BAKI,VOA Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Səudiyyə Ərəbistanına mülki nüvə proqramının inkişafına imkan verəcək genişmiqyaslı nüvə əməkdaşlığı sazişini təsdiqlədiyi iddia olunur.
ABŞ-ın “The Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Səudiyyə Ərəbistanı ilə nəzərdə tutulan nüvə razılaşmasına razılıq verib.
30 illik və milyardlarla dollarlıq saziş
Məlumata əsasən, təxminən 30 il müddətinə nəzərdə tutulan yeni anlaşmanın dəyərinin on milyardlarla dollar olacağı gözlənilir.
Razılaşmanın Səudiyyə Ərəbistanına mülki nüvə proqramının yaradılması imkanını verməsi, həmçinin müəyyən şərtlər daxilində uranın zənginləşdirilməsi fəaliyyətinə yol açması ehtimal edilir.
Xəbərdə bildirilir ki, saziş çərçivəsində Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun inkişafında ABŞ şirkətlərinə əsas rol verilməsi planlaşdırılır.
ABŞ şirkətlərinin nüvə layihələrində iştirakı nəzərdə tutulur
İddialara görə, ABŞ və Səudiyyə Ərəbistanının birgə qiymətləndirməsi nəticəsində zəruri hesab edilərsə, Amerika şirkətlərinin krallıq ərazisində uranın zənginləşdirilməsi müəssisəsi qurması da razılaşmaya daxil edilə bilər.
ABŞ rəsmiləri hesab edir ki, bu şərt Vaşinqtona Səudiyyə Ərəbistanının nüvə proqramına nəzarət və təsir imkanları verəcək.
Tramp administrasiyasının nümayəndələrinin fikrincə, belə mexanizm nüvə texnologiyalarından hərbi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün nəzərdə tutulur.
Razılaşma Konqresə təqdim ediləcək
Məlumata görə, sazişin yaxın günlərdə ABŞ Konqresinə təqdim edilməsi gözlənilir.
Səudiyyə Ərəbistanının nüvə proqramı uzun müddətdir Vaşinqtonun diqqət mərkəzindədir. Riyad əvvəllər enerji ehtiyaclarını şaxələndirmək və neftdən asılılığı azaltmaq məqsədilə nüvə enerjisindən istifadə planlarını açıqlamışdı.