi yaxınlığa rəğmən, Abduhu kəndində məcburi yaşayışa məhkum etdi. Yalnız Riyad Paşanın vasitəçiliyi ilə Qahirəyə qayıda bildi və yeni fəaliyyətə başlayan "əl-Vəqaiul-Misriyyə" (Misir hadisələri) qəzetinin yazarlarından biri oldu. Bu vaxt ona bürokratların fəaliyyətlərini və məhkəmə qərarlarını araşdırıb tənqid etmək səlahiyyəti verildi. Həmçinin ölkədəki təhsil fəaliyyətlərinə nəzarət etmək üçün yaradılmış ali məclisə üzv təyin edildi.

    Urabi Paşanın Xidiv İsmayıl Paşa və İngilis müstəmləkə rəhbərliyinə qarşı başladığı müqavimət hərəkatını dəstəklədiyinə görə onu, 1882-ci ildə üç il sürgün cəzasına məhkum edilərək Beyruta göndərildi. Burada dərslər verdi. 1883-cü ilin sonlarında Əfqaninin dəvəti ilə Parisə getdi və onunla "əl-Urvətül-vüsqa" jurnalını çıxarmağa başladı. İngilislərin Sudan və Misirdən çəkilməsini təmin etmək üçün aralarında Məhəmməd Əhməd əl-Mehdi və İngiltərənin Müdafiə nazirinin də olduğu bəzi şəxslər və rəhbərlərlə görüşlər keçirdi. Jurnal bağlanıb Avropadakı siyasi cəhdləri uğursuzluqla nəticələndikdə Abduhun Misir və İslam dünyasının qısamüddətli səylərlə xilas edilə bilməyəcəyi barədə qənaəti qətiləşdi və bu mövzuda Əfqanidən fərqli bir yol izləməyə qərar verdi. 1884-cü ilin sonlarında Tunisə, oradan da Beyruta keçdi. Daha çox təhsil, mədəniyyət və düşüncə mövzularına üstünlük verməyə və dinlərarası dialoq işlərinə önəm verməyə başladı. Beyrutdakı evində və Öməri məscidində sirə (peyğəmbərin həyatı) və təfsir dərsləri verdi, Sultaniyyə mədrəsəsini islah edib orada müəllimlik etdi, bu vaxt müəlliflik işlərinə sürət verdi. Beyrutda yaşadığı vaxt həyat yoldaşı vəfat edincə ikinci dəfə evləndi. Misirdəki dostlarına məktub göndərərək vətəninə qayıtmağın yollarını aradı. Səd Zaqlul və Əhməd Muxtar Paşa kimi şəxsiyyətlərin vasitəçiliyi ilə və siyasətə qarışmaması şərti ilə əfv edildi.

    1889-cu ildə Misirə qayıdan Məhəmməd Abduh siyasi fəaliyyətlərdən ümidini kəsib idarəçilərə qarşı yumşaq bir mövqe tutdu və Əfqani ilə apardığı əməkdaşlığı azaltdı. Əvvəlcə əyalətlərdə, sonra isə mərkəzdə hakimlik vəzifələrini icra etdi.

    Xarici hüquq kitablarını oxumaq məqsədilə fransız dilini öyrəndi. Yay aylarında Fransa və İsveçrəyə etdiyi qısa səyahətlərdə fransızcasını təkmilləşdirdi. 1895-ci ildə yaradılmış Əzhər İdarə Məclisinə üzv təyin edildi. Verdiyi təkliflər və hazırladığı proqramlar rəhbərliyin diqqətini çəkdi və 1899-cu ildə Misir müftisi vəzifəsinə gətirildi. Ömrünün sonuna qədər davam edən bu vəzifəsi zamanı bütün vaxtını islahat işlərinə həsr etdi. Şəriət məhkəmələri və vəqflərin idarə edilməsi ilə bağlı yeni qaydalar tətbiq etdi. "Məclisüş-şural-kavanin" üzvlüyü ilə yanaşı, "əl-Cəmiyyətül-xeyriyyə" və "Cəmiyyətü ihyail-ulumi-ərəbiyyə"nin sədri vəzifələrini üzərinə götürdü; müxtəlif mənbə kitablarının çap edilməsini təmin etdi.
    1903-cü ildə getdiyi İngiltərədə filosof Herbert Spenser ilə görüşdü. Sidni Kokrell və Edvard Qranvil Braun müşayiəti ilə Oksford və Kembric universitetlərini də ziyarət edib araşdırmalar apardı. Bu müşahidələri işığında bir çox sahədə islahat xarakterli intensiv işlərini davam etdirərkən, Xidiv Abbasın Əzhər islahat proqramını ləngidən bəzi cəhdləri səbəbindən 1905-ci ildə Əzhər İdarə Məclisi üzvlüyündən ayrıldı. Elə həmin il xəstələndi və hava dəyişikliyi üçün getdiyi İsgəndəriyyədə 11 iyul 1905-ci il tarixində vəfat etdi. Cənazə namazı İsgəndəriyyədə qılındıqdan sonra nəşi dövlət mərasimi ilə Qahirəyə gətirilərək 13 iyulda Karafetül-mücavirin qəbiristanlığında dəfn edildi. Erkən yaşda ölümü onun zəhərlənməsi barədə bəzi şayiələrə yol açmışdır.

    Məhəmməd Abduhun Dini Düşüncəsi

    Məhəmməd Abduh, xüsusilə ömrünün son dövründə İslami elmlər və uzunmüddətli hədəflər üzərində cəmləşmişdir. Qısa tərcümeyi-halında sadaladığı təməl hədəflərinin başında düşüncənin təqlid zəncirindən qurtarılması və dinin hələ ixtilafların yaranmadığı dövrdə "Sələf"in anladığı metodla və ilk mənbələrinə əsaslanaraq başa düşülməsi zərurətini vurğulayır. Bu arada dinlə ağıl və elm arasındakı yaxın əlaqəyə toxunur. Etiqadı (inancları) "Əsri-səadət"də olduğu kimi saf hala gətirməklə yanaşı, ağıl və elmlə əlaqəsini gücləndirərək dəyişən dünya şərtlərində dinin rolunu yenidən aktivləşdirməyi məqsəd qoyan Abduh, kəlam məktəbləri arasındakı teoloji ixtilaflar və nəzəri müzakirələr üzərində dayanmağın gərəksiz olduğunu, Allahın zatı yerinə Onun yaratdıqları üzərində düşünməyin həm dinin əmrinə, həm də insanın ehtiyacına daha uyğun olduğunu bildirir.

    Buna qarşılıq olaraq peyğəmbərlərə və vəhyə olan ehtiyaca geniş yer verir və bunu bütün böyük dinlər və filosoflar tərəfindən insanda mövcud olduğu qəbul edilən sonsuzluq (bəqa) istəyi ilə insanların cəmiyyət halında yaşaya bilməsi üçün əxlaq, fəzilət və yüksək dəyərlərə möhtac olmaları kimi əsaslara bağlayır. Duyğulardan başqa hər hansı bir məlumat mənbəyi olmadığını söyləyən və ya bu mövzuda tərəddüd edən şəxsləri cahillikdə ittiham edən Abduha görə, vəhyə qarşı mənfi mövqe nümayiş etdirməyin səbəbi məsuliyyətdən qaçmaq istəyidir. Dini əmrlər insanları bəzi nəfsani arzulardan məhrum etdiyi və ifratlardan çəkindirdiyi üçün bəziləri dinə qarşı çıxır. Halbuki fərd və cəmiyyətin ruh və bədən tarazlığını qoruyan bu əmrlərə ehtiyac olduğu sağlam ağıl sahibi hər kəs tərəfindən qəbul edilməkdədir.

    Məhəmməd Abduh taley (qədər) mövzusunda mübahisələrə girilməsini bəyənməməklə birlikdə, bəzi alimlərin qulların felləri (əməlləri) haqqında "kəsb" (qazanmaq) anlayışına yer verilməsini Allaha şərik qoşmaq kimi qiymətləndirməsini də doğru hesab etmir. Ona görə əməllər hər vəziyyətdə kəsb və iradə (ixtiyar) ilə reallaşır və Allahın elminin dəyişməzliyi insanların öz iradələrini istifadə etmələrinə maneə törətmir. Abduhun insana aid etdiyi kəsb, klassik Əşari anlayışından daha geniş bir səlahiyyət və azadlıq ehtiva edir, Maturidinin fikirlərinə daha yaxın görünür.

    Parçalanmanın qarşısını alıb müsəlmanları daha zəruri işlərə yönəldəcəyi düşüncəsi ilə Sələf metoduna uyğun bir əqidəyə üstünlük versə də, bir çox mövzuda etdiyi şərhlər və rasional (ağılçı) yanaşmaları nəzərə alındıqda, Abduhun klassik mənada bir "Sələfi" kimi qiymətləndirilməsi doğru olmazdı. Belə ki, ağıla verdiyi önəm və fərqli şərhləri səbəbindən bəzi şərqşünaslar onu "Yeni Mötəzilə" cərəyanının nümayəndəsi kimi qəbul etmişlər. Ancaq Mötəziləyə yönəltdiyi tənqidlərlə yanaşı, düşüncəsi bütöv halda nəzərə alındıqda belə bir qiymətləndirmənin doğru olmadığı anlaşılır.

    Məhəmməd Abduhun etiqadi məsələlərdə bəzi müzakirələrə sərhəd qoyub bunların bilinməyəcəyini qeyd etməsi və aləmin əzəliliyi kimi mövzularda filosofları təkfir etməməsi (kafir elan etməməsi), bəzi Qərbli yazarlar tərəfindən aqnostik və ya inancsız kimi xarakterizə edilməsinə yol açsa da, onun inkarçı düşüncələr haqqındakı fikri yazdığı rəddiyələrdə açıq-aydın görünür.

    Təfsir kitablarında Quranın ruhuna uyğun olmayan şərhlərin və yanlış məlumatların yer aldığını, vəhyin mesajının qrammatika qaydaları və müfəssirlərin (şərhçilərin) rəyləri arasında itdiyini, bu səbəbdən Quranın cəmiyyət həyatından uzaqlaşdırılıb ölülərə və xəstələrə oxunan bir mətn halına gətirildiyini qeyd edir. Halbuki Quranın birinci üstünlüyü insanların elmi və əxlaqi səviyyələrini yüksəldib ictimai vəziyyətlərini düzəltməkdir. Ona görə bütöv bir təfsir yerinə günün ehtiyacları istiqamətində qismən təfsirlərə ehtiyac vardır.

    Abduha görə, Qurana və içindəki əməli hökmlərə inanan, lakin bəzi digər qeybi (gizli) mövzuları anlamaqda çətinlik çəkən ziyalıların bunlar haqqında öz elmi potensiallarını təmin edəcək yozumlar (təvillər) etməsi imanlarına zərər verməz. Bu yanaşması ilə Quran və elm arasında uzlaşma səylərinə böyük önəm verir və bəzi ayələri öz dövründəki elm anlayışına və elmi məlumatlara görə şərh etməyə çalışır. Məsələn, cinlərin mikrobların bir növü ola biləcəyi, Əbrəhə ordusunu daşlarla həlak edən quşların xəstəlik daşıyan milçəklər şəklində başa düşülə biləcəyi, insanların təkcə Həzrəti Adəmdən deyil, irqlərinə görə müxtəlif insan mənşələrindən gəldiklərinin düşünülə biləcəyi kimi şərhləri mövcuddur.

    Məhəmməd Abduh ictihad (elmi hökm çıxarmaq) ruhundan uzaqlaşmağın mənfi nəticələri üzərində israrla dayanır; müsəlmanlar arasındakı elmi əməkdaşlıq anlayışının yenidən qurulmasını təmin edəcək kollektiv işlərin görülməsi lazım olduğunu müdafiə edir. Misir müftisi olarkən verdiyi fətvalarda tək bir məzhəbin sərhədləri daxilində qalmayıb "məsləhət" (ictimai xeyir) prinsipinə xüsusi önəm verirdi. Onun bəzi fətvaları belədir:

    Sığorta və əmanət kassaları müdarəbə (əmək-sərmayə ortaqlığı) müqaviləsi çərçivəsində caizdir (icazəlidir).

    Uzunmüddətli həbs, itkin düşmə, dolanışıqsızlıq, xəstəlik kimi hallarda məhkəmə qərarı ilə qadının boşanma hüququ yaranır.

    Birdən çox qadınla evlənmək icazəsi idarəçilər tərəfindən ləğv edilə bilər.

    Müqəddəsləşdirməmək şərti ilə rəsm və heykəl hazırlamaq olar.

    Qəbirlərin üzərində bina, qübbə və türbə inşa edərək onları ziyarətgah halına gətirmək caiz deyil.

    "Transvalya" fətvası ilə şlyapa və s. geyimləri geyinməyin, kəsim forması öz dinlərinə uyğun olduğu müddətcə "Əhli-kitab"ın (yəhudi və xristianların) kəsdiklərini yeməyin caiz olduğunu ifadə etmişdir.

    Şeyx Dərvişlə yaşadığı təcrübənin təsiri ilə təsəvvüfün mənəviyyatı gücləndirməkdəki rolunun fərqində olan Abduh, sufilərin təqib edilməsini yanlış hesab edirdi. Özü də Şaziliyyə təriqətinə qoşulsa da, bəzi təriqət üzvləri arasında yayılan "şeyxdən əl alma", musiqili və yüksək səslə zikr məclisləri kimi halları tənqid etmiş, bunların dində əsasının olmadığını söyləmişdir. Həmçinin fəlsəfi təsəvvüf fikirlərinin xalqa çatdırılmasını uyğun görməmişdir.

    İslahatçılığı və siyasi görüşləri

    Məhəmməd Abduh müsəlmanların əvvəllər sahib olduqları yüksək sivilizasiya səviyyəsini yenidən nail olmaları üçün müxtəlif sahələrdə islahat təklifləri irəli sürmüşdür. Ona görə artıq Quran və Sünnə ilə, eləcə də ilk dövrə aid əsərlərlə birbaşa təmasda olan, məzhəb təəssübkeşliyindən uzaq alimlərin yetişdirilməsi təcili bir ehtiyaca çevrilmişdir. Abduh inanır ki, İslam cəmiyyətinin qurtuluşu siyasi bir inqilabla deyil, təhsil və mədəniyyət yolu ilə, həm dini təhsili yaxşı almış, həm də dövrün elmləri ilə silahlanmış möhkəm bir nəslin yetişməsi ilə mümkündür. Əzhər Universitetində tədris olunan klassik təhsilin yenilənməsi üçün böyük səy göstərmiş, dərs proqramına riyaziyyat, coğrafiya kimi elmlərin daxil edilməsini təmin etmişdir.

    Abduh müasir bir İslam düşüncəsi qura bilmək üçün Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünürdü. Lakin Qərbin elmi və texnologiyasının götürülməsini təşviq edərkən, dinə uyğun olmayan tərəflərindən uzaq durulmasını istəyirdi. Siyasət sahəsində ədalət prinsipini vurğulayaraq, rəhbər və xalq arasındakı münasibətin təkcə itaət əsasına bağlanmasının doğru olmadığını müdafiə edirdi. Onun fikrincə, İslam cəmiyyətindəki xilafəti Qərblilərin teokrasiya dediyi sistemlə qarışdırmaq olmaz. Xilafətin müsəlmanlar üçün daşıdığı əhəmiyyəti dərk etməklə yanaşı, Misirin müstəqil bir dövlət olmasını da dəstəkləyirdi.

    Misirdəki İngilis müstəmləkə rəhbərliyi ilə münasibətləri dövrlərə görə dəyişmişdir. Sürgündən qayıtdıqdan sonra islahat işlərinə üstünlük verdiyi dövrdə bəzi hədəflərinə çatmaq üçün İngilislərin dəstəyini almağa çalışmışdır. Siyasi yazılarında şura (məsləhətləşmə) və qanun hakimiyyətini müdafiə etmişdir.

    Məhəmməd Abduhun görüşləri özündən sonra Misirdə və İslam dünyasında müxtəlif istiqamətlərdə davam etmişdir. Ən yaxın davamçısı Rəşid Rza "əl-Mənar" jurnalı vasitəsilə onun fikirlərini yaymışdır. Abduhun islahatçılığı Mustafa əl-Məraği, Mustafa Əbdürrazıq və Mahmud Şəltut kimi Əzhər şeyxləri tərəfindən davam etdirilmişdir. Abduhun fikirləri Osmanlı Türkiyəsində Məhəmməd Akif Ersoy başda olmaqla İslamçı və modernist ziyalılar üzərində təsirli olmuşdur. Onun izlərini Tunis, Əlcəzair, İraq və Suriyadakı islahat hərəkatlarında da görmək mümkündür.

    Onun ən məşhur əsərləri bunlardır:

    Risalətüt-tövhid: Ən tanınmış əsəridir, bir çox dilə tərcümə edilmişdir.

    Əl-İslam vən-Nəsraniyyə məəl-ilm vəl-mədəniyyə: İslam və xristianlıq arasındakı fərqləri və elmlə əlaqəsini bəhs edir.

    Təfsirü cüz-i Ammə: Quranın son cüzünün təfsiridir.

    Təfsirül-Fatihə: Fatihə surəsinin şərhidir.

    Əl-İslam vər-rədd əla müntəqidih: İslamı tənqid edənlərə cavab olaraq yazılmışdır.

    Təfsirül-Mənar: Bu təfsirin bir hissəsi Abduhun dərslərində tutulan qeydlərdən ibarətdir.

    Məhəmməd Abduh həmçinin Cəmaləddin Əfqaninin "ər-Rədd ələd-dəhriyyin" əsərini ərəbcəyə tərcümə etmişdir.

    #Əl-Əzhərin radikal cərəyanlara münasibəti #riyaziyyat #Peyğəmbərin həyatı #Məhəmməd Abduh #Məhəmməd Abduh kimdir #Tanta #Şeyx Dərviş Xızır #Cəmaləddin Əfqani #fəlsəfə və kəlam #əl-Urvətül-vüsqa #Səd Zaqlul #Əhməd Muxtar Paşa #Məclisüş-şural-kavanin #əl-Cəmiyyətül-xeyriyyə #Cəmiyyətü ihyail-ulumi-ərəbiyyə #Sidni Kokrell #Edvard Qranvil Braun #Əsri-səadət #kafir elan etmə #Birdən çox qadınla evlənmək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fidelin inqilabını yaşadan dövlətin baş memarı - Raul Kastro

    21 İyun 2026 22:00

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    7 İyun 2026 13:04

    Həyatı və düşüncəsi - Məhəmməd Rəşid Rza kimdir?

    3 May 2026 12:04

    İslamda bədənə qulluq olarmı?

    9 Noyabr 2025 21:34

    Həzrəti Məhəmmədin təhsilə baxışı: “Allah məni müəllim olaraq göndərmişdir”

    24 Oktyabr 2025 10:48

    Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

    1 Oktyabr 2025 11:30

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir

    23 Sentyabr 2025 16:37

    Namazda Danışmaq Olarmı? İslam Alimlərinin Rəyləri

    17 İyul 2025 10:47

    Mağaradakı hörümçək və göyərçin möcüzəsi: Həqiqət nədir?

    1 İyul 2025 17:56

    İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri

    22 İyun 2025 12:22

    İslamın qızıl dövründə elm və texnologiyanın rolu

    15 İyun 2025 16:52

    Sisi Əl-Əzhərdəki İxvan və Sələfiləri neytrallaşdırır

    31 Mart 2025 09:00
    XƏBƏR LENTİ

    İlk mason lojasının Londonda yaradılması

    Tarixdə bu gün - 24 İyun

    BMT Livanda nəyi araşdıracaq?

    Hizbullah lideri: İsrailin hər hansı pozuntusuna cavab veriləcək

    İsrailin ABŞ-dakı səfiri: Livan atəşkəs danışıqları “fəlakətdir”

    Məsud Pezeşkian: Ballistik raketlərlə bağlı heç bir danışıqlar aparılmayacaq

    BMT agentliyi Körfəzdə minlərlə dənizçini təxliyə edəcək

    Hizbullah lideri: İsrail Livandan tam çıxmalıdır

    Trampdan Tehran açıqlaması: “Plan 100% var”

    Livan parlament sədri: 2024 razılaşması atəşkəsin qorunması üçün əsasdır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.