ABŞ Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi edəcək, lakin bu barədə qərarı Moskva və Kiyev verməlidir. Bu fikirləri ABŞ dövlət katibi Marko Rubio, Paraqvayın xarici işlər naziri Ruben Ramirez Leskano ilə görüşü zamanı səsləndirib.
#Rusiya-Ukrayna münaqişəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Söhbət əsnasında Ukrayna–Rusiya müharibəsindəki son inkişaflar, həmçinin regional və qlobal məsələlər müzakirə olunub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüş ərəfəsində, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski bir görüş keçiriblər. Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer bu səhər paytaxt Londondakı ofisində Zelenskini qəbul edib.
Kreml ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüşün vaxtını elan edib. Rəsmi açıqlamaya görə, görüş Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. İki liderin görüşü tərcüməçilərin iştirakı ilə təkbətək formatda start götürəcək. Qeyd edək ki, Tramp-Putin görüşü beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur və onun nəticələri xüsusilə Ukrayna münaqişəsi fonunda diqqətlə izlənir.
Almaniya, NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb. Açıqlamada bildirilib ki, Almaniya digər müttəfiqləri ilə birlikdə, ümumi dəyəri 500 milyon dollara çatan ilk genişmiqyaslı hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır. ABŞ-ın Ukraynaya silah və sursat təmin etməyə davam etmək istəyi üçün təşəkkür ifadə olunan açıqlamada, Almaniyanın bu təşəbbüsə qoşulmaq qərarının Ukraynaya olan dəstəyi əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.
Polşa, F-16 döyüş təyyarələrinin hamısını Blok 72 Viper modelinə yüksəltmək üçün ABŞ ilə 3,8 milyard dollar dəyərində müqavilə imzalayıb. Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbilə Polşa hərbi modernləşdirmə səylərini gücləndirib. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş, imza mərasimində verdiyi açıqlamada ABŞ ilə imzalanan 3,8 milyard dollarlıq modernizasiya sazişinin ölkənin 48 ədəd F-16C/D Block 52+ təyyarəsinin hamısını əhatə edəcəyini bildirib.
Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər avqustun 15-də Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək. Bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə olunması üçün səylər göstərəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron, Avropa liderləri və Trampın iştirakı ilə keçirilən onlayn görüşdən sonra açıqlama verib.
Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs əldə olunacağı halda Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması imkanını nəzərdən keçirir, lakin buna qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək planının əsasını atəşkəs, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar və aydın təhlükəsizlik zəmanətinin təşkil etdiyini bildirib. O, Avropa və ABŞ-ın bu prosesdə iştirakı və zəmanət mexanizmlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.Zelenski, Rusiya prezidenti Vladimir Putinin Donbasdan çəkilmə tələbinin mümkün olmadığını deyərək, bunun yeni müharibəyə yol aça biləcəyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.