#Türkiyə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub. “Bu ilin oktyabr ayında Türkiyə 840 milyon 857 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 9 milyard 521 milyon 88 min dollar məbləğində tekstil ixrac edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4–5 noyabr tarixlərində Finlandiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və parlament sədri Yussi Halla-Aho ilə görüşəcək. Diplomatik mənbələrdən bildirilib ki, Hakan Fidan bu ilin may ayında Antalyada keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Finlandiya xarici işlər nazirini Türkiyədə qəbul etmişdi.

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb. Nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 41-ci İSEDAK Toplantısının açılış mərasimində çıxış edib. O, çıxışında Sudandakı mülki əhaliyə qarşı törədilən qırğınlara sərt reaksiya göstərərək İslam dünyasını həmrəyliyə çağırıb. Prezident bildirib ki, hazırda İslam aləmi vicdan, iradə və dərin düşüncə baxımından çox çətin bir sınaq dövründən keçir. “Bu dövrdə bir-birimizə daha sıx bağlı olmalı, hamımızı maraqlandıran problemlərin üzərinə qətiyyət və soyuqqanlılıqla getməliyik.” - deyə Ərdoğan qeyd edib.

Qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayı 1 milyon 290 min nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Suriyaya könüllü geri dönüşlərlə bağlı sosial media hesabında etdiyi paylaşımında bildirib. Nazir bildirib ki, 8 dekabr 2024-dən bu günə qədər isə 550 min suriyalı öz ölkəsinə qayıdıb. Nazir həmçinin qeyd edib ki, Suriya daxilində 8 dekabr 2024-dən sonra yaşanan siyasi dəyişikliklər geri dönüşləri sürətləndirib. Nazir Türkiyənin qaçqınlara dəstəyini xatırladaraq “zülm, aclıq və müharibə şəraitində qalan insanlara heç vaxt arxa çevirmədik, onların səsini eşitməməzlikdən gəlmədik. Həmişə haqqın və məzlumun yanında olduq.”- deyib.

ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.