Türk Dövlətləri

Türkiyənin Kocaeli vilayətində aşkar edilən Rusiya mənşəli pilotsuz uçuş aparatının (PUA) yerli sakin tərəfindən ağacdan balta ilə endirildiyi məlum olub. Kəşfiyyat məqsədilə istifadə olunduğu ehtimal edilən “Orlan-10” tipli PUA kənd ərazisinə düşdükdən sonra hadisə yerinə təhlükəsizlik qurumları cəlb edilib. İlkin məlumatlara əsasən, PUA-nın qalıqları ərazi sakinləri tərəfindən aşkarlanıb.

Türkiyə üzrə həyata keçirilən şəhərsalma yenilənməsi proqramları çərçivəsində 2 milyon 333 min bina yenilənmə prosesinə cəlb olunub. Bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi məlumat yayıb. Məlumata görə, təbii fəlakət risklərinə qarşı daha təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılması məqsədilə 130 min riskli və ehtiyat tikinti sahəsində layihələr icra edilir. 2012-ci ildən bu yana bu layihələr çərçivəsində 2 milyon 84 min binanın yenilənməsi başa çatdırılıb, 249 min bina üzrə isə tikinti işləri davam etdirilir.

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Türkiyə Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin məlumatına görə, hadisə İzmit rayonunun Çubuklubala məhəlləsi ərazisində qeydə alınıb. İlkin araşdırmalar nəticəsində tapılan hava vasitəsinin Rusiya istehsalı, kəşfiyyat və müşahidə məqsədilə istifadə olunan “Orlan-10” tipli PUA olduğu müəyyən edilib.

ABŞ-nin Suriyaya qarşı Sezar Qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə tərəfindən müsbət qarşılanıb. Rəsmi Ankaradan qərarla bağlı ardıcıl açıqlamalar verilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları aradan qaldırmasına dair sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu addım Suriyanın yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlığı daha da təşviq edərək ölkədə sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verə bilər.

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN NATO-ya üzv olan bir ölkə ilə elektron müharibə sistemlərinin birbaşa satışı üzrə 410 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. Açıqlamada bildirilib ki, NATO üzvü olan müştəri ilə elektron müharibə sistemlərinin birbaşa satışını nəzərdə tutan ixrac müqaviləsinin ümumi dəyəri 410 milyon ABŞ dollarıdır.

Türkiyə Respublikası ilə Fələstin Dövləti arasında imzalanmış “Keçici Serbest Ticarət Anlaşması” rəsmi olaraq təsdiqlənib. Bu barədə qərar 18 dekabr 2025-ci il tarixli Resmî Gazetenin 33112 saylı buraxılışında dərc edilib. Qərara əsasən, 25 dekabr 2024-cü ildə keçirilmiş Ortak Komitə iclasında qəbul olunan və 1/2024 saylı qərarla müşayiət edilən notalar Türkiyə hökuməti tərəfindən 5301 saylı Qanunun 1-ci maddəsi və 9 saylı Prezident Kararnaməsinin 2-ci və 3-cü maddələrinə uyğun şəkildə təsdiq olunub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 32 vilayətində keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı DEAŞ-la əlaqəli olduğu və quruma maliyyə dəstəyi göstərdiyi ehtimal edilən 170 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda əməliyyatların Ankara, İstanbul və İzmir də daxil olmaqla 32 vilayəti əhatə etdiyini bildirib.

ABŞ, Qətər, Türkiyə və Misir rəsmiləri Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə etmək üçün cümə günü Mayamidə bir araya gələcək. Məlumata görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Qətər, Misir və Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə danışıqlar aparacaq. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Qətərdən baş nazir Məhəmməd bin Əbdülrəhman Al-Tani, Misirdən isə xarici işlər naziri Bədr Əbdülati iştirak edəcək.

Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb. Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror strukturu prosesi uzadaraq vaxt qazanmağa çalışır. Nazir bu fikirləri TRT World kanalında yayımlanan “One on One” proqramında səsləndirib. Fidanın sözlərinə görə, Türkiyə, region ölkələri, ABŞ və digər tərəflər İŞİD-lə mübarizə gündəliyini irəli aparmaqda davam edir, lakin bu proses Suriya dövlətinin bərpasına mane olacaq terror elementlərinə imkan verməməlidir. O vurğulayıb ki, Ankara SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası prosesinin tempindən narazıdır və bu strukturun regional böhranlar və İsrail kimi amillərdən ümid gözlədiyini düşünür.

Türkiyənin ASELFLIR-600 kimi elektrooptik və kəşfiyyat sistemlərinin inkişafı Şərqi Aralıq dənizi və Yaxın Şərqdə qüvvələr balansını və strateji çəkindirmə arxitekturasını necə dəyişdirir? Bu texnoloji dönüş Ankara üçün məhdud müdafiə muxtariyyətindən müstəqil kəşfiyyat-zərbə dövrəsinə keçidin siqnalıdırmı? ASELFLIR-600 elektrooptik sisteminin hazırlanması və uğurlu sınaqları təkcə mühəndis uğuru deyil. Bu, Türkiyənin müdafiə sənayesində xarici texnoloji asılılığı azaltmaq üzrə uzunmüddətli strategiyasının praktik təcəssümüdür. Hələ Kanada WESCAM sistemlərinə embarqo tətbiq etməzdən öncə formalaşmağa başlayan bu doktrina, 44 günlük Azərbaycan-Ermənistan müharibəsindən sonra tətbiq edilən məhdudiyyətlərlə sürətlənərək dövlət səviyyəsində “texnoloji suverenlik” kursunun bərqərar olmasına gətirib çıxardı.

Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Başçısı (SSB) Haluk Görgün bildirib ki, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı bu il 8,5 milyard dollara çatıb. İstanbul Sənaye Palatası (İSO) və SAHA İstanbul tərəfindən təşkil olunan və Türkiyənin milli və yerli müdafiə sənayesinə töhfə verməyi hədəfləyən “Müdafiə Sənayesi Görüşləri” tədbiri bu il yeddinci dəfə keçirilib. Zirvədə sektorun müxtəlif sahələrindən nümayəndələr iştirak edib.