BAKI,VOA Orxan Qədirzadə
1901-ci ildə Almaniya imperatoru II Vilhelm Çindəki “Boxçular üsyanı”nın yaratdığı böhran fonunda gözlənilməz addım ataraq Osmanlı sultanı II Əbdülhəmidə müraciət etdi. Kayzer müsəlmanların üsyana daha geniş şəkildə qoşulmasının qarşısını almaq üçün xəlifənin dini nüfuzundan istifadə etməsini istəyirdi.
Hadisə Osmanlı imperiyasının Çinlə bağlı apardığı ən qeyri-adi diplomatik missiyalardan birinə çevrildi. 18 aprel 1901-ci ildə Rusiyaya məxsus gəmi İstanbuldan Çinə doğru yola düşdü. Gəmidə II Əbdülhəmidin sarayına bağlı zabitlərdən Həsən Ənvər Cəlaləddin paşanın rəhbərlik etdiyi 9 nəfərlik Osmanlı nümayəndə heyəti vardı.
Həmin dövrdə Çin 1899-1901-ci illərdə davam edən “Boxçular üsyanı”nın ağır nəticələrini yaşayırdı. Xarici dövlətlərin təsirinə və xristian missionerlərinin fəaliyyətinə qarşı yönələn üsyan nəticəsində Pekində diplomatik nümayəndəliklər mühasirəyə alınmış, ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Fransa və digər dövlətlərdən ibarət koalisiya Çin ərazisinə hərbi qüvvələr göndərmişdi.
Almaniya üçün Çin niyə bu qədər vacib idi?
Berlinin narahatlığı təsadüfi deyildi. Almaniya 1897-ci ildə Şandun əyalətindəki Tszyacou körfəzini işğal etmiş, daha sonra Çin hökumətindən ərazinin 99 il müddətinə istifadəsini əldə etmişdi. Tsinqdao limanı Almaniyanın Şərqi Asiyadakı hərbi və iqtisadi dayağına çevrilmiş, liman dəmir yolları, kömür mədənləri və dəniz kabel şəbəkələri vasitəsilə Çinin daxili bölgələri ilə əlaqələndirilmişdi.
Üsyan Almaniyanın bu yeni təsir zonasını, ticarət yollarını və investisiyalarını təhlükə altına almışdı. Böhranın daha da dərinləşməsinə 1900-cü ilin 20 iyununda Pekində Almaniya diplomatı Klemens fon Kettelerin öldürülməsi səbəb oldu. Bundan sonra II Vilhelm Çinə əlavə qüvvələr göndərdi və alman marşal Alfred fon Valderze beynəlxalq koalisiya qüvvələrinin rəhbəri təyin edildi.
Çindəki müsəlman hərbçilər Avropanı niyə qorxutdu?
Üsyan zamanı Çin ordusunun Qansu qüvvələri də xarici qoşunlara qarşı döyüşürdü. Bu birliklərin tərkibində minlərlə hui müsəlmanı vardı. Onlar Pekində diplomatik məhəllənin mühasirəsində, Lanfanq ətrafında və paytaxtın girişlərində xarici qüvvələrlə döyüşmüşdülər.
Avropalı dövlətlər üçün bu vəziyyət üsyana əlavə dini ölçü qazandırdı. Diplomatik dairələrdə Çin ərazisində yaşayan milyonlarla müsəlmanın vahid dini-siyasi qüvvəyə çevrilə biləcəyi barədə narahatlıq yarandı.
Məhz bu məqamda II Vilhelm Osmanlı xəlifəsinin nüfuzundan istifadə etmək ideyasını ortaya atdı.
Kayzerin təklifi: xəlifə Çin müsəlmanlarını sakitləşdirsin
II Vilhelm ilə II Əbdülhəmid arasında əvvəlki illərdə yaxın münasibətlər formalaşmışdı. Alman imperatoru iki dəfə İstanbulu ziyarət etmiş, 1898-ci ildə Osmanlı torpaqlarına geniş səfəri zamanı Qüds, Beyrut və Dəməşqdə olmuşdu.
Almaniya hesab edirdi ki, Osmanlı sultanının xəlifə kimi dini nüfuzu Avropa ordularının və konsulluqlarının çatmadığı müsəlman icmalarına təsir göstərə bilər.
II Əbdülhəmid isə Berlinlə münasibətləri qorumaqla yanaşı, müsəlmanlara qarşı hərbi müdaxilədə Almaniyaya yardım edən tərəf kimi görünmək istəmirdi. Buna görə də İstanbul hərbi qüvvə deyil, dini-diplomatik nümayəndə heyəti göndərməyi seçdi.
Nümayəndə heyətinə Çin müsəlmanlarının alimləri və nüfuzlu şəxsləri ilə əlaqə yaratmaq, onlara sultanın zorakılıqdan uzaq durmaq çağırışını çatdırmaq tapşırılmışdı. Şeyxülislam Cəmaləddin Əfəndinin imzaladığı müraciətdə müsəlmanların Çin imperatoruna qarşı üsyana qoşulmaması və yeni qarşıdurmalardan uzaq durması tövsiyə olunurdu.
Lakin nümayəndə heyətinin missiyası bununla bitmirdi. Onlar müsəlman icmalarının vəziyyətini öyrənməli, Çin və Şərqi Asiyada xarici dövlətlərin mövcudluğu barədə məlumat toplamalı və İstanbul hökumətinə hesabat göndərməli idilər.
Almaniya missiyadan imtina etdi, amma nümayəndə heyəti artıq yolda idi
Tarixin ironiyası bundan ibarət oldu ki, Osmanlı nümayəndə heyəti hələ Hind okeanını keçərkən Berlin bu missiyaya ehtiyac qalmadığını bildirdi.
4 may 1901-ci ildə Almaniya Xarici İşlər Nazirliyi Osmanlı nümayəndəsinə missiyanın artıq vacib olmadığını çatdırdı. Alman marşal Valderzenin hesablamalarına görə, müsəlman generalı Dunq Fuşianın sürgün edilməsi və onun qüvvələrinin dağıdılması yeni silahlı müsəlman hərəkatı təhlükəsini azaldırdı.
Lakin artıq gec idi. Nümayəndə heyəti İstanbuldan çıxmış və uzun dəniz yoluna başlamışdı. Missiyanı geri çevirmək II Əbdülhəmid üçün siyasi baxımdan əlverişsiz görünə bilərdi. Buna görə gəmi Çinə doğru yoluna davam etdi.
Nümayəndə heyəti 3 iyun 1901-ci ildə Şanxaya çatdı. Burada onları 200-300 nəfərdən ibarət Çin müsəlmanları qrupu qarşıladı. Osmanlı nümayəndələri şəhərdəki müsəlman icması ilə əlaqə yaratsalar da, Pekinə və ya Çinin daxili bölgələrinə gedə bilmədilər.
Fransa, Böyük Britaniya və Rusiya nümayəndə heyətini yaxından izləyirdi. Fransa Osmanlı heyətinin Çinin cənub-qərbində və özünün Hind-Çindəki müstəmləkə ərazilərinə yaxın bölgələrdə müsəlman hərəkatına təsir göstərə biləcəyindən ehtiyat edirdi.
Britaniya isə Hindistanda milyonlarla müsəlmanın yaşadığı bir vaxtda xəlifəlik institutunun siyasi təsir qazanmasından narahat idi. London Osmanlı nümayəndəsinə müsəlman əsgərlərin xidmət etdiyi hind hərbi hissəsini göstərməklə onların Britaniya taxtına bağlılığını nümayiş etdirməyə çalışdı.
Rusiya da missiyanı diqqətlə izləyirdi. Sonda nümayəndə heyətinin geri dönməsinə kömək edən əsas tərəflərdən biri məhz Rusiya oldu. Ənvər paşa Rusiyanın təklif etdiyi Yaponiya-Vladivostok-Sibir marşrutunu seçərək 22 iyunda Şanxayı tərk etdi.
Osmanlının Çindəki izi yalnız diplomatik missiyadan ibarət olmadı
Nümayəndə heyətinin missiyası geniş siyasi nəticələr verməsə də, Osmanlının Çin müsəlmanları ilə əlaqələrinin daha əvvəl başladığı ortaya çıxır.
1873-cü ildə Kaşqarda hakimiyyət quran Məhəmməd Yaqub bəy Osmanlı sultanı Əbdüləzizdən legitimlik və hərbi yardım istəyərək öz hakimiyyətini gücləndirməyə çalışmışdı. İstanbul ona titul, bayraq, fərman, silah və təlimçilər göndərmişdi. Kaşqarda Osmanlı bayrağının qaldırılması və sultanın adının xütbələrdə çəkilməsi xəlifəliyin Çin-Türkistan coğrafiyasındakı simvolik təsirinin ən mühüm nümunələrindən biri oldu.
Lakin Osmanlı bu əraziləri uzunmüddətli şəkildə müdafiə edə bilmədi. Çin ordusunun 1876-cı ildən etibarən Şərqi Türkistana hücumu fonunda Yaqub bəyin hakimiyyəti dağıldı və 1877-ci ildə Kaşqar yenidən Tsin sülaləsinin nəzarətinə keçdi.
Əbdülhəmidin təsiri Çində məktəbə də çevrildi
Osmanlı ilə Çin müsəlmanları arasında əlaqələrin daha uzunmüddətli nəticəsi isə təhsil sahəsində ortaya çıxdı.
1902-ci ildən sonra Məhəmməd Əli Əfəndi Pekinə gedərək burada hui müsəlmanlarının tanınmış alimi Vanq Kuanla əlaqə yaratdı. Vanq Kuan müsəlmanların ənənəvi dini təhsillə yanaşı, Çin dili, müasir elmlər və dövlət idarəçiliyində lazım olan bilikləri də mənimsəməsinin vacibliyini müdafiə edirdi.
Vanq Kuan 1905-1906-cı illərdə Həcc ziyarətinə getdikdən sonra Misir və İstanbula da səfər etdi. O, II Əbdülhəmidlə görüşərək Çin müsəlmanlarının təhsil vəziyyəti barədə məlumat verdi və məktəblər üçün kitab və müəllimlər istədi.
Sultan onun müraciətinə cavab olaraq dini və təhsil kitabları göndərdi, həmçinin Osmanlı müəllimlərinin Çinə getməsinə şərait yaratdı. Bunun nəticəsində Pekində müsəlmanların dini biliklərini Çin dili və müasir fənlərlə birləşdirən yeni təhsil modeli formalaşmağa başladı.
1907-ci ildə məsciddə müəllim hazırlığı məktəbi yaradıldı. 1908-ci ildə isə müasir proqram əsasında ibtidai məktəb fəaliyyətə başladı. Burada dini biliklərlə yanaşı, Çin dili və ümumi fənlər də tədris olunurdu.
Bu model Osmanlı nüfuzunun Çində hərbi və ya siyasi hakimiyyət şəklində deyil, təhsil və mədəniyyət vasitəsilə davam etməsinə imkan verdi.
Osmanlı müəllimi Kaşqarda məktəb qurdu
1914-cü ildə Osmanlıdan Ahmet Kamal Kaşqara yaxın Atuş bölgəsinə gəldi. O, yerli müsəlmanların istəyilə “İttihadiyyə Darülmüəllimin” adlı müəllim hazırlığı məktəbinin yaradılmasına rəhbərlik etdi.
Məktəbdə üçillik proqram çərçivəsində İslam elmləri, ərəb, fars və türk dilləri ilə yanaşı, tarix, coğrafiya, hesab, təbiət elmləri, pedaqogika, rəsm və bədən tərbiyəsi tədris olunurdu.
Lakin Osmanlı müəlliminin fəaliyyəti Çin hakimiyyətinin diqqətini çəkdi. Ahmet Kamal 1915-ci ildə həbs edildi, daha sonra yenidən saxlanılaraq ölkədən çıxarılması barədə qərar verildi.
Buna baxmayaraq, onun yetişdirdiyi müəllimlər bölgədə yeni təhsil ideyalarının yayılmasına təsir göstərdilər.
Kayzerin bir istəyi Osmanlının gözlənilməz izinə çevrildi
1901-ci ildə Almaniyanın xahişi ilə başlayan missiya qısa müddətdə öz ilkin məqsədindən uzaqlaşdı. Berlin Çin müsəlmanlarını sakitləşdirmək istəyirdi, II Əbdülhəmid isə xəlifəliyin dini nüfuzunu sərhədlərdən kənarda istifadə etməyə çalışırdı.
Lakin nəticədə ortaya daha fərqli mənzərə çıxdı: Osmanlı nümayəndələri Çinə çatdı, Avropa dövlətlərinin diplomatik diqqətini cəlb etdi, Pekində təhsil əlaqələrinin yaranmasına təsir göstərdi və Kaşqarda müasir müsəlman məktəblərinin formalaşmasına töhfə verdi.
Bu tarix göstərir ki, XX əsrin əvvəllərində Osmanlı imperiyasının Çindəki təsiri hərbi gücə deyil, daha çox xəlifəlik nüfuzuna, dini əlaqələrə, təhsilə və mədəni diplomatiyaya əsaslanırdı. İmperiyanın Çində səfirliyi belə olmadığı halda onun adı və simvolik nüfuzu minlərlə kilometr uzaqdakı müsəlman icmalarına çatırdı.