BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ölkəsinin kifayət qədər raket və digər növ sursat ehtiyatına malik olduğunu bildirib. O, xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalının davam etdiyini vurğulayıb.
VOA xəbər verir ki, Donald Tramp ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin sursat ehtiyatı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən ölkənin "çoxlu sayda müxtəlif növ sursatı" olduğunu deyib.
Tramp əvvəlki prezident Co Bayden administrasiyasını Ukraynaya silah göndərməkdə tənqid edib. Onun sözlərinə görə, bu səbəbdən ABŞ hazırda sursat ehtiyatlarını yenidən artırır.
ABŞ Prezidenti bununla yanaşı, ölkənin orta mənzilli sursat ehtiyatının da kifayət qədər olduğunu bildirib. O qeyd edib ki, ABŞ-də "istifadə oluna biləcəyindən daha çox" bu tip sursat mövcuddur.
Tramp əlavə edib ki, xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalı davam etdirilir və bu istiqamətdə işlər genişləndirilir.