İran və İsrail arasında aylardır davam edən gərginlik yeni və daha təhlükəli mərhələyə daxil olub. ABŞ vasitəçiliyi ilə əldə olunmuş kövrək atəşkəsin gələcəyi sual altında qalarkən, tərəflər arasında qarşılıqlı raket və hava zərbələri regionu yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoyub. Son hadisələr göstərir ki, münaqişə artıq yalnız İran və İsrail arasındakı qarşıdurma deyil, eyni zamanda Livan, Yəmən, Körfəz ölkələri, ABŞ və digər regional aktorları da əhatə edən çoxşaxəli geosiyasi böhrana çevrilməkdədir.
#İsrailin Livana hücumları
Livan hökuməti İsrailin Sidon şəhəri yaxınlığında avtomobili hədəfə alan zərbəsi nəticəsində üç nəfərin həlak olduğunu bildirib. Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi hücumun İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini və hadisənin Sidon şəhərindən təxminən 10 kilometr məsafədə baş verdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi də ölənlərin sayının üç nəfər olduğunu təsdiqləyib. İsrail ordusu isə yayımladığı bəyanatda Sidon bölgəsində Hizbullah üzvlərinin hədəfə alındığını bildirib.