#Rusiya-Ukrayna müharibəsi

Rusiyaya bağlı “KillNet” və “Beregini” xaker qrupları Ukraynanın ən iri sığorta şirkətlərinin məlumat bazalarına kiberhücum edərək milyonlarla sənədi ələ keçirib. Kiberhücum nəticəsində Ukraynanın altı böyük sığorta şirkətinin məlumat bazası sındırılıb və fiziki, hüquqi şəxslərə məxsus 10 milyondan artıq sənəd paketi yüklənib.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.

ABŞ Dövlət Departamenti, Ukraynaya təxminən 825 milyon dollar dəyərində “Havadan Təhvil Verilən Sursatlar” və əlaqəli logistik avadanlıqları əhatə edən hərbi satışa icazə verib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumata görə, Ukrayna 3 min 350 ədəd Uzun Mənzilli Hücum Sursatı (ERAM) və bu sistemlərlə uyğun Qlobal Pozisiya Müəyyənetmə Sistemləri də daxil olmaqla müxtəlif hərbi avadanlıqların tədarükünü istəyib. Satış paketi raket konteynerləri, ehtiyat hissələri, texniki sənədlər, proqram təminatı, təlim və digər logistik dəstəyi də əhatə edir.