Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin son davranışlarını kəskin tənqid edərək, hakim partiyanın və Cumhur İttifaqının ölkədə siyasi sabitliyin əsas dayağı olduğunu bildirib. Ərdoğan qlobal geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türkiyənin sabitliyinin məhz mövcud siyasi ittifaqla təmin olunduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq sistemdə qaydalar dəyişir, yeni böhranlar yaranır və belə şəraitdə təcrübəli və peşəkar kadrların idarəçilikdə olması mühüm əhəmiyyət daşıyır.
Türk Dövlətləri
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada son vəziyyətlə bağlı açıqlama yayıb. Nazirlikdə keçirilən həftəlik brifinqdə bildirilib ki, 30 yanvar tarixində Suriya hökuməti ilə SDQ arasında imzalanmış razılaşmanın icrası sahədə yaxından izlənilir. “Suriya Hökuməti ilə SDQ arasında 30 yanvarda imzalanan razılaşmanın tətbiqini sahədə diqqətlə izləməyə davam edirik.” - deyə rəsmi açıqlamada qeyd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Nəqliyyat Nazirləri Toplantısına videomüraciət ünvanlayaraq, üzv ölkələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Ərdoğan bildirib ki, coğrafi məsafələrin əvvəlki əhəmiyyətini itirdiyi, lakin strateji bağlantıların daha da dəyər qazandığı bir dövrdə İslam dünyasının böyük potensialı mövcuddur. Onun sözlərinə görə, bu potensialdan tam istifadə etmək və coğrafi üstünlükləri strateji gücə çevirmək üçün effektiv, etibarlı və inteqrə olunmuş nəqliyyat şəbəkələri zəruridir.
Sudan Ordusunun arsenalında yer alan "Bayraktar AKINCI" Hücum Tipli Pilotsuz Uçuş Aparatı Cənubi Kurdufan yaxınlığında keçirilən əməliyyatda strateji uğura imza atıb. Əməliyyat zamanı Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus Çin istehsalı olan "FK-2000" Hava Hücumundan Müdafiə Sistemi ROKETSAN mühimmatı ilə vurularaq sıradan çıxarılıb. Qeyd edək ki, "FK-2000" sistemi Rusiyanın "Pantsir" kompleksinə bənzər imkanları ilə tanınır və həm zenit toplarına, həm də yer-hava tipli raketlərə sahibdir.
Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq keçirilən andiçmə mərasimi gərgin anlarla yadda qalıb. Ədliyyə naziri Akın Gürlek and içmək üçün kürsüyə dəvət olunduğu zaman Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri kürsüyə doğru yürüş edərək andiçməyə mane olmağa çalışıblar. Müxalifət qrupunun bu addımı parlamentdə gərginliyi pik həddə çatdırıb.
Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan yerli geyiminə görə təhqirə məruz qalan Eskişehir vilayətinin Mihalgazi rayonunun bələdiyyə sədri Zeynep Güneş Akgünə dəstək nümayiş etdirib. Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısı çərçivəsində Zeynep Güneş Akgün ilə görüşüb.
9 fevral 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun dəstəyi ilə təşkil olunan “Türk Dünyası Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”na start verilib.
Türkiyənin ilk pilotsuz dəniz vasitəsinin ixracını həyata keçirən ULAQ Global beynəlxalq uğurunu Səudiyyə Ərəbistanına daşıyıb. SAMI Group-un törəmə şirkəti və Dövlət İnvestisiya Fonduna (PIF) məxsus SAMI Autonomous Company ilə ULAQ Global Autonomous Systems arasında Ər-Riyadda keçirilən World Defense Show 2026 çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkəyə səfər edən Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatı qəbul edib. Ömər Bolat Türkmənistanın daimi neytrallıq statusunun regionda sülhün möhkəmləndirilməsində mühüm əhəmiyyətini qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında paytaxtda Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirakının iki ölkə arasında siyasi-diplomatik münasibətlərin yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini bildirib.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək. Rəcəb Tayyib Ərdoğan ilin əvvəlindən etibarən 11 ölkə lideri ilə görüş keçirib və diplomatik təmaslarını davam etdirir. Miçotakis təxminən iki ildən sonra Prezident Kompleksində qəbul olunacaq.
Türkiyənin daxili işlər naziri vəzifəsinə yeni təyin olunan Mustafa Çiftçi, bu mühüm missiyaya başlaması ilə bağlı ilk rəsmi açıqlamasını verib. O, üzərinə götürdüyü məsuliyyətin böyüklüyünü vurğulayaraq: “Çox ağır bir vəzifədir, dua gözləyirəm” – deyə bildirib. O bildirib ki, iki il yarımlıq fəaliyyəti başa çatıb və Ərzurumdan “vəzifəsini yerinə yetirməyin verdiyi mənəvi rahatlıqla” ayrılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə rəsmi qəzetdə ("Resmi Gazete") dərc olunan qərara əsasən, ölkə kabinetində iki mühüm təyinat reallaşıb. Türkiyə Prezidenti tərəfindən həyata keçirilən kabinet dəyişikliyi nəticəsində Daxili İşlər naziri Ali Yerlikayanın yerinə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib. Eyni zamanda, Ədliyyə naziri Yılmaz Tunç yerinə İstanbul Baş prokuroru Akın Gürlek gətirilib.