BAKI,VOA
Ehtimal olunur ki, Əbu Müslim Xorasani hicri 100-cü (miladi 718-19) ildə İsfahan və ya Mərvdə doğulub. Onun mənşəyi və adı haqqında mənbələrdə fərqli məlumatlar verilir. Öz kəsdirdiyi sikkələrdə adı Abdurrahman b. Müslim şəklində keçsə də, bəzi mənbələrdə İbrahim b. Osman, Quderz və Büzürqmihrin nəvəsi İbrahim, Vendad Hürmüzün oğlu Behzadan olaraq da qeyd edilmişdir. Əbu Müslimin etnik mənşəyi dəqiq məlum deyil. Ərəb olmamaqla yanaşı, türk və ya fars əsilli olduğuna dair də qəti bir məlumat yoxdur. Uşaqlıq illərini Əməvi əleyhdarı siyasi və sosial fəaliyyətlərin mərkəzi olan Kufədə keçirdiyi anlaşılan Əbu Müslim, Əbu Duləf əl-İclinin babası İdris b. Maqilin himayəsində böyümüş, onun oğlu ilə birlikdə oxumuş və Quranı əzbərləmişdir.
Abbasi naqiblərindən Süleyman b. Kəsir və Malik b. Heysəm həccə gedərkən Kufəyə uğramış və İdris ilə İsa b. Maqil qardaşlarının yanında gördükləri Əbu Müslimin zəkasına heyran qalmışdılar. Məkkədə İmam Məhəmməd b. Əli b. Abdullah ilə görüşəndə ona Əbu Müslimdən bəhs etdilər. İlk dəfə 124-cü (741-42) ildə Abbasi dəvətçiləri ilə əlaqə quran Əbu Müslim, Məhəmməd b. Əlinin qısa müddət sonra ölümündən (743) sonra yerinə keçən oğlu İmam İbrahimə təqdim edildi. İbrahim onu öz davasına qazandırdıqdan və yaxşı yetişdirdikdən sonra "Əmir-i Al-i Muhamməd" (Məhəmməd ailəsinin əmiri) unvanı ilə inqilab hərəkatını idarə etmək üçün Xorasana göndərdi (128/745).
Xorasan Əməvilərin xilafət mərkəzindən uzaq olduğu üçün Abbasilər təbliğat fəaliyyətləri üçün buranı baza seçmişdilər. Həmçinin burada Nizari və Yəməni qəbilələri arasındakı mübarizələr zamanı Əməvi xəlifələrinin tərəf tutması nəticəsində bölgədəki otoritələri zəifləmişdi. Lakin Əbu Müslim gəncliyi və soyunun tam bilinməməsi səbəbindən Xorasanda Süleyman b. Kəsir, Qəhtəbə b. Şəbib, Malik b. Heysəm və Əbu Davud Xalid b. İbrahim kimi şiə liderləri tərəfindən şübhə ilə qarşılandı. Süleyman b. Kəsir başlanğıcda hərəkatın liderliyini ona vermək istəmədi. Bu səbəbdən Əbu Müslim Kufəyə dönmək üçün iki dəfə Mərvdən ayrıldı, lakin bəzi şəxslərin müdaxiləsi ilə geri dönərək fəaliyyətinə davam etdi. Bir müddət sonra İmam İbrahim Əbu Müslim üzərində israr edincə, Abbasi naqibləri onu inqilab hərəkatının lideri kimi qəbul etmək məcburiyyətində qaldılar.
Xuzaa qəbiləsinə mənsub ərəblərin yaşadığı Mərvə bağlı bir kənddə məskunlaşan Əbu Müslim özünü Abbasi təbliğatına həsr etdi; iki il boyu Xorasanın müxtəlif şəhərlərini dolaşaraq üsyançıları təşkilatlandırdı.
129-cu ilin (747) baharında təkrar Mərv ətrafına döndü və açıq mübarizə tarixi təyin edilərək tərəfdarlara xəbər göndərildi. Nəhayət, İmam İbrahimin əmri ilə 747-ci ilin iyununda Süleyman b. Kəsir əl-Xuzainin kəndi olan Sifezençdə İmam İbrahimin göndərdiyi qara bayraq və sancaq açıılaraq inqilab hərəkatı rəsmən başladıldı. Ertəsi gün böyük qruplar Sifezençə tərəf yola düşdülər. Bir müddət burada qalan Əbu Müslim, oradan Alinə və sonra Mahuvana keçdi.
Artan qüvvələrinin əksəriyyətini iranlı kəndlilər təşkil edirdi. Lakin komandanlıq heyəti daha çox ərəblərdən ibarət idi. İmam İbrahimin əmri ilə kölələr ağalarını öldürüb silahlarını ələ keçirir, ərəb olmayan ünsürlər də ərəblərə qarşı duyduqları kini hər fürsətdə təmin edirdilər. Əbu Müslimin qüvvələrinin sürətlə artması, Mərvdə illərdir bir-biri ilə mübarizə aparan ərəbləri oyatdı və onlar ortaq düşmənə qarşı birləşmə lüzumunu hiss etdilər. Lakin ərəb qəbilələri arasındakı ixtilaflar çox dərin olduğu üçün Əbu Müslim qurulmaqda olan birliyi asanlıqla pozmağı bacardı.
Əməvilərin son Xorasan valisi Nəsr b. Səyyar bu sürətli gedişat qarşısında ərəb qəbilələrini birləşdirmək üçün əbəs yerə səy göstərirdi. Əbu Müslim ard-arda Merverruz, Herat, Nesa, Ebiverd, Bəlx kimi şəhərləri zəbt etdi. Yəməni qəbilələrin lideri Əli b. Kirmani ilə razılaşdıqdan sonra 9 cəmaziyələvvəl 130 (15 yanvar 748) tarixində Xorasan eyalətinin mərkəzi Mərvi ələ keçirincə, Nəsr b. Səyyar Səraxs, Tus və Nişabura çəkilməyə məcbur oldu. Qəhtəbə b. Şəbibin komandanlığındakı inqilab ordusu ertəsi il Tus yaxınlığında Nəsrin qüvvələrini məğlub etdi və Nəsr Kumisə qaçdı. Artıq Xorasandakı Əməvi qüvvələri çökmüşdü. Əbu Müslim qərargahını Nəsrin tərk etdiyi Nişapura köçürdü. İnqilab orduları iki qol halında qərbə doğru irəliləyərkən, Əbu Müslim Xorasanda vali olaraq qaldı.
Onun buradakı ilk vəzifəsi inqilab səbəbilə pozulan daxili asayişi yenidən təmin etmək idi. İnqilabın uğurla nəticələnməsi və Əməvi sülaləsinin yıxılaraq Abbasilərin xilafətə keçməsi Xorasandakı qarışıqlıqların bitməsinə kifayət etmirdi. Nişaburda Zərdüşt inancını yenidən canlandırmaq istəyən Bihafərid b. Mahfərvədin məcusilərin ruhani sinfinə qarşı şiddətli hücuma keçdi. Məcusilər həm öz dinlərinə, həm də İslama zərərli olan bu şəxsin aradan qaldırılması üçün Əbu Müslimdən kömək istədilər. Əbu Müslimin göndərdiyi qüvvələr Bihafərid təhlükəsini asanlıqla aradan qaldırdı (131/748-49). Bihafərid üsyanının yatırılmasından sonra Buxarada Şərik b. Şeyx əl-Mehri 133-cü (750-51) ildə təhlükəli bir üsyan başlatdı. Şərik, Həzrət Əli övladlarının haqqının tapdalandığını irəli sürərək ətrafına 30.000-dən çox tərəfdar topladı. Üsyanın mərkəzi Buxara idi. Xalq və dövlət idarəçiləri Şəriki dəstəkləyirdilər. Əbu Müslim üsyanın yatırılmasını Ziyad b. Salehə tapşırdı və üsyan qanlı şəkildə yatırıldı. Şəhər üç gün boyu yağmalandı və dağıdıldı.
Şərikin üsyanından dərhal sonra Ziyad b. Saleh 751-ci ilin iyulunda Talas çayı sahilində Çin ordusunu məğlub etdi. Yenə 751-ci ildə Əbu Müslimin Bəlx valiliyinə təyin etdiyi Əbu Davud Xalid b. İbrahim Xuttəl və Kiş üzərinə uğurlu yürüşlər etdi. Bu uğurlar səbəbindən Abbasi ailəsinin üzvləri Əbu Müslimdən çəkinməyə başladılar. Hətta xəlifənin gizli təhriki sonunda Əbu Müslimin komandirlərindən Ziyad b. Saleh ilə Siba b. Numan 135-ci (752-53) ildə üsyan etdilər. Lakin Əbu Müslim bu üsyanları asanlıqla yatırdı.
Gərək inqilabın hazırlanıb uğura çatmasında, gərəksə də inqilabı izləyən illərdə dövlətin ən böyük əyalətlərindən biri olan Xorasandakı qarışıqlıqların aradan qaldırılmasındakı uğurları Əbu Müslimə dövlət daxilində böyük bir etibar və nüfuz qazandırmışdı. Xəlifənin qardaşı Əbu Cəfər (Mənsur) bundan narahatlıq duyduğu üçün xəlifəyə Əbu Müslimi aradan qaldırmağı təklif edir, lakin hər dəfə xəlifə tərəfindən rədd edilirdi. Xüsusən 136-cı (754) ildə Əbu Cəfər ilə birlikdə həccə gedən Əbu Müslimin yolculuq sırasındakı davranışları onunla arasının tamamilə açılmasına səbəb oldu. Ancaq həcc dönüşündə Xəlifə Əbul-Abbas əs-Səffahın vəfatı və Əbu Cəfərin xəlifə olması üzərinə inkişaf edən hadisələr qısa bir müddət üçün bu gərginliyi azaltdı.
Əbu Cəfər xilafətə keçəndə Suriya valisi olan əmisi Abdullah b. Əli b. Abdullah xilafətin öz haqqı olduğunu irəli sürərək üsyan etdi. Üsyançının üzərinə Əbu Müslim göndərildi. İki ordu arasında Nüseybin yaxınlığında meydana gələn şiddətli döyüşdə qalib gələn Əbu Müslim, Əbu Cəfər əl-Mənsuru böyük bir bəladan qurtardı.
Abdullah b. Əli üsyanının yatırılması Xəlifə Mənsura rahat nəfəs aldırsa da, Əbu Müslimin nüfuzunun daha da qüvvətlənməsi onu narahat edirdi. Əslində Mənsur iqtidarın öz ailəsinə keçməsindən bəri böyük nüfuz sahibi olan Əbu Müslimin aradan qaldırılmasını istəyirdi. Abdullah b. Əlinin məğlub olaraq qaçması üzərinə onun xəzinə və mallarını ələ keçirən Əbu Müslimin qüvvəsi daha da artmışdı. Əbu Cəfər əl-Mənsur Əbu Müslimə göndərdiyi bir elçi ilə əvvəlcə Abdullahın üsyanını yatırmaqda göstərdiyi uğura görə təbrik və təşəkkürlərini bildirdi, ardından da xəzinələrin mərkəzə göndərilməsini istədi. Lakin Əbu Müslim buna çox qəzəbləndi. Vəziyyəti öyrənən Əbu Cəfər, Əbu Müslimin Xorasana dönərək bir üsyan çıxarmasından qorxdu. Onun mərkəzə yaxın bir yerdə qalmasını təmin etmək məqsədilə Suriya və Misir valiliklərinin ona verildiyini bildirdi və Dəməşqdə qalmasını əmr etdi. Lakin Əbu Müslim xəlifənin əmrini dinləmədi və ordusu ilə birlikdə Xorasana doğru yola çıxdı.
Bunun üzərinə Mənsur arxasından göndərdiyi bir heyətlə xidmətlərinə görə ona şükranlarını bildirdi və onu mərkəzə dəvət etdi. Əbu Müslim bu təklifi də rədd edincə tamamilə təşvişə düşən Mənsur, ailəsinin irəli gələnlərini xahişçi olaraq ona göndərdi. Özü də Ənbardan Mədainə getdi. Bu son heyət onu inandırmağa müvəffəq oldu. Əbu Müslim ordusunu Hulvanda qoyub 3000 sadiq adamı ilə xəlifənin olduğu Rumiyəyə gəlməyə razı oldu. Başda xəlifə olmaqla bütün dövlət əyanları Əbu Müslimi qarşıladılar. Mənsur ona son dərəcə yaxşı davranaraq şübhələrini yox etdi. Əbu Müslimin yanındakı 3000 nəfər Rumiyə xaricində qərargah qurmuşdu. Nəhayət, 24 şaban 137 (12 fevral 755) tarixində xəlifənin Əbu Müslimlə danışdığı bir sırada əvvəlcədən saraya yerləşdirilən adamlar gizləndikləri yerdən çıxaraq Əbu Müslimi öldürdülər. Əbu Cəfər Əbu Müslimin cəsədinin Dəcləyə atılmasını əmr etdi. Onun komandirlərini sakitləşdirmək üçün də özlərinə rüşvət verdi. Həmçinin bir xütbə oxuyaraq Əbu Müslimi itaətsizliyi üzündən öldürtdüyünü söylədi.
Qısaboylu, genişalınlı, əsmər dərili bir şəxs olan Əbu Müslim soyuqqanlı, amansız, sir saxlayan, comərd, ağıllı və uzaqgörən bir dövlət xadimi kimi tanınmışdı. Yaxşı təhsil görmüşdü, çox yaxşı dərəcədə ərəbcə və farsca bilirdi. Miras olaraq yalnız beş xidmətçi qız buraxdığı rəvayət edilir. Mənbələrdə Fatimə və Əsma adlı iki qızı ilə Yasir adında bir qardaşından bəhs edilməkdədir.
Əbu Müslim İslam tarixinin mühüm şəxsiyyətləri arasında yer alır. Əməvi sülaləsinin yıxılmasında və Abbasilərin xilafətə keçməsində oynadığı rol səbəbiylə ona “naqilüd-dövlə, sahibüd-dövlə, mümitüd-dövlə, muhyid-dövlə” (dövləti köçürən, dövlətin sahibi, dövləti öldürən, dövləti dirildən) unvanları verilmişdir. Siyasi və hərbi uğurları yanında Xorasanın inkişafı yolunda da böyük addımlar atmışdır. Mərvdə və Nişaburda məscidlər tikdirmiş, Mərv və Səmərqəndin hasarlarını təmir etdirmişdir. Əbu Müslim İran, Özbəkistan, Azərbaycan, Türkmənistan və Dağıstanda olduğu kimi, Anadolu Türk xalqı arasında da mübarək qəhrəmanlardan biri qəbul edilmişdir. O, daima haqqı müdafiə edən, haqsızlığa və zülmə qarşı çıxan bir şəxs olaraq göstərilir. Onun qəhrəmanlıqları haqqında yazılan və mifoloji ünsürlər ehtiva edən xalq hekayələri və dastanlar xalq arasında zövqlə oxunmuşdur. Dünyanın müxtəlif kitabxanalarında əlyazma nüsxələri olan bu xalq hekayələri və dastanlar cildlərlə ifadə edilməkdədir. Corci Zeydanın "Əbu Müslim əl-Xorasani" adlı tarixi romanı Zəki Müqamiz tərəfindən türkcəyə çevrilmişdir.
Əbu Müslimin soyundan gəldiyini iddia edən və ya onun imamlığına inanan bəzi şəxslər və qruplar ölümündən sonra siyasi-dini üsyanlar başlatmış və intiqamını almaq üçün səfərbər olmuşlar. Bunlar arasında İshaq (Türk), Sinbad, Müqənnə əl-Xorasani kimi şəxslərlə Rizamiyyə, Xürrəmdiniyyə (Xürrəmilər), Əbu Müslimiyyə kimi firqələr sayıla bilər. Əbu Müslimin həmçinin ahilər və bəktaşilər nəzdində də böyük etibarı vardı.