#Trampın Qəzza planı

Buna icazə verməyəcəyəm. Netanyahu ilə danışdım, İsrailin Qərb Şəriəni ilhaq etməsinə icazə verməyəcəyəm. Bu qədər kifayətdir. Artıq dayanma vaxtıdır. ABŞ Prezidenti Tramp, Ağ Evdəki Oval Ofisdə keçirdiyi bir imza mərasimində gündəmə dair sualları cavablandırarkən, işğal altındakı Qərb Şəriə ilə bağlı açıqlama verib. Tramp bu gün bəzi Yaxın Şərq liderləri və İsrail Baş naziri Benyamin Netanyahu ilə danışdığını xatırladaraq, Qəzza və Qərb Şəriə ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.

ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs tələb edən qətnamə layihəsini veto edib. Qətnamə eyni zamanda İsraildən humanitar yardımların qarşısındakı bütün məhdudiyyətləri qaldırmağı və HƏMAS da daxil olmaqla fələstinli qrupların əlində saxlanılan girovların azad edilməsini tələb edirdi. Qətnamə layihəsi Şuranın 15 üzvündən seçilmiş 10 üzv tərəfindən hazırlanmışdı və səsvermədə 14 lehinə, 1 əleyhinə nəticə əldə olunmuşdu. ABŞ-ın vetosu sənədin qəbulunu əngəllədi. Bu, Qəzza müharibəsi başlayandan bəri Vaşinqtonun altıncı veto qərarıdır.

İsrail Maliyyə Naziri Batseliel Smotriç, Qəzza Zolağının tam işğal və ilhaq edilməsini müdafiə edir. O, 7 oktyabr 2023-dən bəri İsrailin hücumlarında 65 mindən çox Fələstinlinin həyatını itirdiyi Qəzza’da zəngin bir daşınmaz əmlak qəniməti olduğunu və bu qəniməti amerikalılarla paylaşacaqlarını bildirib. İsrail dövlət televiziya kanalı KAN-ın məlumatına görə, Smotriç, Əmlak Mərkəzi Şəhər Yenidənqurma Zirvəsində Qəzza Zolağında qanunsuz məskunlaşmanın olub-olmayacağı sualına cavab verib.

İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb. Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.

İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə yönələn quru hücumunu genişləndirərək intensiv hava zərbələri endirib. Hücumlar nəticəsində azı 17 fələstinli, o cümlədən 7 nəfər Qəzza şəhərində həlak olub, onlarla insan yaralanıb. Fələstin rəsmi agentliyi “Vafa”-nın məlumatına görə, Xən Yunusun Məvasi bölgəsində yerləşən qaçqın çadırına endirilən zərbədə eyni ailədən 3 nəfər həyatını itirib. Mərkəzdə, Nuseyrat düşərgəsində isə bir ailənin evi hədəfə alınaraq ata, hamilə ana və qız övladı öldürülüb. Qəzzanın cənubunda Tel əl-Həva məhəlləsində yerləşən yaşayış mənzilinə hücum zamanı da 2 nəfər ölüb, digərləri yaralanıb.

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb. Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.

Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza şəhərinə quru hücuma başlamasının ardından beynəlxalq ictimaiyyəti “fövqəladə və təcili müdaxilə”yə çağırıb. Nazirliyin bəyanatında bildirilib ki, Qəzzada baş verənlər mülki əhalinin qəsdən hədəfə alınması, şəhərin kütləvi məzarlığa çevrilməsi və yaşanmaz hala gətirilməsi deməkdir. Məlumata görə, təqribən bir milyon fələstinli ölüm təhlükəsi altında qaçqın vəziyyətinə düşüb. Fələstin XİN beynəlxalq ictimaiyyəti hərbi cinayətləri dayandırmağa, dərhal atəşkəsə nail olacaq siyasi və diplomatik həll yollarını gücləndirməyə, mülki şəxslərin qorunmasına, onların Qəzza zolağından məcburi köçürülməsinin qarşısını almağa çağırıb. Eyni zamanda girovların və məhbusların azad edilməsi, humanitar yardımın davamlı şəkildə çatdırılması üçün “Nyu-York Bəyannaməsi”nin icrasının vacibliyi vurğulanıb.

İsrailin hücumları və mühasirəsi səbəbindən Qəzza zolağında aclıq fəlakəti yaşanır. Son 24 saat ərzində 3 fələstinli daha aclıq və qidalanma çatışmazlığı səbəbilə həlak olub. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, aclıq və qida çatışmazlığı səbəbindən ölənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 425-ə yüksəlib. Onlardan 145-i uşaqdır. BMT-nin dəstəklədiyi Enteqre Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzza şəhərində "aclq vəziyyəti" elan edib. Həmin tarixdən bu günə qədər bölgədə 30-u uşaq olmaqla 147 nəfər aclıq səbəbilə həyatını itirib.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.