Mərakeş folklorunda əsrlər boyu uşaqları qorxutmaq üçün xatırlanan və keçi ayaqlı, şirnikləndirici bir varlıq kimi təsvir edilən məşhur "Aişə Qəndişə" obrazı yeni tarixi-fentezi romanında antikolonial müqavimət simvoluna çevrilib. Mərakeş əsilli britaniyalı yazıçı Sürəyya Buazzavinin "Orbit Books" nəşriyyatında çap olunan debüt romanı "Aişə" (Aicha) bu mifik personajı işğala qarşı mübarizə aparan gənc qız obrazında yenidən canlandırır.
Müəllif uşaqlıq nağıllarının arxasında duran tarixi araşdırarkən bu mifin Mərakeş torpaqlarına yönəlmiş Portuqaliya və İspaniya işğalına qarşı müqavimətdən qaynaqlandığını kəşf edib. Hadisələr sultanın işğalçıları qovmaq üçün şəhəri mühasirəyə almasından əvvəlki səkkiz gün ərzində cərəyan edir. Romanda qəhrəmanın qəzəbi və zorakı müqaviməti zalıma qarşı qanuni vasitə kimi əsaslandırılır; eyni zamanda Aişə ailəsi, sevdikləri və doğma yurdu olan real bir insan kimi təqdim edilir.
Əsəri tarixi bazaya oturtmaq üçün Buazzavi Portuqaliyanın Mərakeş sahillərindəki hərbi mövcudluğunu, Seuta fəthinin son illərini və Əl-Cədidə limanının mühasirəsini, o cümlədən 1769-cu ilə aid arxiv xəritələrini dərindən araşdırıb. Yazıçı daha sonra araşdırmalarını İspaniya və Fransa işğalları, Əlcəzair istiqlal müharibəsi, Fələstinin işğalı və Cənubi Afrikadakı aparteid rejiminə qədər genişləndirib.
Kitabın digər diqqətçəkən xüsusiyyəti Mərakeş ərəbcəsi olan "dəricə" dialektinin tərcüməsiz saxlanılması və İslamın qeyb, cin inanclarının, eləcə də Quran ayələri ilə qorunma rituallarının fentezi mühitinə təbii şəkildə inteqrasiya edilməsidir. Müəllif Qərb oxucusunun xəyali kitablarda ("Aclıq oyunları" və s.) müqaviməti sevib real həyatda Fələstindəki soyqırım qarşısında səssiz qalmasını tənqid edərək, hadisələri bilərəkdən real Mərakeş torpaqlarında cərəyan etdirdiyini vurğulayır. Buazzavi oxucuların bu kitabdan Fələstin və Sudan üçün müqavimət ruhu almasını arzuladığını bildirir.