İsrail hökuməti Qəzza zolağında insanlığa aid bütün dəyərləri məhv edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “İsrailin bu gün Qəzzadakı xəstəxanaya təşkil etdiyi hücum nəticəsində beşi jurnalist olmaqla azı iyirmi fələstinli həlak olub. Baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumət insanlığa aid bütün dəyərləri məhv etmək üçün amansız hücumlarını fasiləsiz davam etdirir” – deyə, o vurğulayıb.
#Qəzza münaqişəsi
İsrailin Qəzza zolağında yerləşən xəstəxanaya endirdiyi zərbə atəşkəsin vacibliyini bir daha göstərir. Bu sözlər Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasını fələstinlilərə beynəlxalq qoruma təmin etməyə çağırıb. Çağırış, İsrailin Qəzzada mülki əhaliyə qarşı davam edən hücumları, mülki qurumların hədəfə alınması və BMT-nin bölgədə aclığın baş verdiyini rəsmən elan etməsi fonunda edilib.
Fələstin səhiyyə rəsmiləri bazar ertəsi baş verən hücumda Nasser Xəstəxanasının dördüncü mərtəbəsinin ikiqat zərbə nəticəsində vurulduğunu bildirib. İlk raket hücumundan sonra xilasedicilərin hadisə yerinə gəldiyi anda ikinci raket dəyib, nəticədə həlak olanlar arasında Reuters-in operatoru Hussam əl-Masri də olub. Reuters-in fotoqrafı Hatem Khaled isə hücumda yaralanıb. Qəzzanın cənubunda yerləşən və bölgənin ən böyük tibb müəssisəsi olan Nasser Xəstəxanası 22 aylıq müharibə dövründə dəfələrlə hücumlara və basqınlara məruz qalıb. Səhiyyə rəsmiləri xəstəxananın tibbi ləvazimat və personal çatışmazlığı ilə üzləşdiyini, bu vəziyyətin humanitar böhranı daha da ağırlaşdırdığını qeyd edib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş, son 24 saatda ikisi uşaq olmaqla 11 fələstinlinin aclıq və qida çatışmazlığından həyatını itirdiyini açıqlayıb. Burş, 2023-cü ilin oktyabrından bəri Qəzzada aclıqdan ölənlərin sayının 300-ə, onlardan 117-sinin uşaq olduğunu vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, Qəzza şəhərində 15 avqust 2025-ci il tarixinə qədər aclıq “fəlakətli” səviyyədədir. Hesabatda 22 aylıq münaqişə nəticəsində yarım milyondan çox insanın aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üzləşdiyi qeyd olunur.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib. Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.
Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.
Kopenhagendə Fələstinə dəstək məqsədilə keçirilən nümayişdə 10 mindən çox insan iştirak edib. Etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını və Danimarkanın Fələstin dövlətini tanımasını tələb ediblər.
Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.
HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib. HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.