#qlobal istiləşmə

Avropada son dövrlərdə müşahidə olunan rekord və uzunmüddətli isti hava dalğalarının gələcəkdə daha tez-tez və daha intensiv xarakter alacağı gözlənilir. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) İqlim Məlumatları Bölməsinin rəhbəri Con Kennedinin sözlərinə görə, iqlim dəyişikliyi Avropada yüksək temperatur hadisələrinin həm müddətini, həm də əhatə dairəsini artırır.

Avropa İttifaqının “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, Qərbi Avropada iyun və iyul aylarının birgə orta temperaturu 21,62 dərəcə Selsi təşkil edib. Bu göstərici 2022-ci ildə qeydə alınmış əvvəlki rekorddan yüksəkdir. Avropa dünyanın ən sürətlə istiləşən qitəsi olaraq qalır. Bu ilin yayının ilk iki ayında bölgədə ardıcıl istilik dalğaları, yüksək temperatur və ciddi quraqlıq müşahidə olunub.

Fransada iyunun 22-dən başlayan və ölkəni əhatə edən rekord isti hava dalğası fonunda ölüm halları əvvəlki həftə ilə müqayisədə təxminən 30 faiz artıb. Fransanın İctimai Səhiyyə Qurumunun açıqladığı yeni hesabata görə, həmin həftə əvvəlki həftə ilə müqayisədə 2 025 əlavə ölüm halı qeydə alınıb ki, bu da 29,1 faizlik artım deməkdir. Qurum bildirib ki, təqdim olunan göstəricilər hələ tam deyil və yekun rəqəmlər daha yüksək ola bilər.

Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib. Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.

Avqustun 23-də paytaxt Tehran da daxil olmaqla ən azı 13 əyalətdə dövlət qurumlarının fəaliyyətinə ara verilib. Qərarın, yüksək temperaturun yaratdığı enerji istehlakının qarşısını almaq və ölkənin enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilib. Məlumata görə, Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da qərara daxil olan əyalətlər arasındadır. Digər bölgələrdə isə iş saatları səhər 06:00-dan 11:00-a endirilib.

İspaniyanın Gündəlik Ölüm Monitorinq Sistemi (MoMo) bu ilin 15 may–30 sentyabr tarixlərini əhatə edən hesabatında, avqustun 16-dək həddindən artıq istilərdən ölənlərin sayının 2405 nəfərə çatdığını açıqlayıb. Bu göstərici artıq ötən ilki rəqəmi geridə qoyub. Məlumata görə, yalnız avqustun ilk iki həftəsində 931 nəfər istilərin qurbanı olub. Müqayisə üçün, 2023-cü ilin yayında bu səbəbdən 3070, 2022-ci ildə isə 4789 nəfər dünyasını dəyişmişdi.

Bu il dünya üzrə isti hava dalğaları bir çox ölkədə rekordları alt-üst etdi. İyunun əvvəlində milyonlarla amerikalı 40 dərəcəni keçən istilərdə qovrularkən, iyulun əvvəlində Avropa "ilin bu dövrü üçün qeyri-adi" olaraq qiymətləndirilən isti hava dalğasının təsiri altına düşdü. Bəs isti hava dalğaları niyə daha da pisləşir?