#Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla hər hansı danışıqlar aparmadığını və əsas diqqətin Tehrana qarşı iqtisadi təzyiqin artırılmasına yönəldiyini bildirib. Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla danışıqların aparılıb-aparılmadığı ilə bağlı suala cavabında deyib ki, ABŞ Tehranla danışmaq istəmir və hazırda hər hansı görüş keçirmək niyyətində deyil. ABŞ prezidenti İranla ticari əlaqələrini davam etdirən ölkələrin də sanksiyalarla üzləşə biləcəyinə işarə edib.

ABŞ administrasiyası Venesuelanın nəhəng neft yataqlarında pay əldə etməklə bağlı ölkənin müvəqqəti hökuməti ilə danışıqlar aparır. Mümkün razılaşmanın 12-dən çox hasilat yatağını əhatə edə biləcəyi bildirilir. “Axios”un məlumatına görə, danışıqlar ABŞ-ın Venesuelada təxminən 90 milyard barrel təsdiqlənmiş neft ehtiyatına malik yataqlarda mülkiyyət payı əldə etməsi üzərində qurulub. Venesuelanın ümumi təsdiqlənmiş neft ehtiyatları isə təxminən 300 milyard barrel qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Hörmüz boğazı məsələsində mövqeyini müsbət qiymətləndirib. O, Rusiyanın bu məsələdə kifayət qədər yaxşı davrandığını bildirib. Tramp İranın ciddi iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyini iddia edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehran hərbçilərinin əməkhaqqını ödəməkdə çətinlik çəkir. Tramp Vaşinqtonun vəziyyətə nəzarət etdiyini və İrana qarşı dəniz mühasirəsinin davam etdiyini bildirib. O, Hörmüz boğazından hər gün milyonlarla barel neft daşındığını iddia edib. ABŞ Prezidenti boğazın minalardan tamamilə təmizləndiyini də bildirib. Açıqlamalar Hörmüz boğazında təhlükəsizlik və enerji daşımaları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

Məhəmməd Baqir Qalibaf Qətərin Baş naziri ilə görüşündə ABŞ-nin İrana qarşı siyasətini tənqid edib. O, Tramp administrasiyasının yanlış məlumatlara əsaslanaraq səhv qərarlar qəbul etdiyini bildirib. Qalibaf bu siyasətin ABŞ-nin imkanlarının səmərəsiz istifadəsinə səbəb olduğunu deyib. Onun fikrincə, Vaşinqtonun addımları bölgədə sabitliyin pozulmasına gətirib çıxarır. İran parlamentinin sədri ABŞ-nin iqtisadi mühasirəsinin uğursuz olacağını vurğulayıb. Qalibaf Vaşinqtonu qarşılıqlı anlaşma sənədi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Açıqlamalar Qətərin Baş nazirinin Tehran səfəri çərçivəsində keçirilən görüşdə səsləndirilib. Səfər bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyi bir dövrə təsadüf edir.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO ölkəsinə hücum etməyəcəyini bildirib. O, belə bir ehtimalı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən rədd edib. Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya xüsusi xəbərdarlıq çatdırdığına dair məlumatları da şərh edib. ABŞ Prezidentinin sözlərinə görə, Retkliff Rusiyaya hər hansı xüsusi mesaj vermək üçün göndərilməyib. Tramp ABŞ və Rusiya kəşfiyyat rəhbərləri arasında vaxtaşırı görüşlərin keçirildiyini bildirib. O, son təmasda qeyri-adi heç nə olmadığını vurğulayıb. Bununla yanaşı, ABŞ və Avropa kəşfiyyat qurumları Rusiyanın Avropadakı mümkün təxribat fəaliyyətlərini uzun müddətdir izləyirlər. Qərbdə bu fəaliyyətlərin NATO-nun birliyini və Ukraynaya dəstəyi zəiflətməyə yönəldiyi düşünülür.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gizli səfəri Vaşinqtonun Rusiya ilə bağlı narahatlığını və mümkün risklərə qarşı diplomatik kanalları işə saldığını göstərib. ABŞ mətbuatının yazdığına görə, Retkliff səfər zamanı Rusiya rəsmilərinə Moskvanın NATO üzvü ölkələrdən hər hansı birinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. “The Wall Street Journal” və CBS News-un məlumatlarına əsasən, ABŞ kəşfiyyatı Rusiyanın qarşıdakı illərdə NATO-nun birliyini məhdudmiqyaslı hücumla sınağa çəkə biləcəyini ehtimal edir.

ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminin təhlükəsizliyinin qorunması məqsədilə fövqəladə vəziyyət elan edib. Bununla bağlı müvafiq fərman Ağ Evin rəsmi saytında dərc olunub. Fərmanda qeyd olunur ki, təhlükə həm ayrı-ayrı əməliyyatlar, həm də müəyyən kateqoriyaya daxil olan sövdələşmələr çərçivəsində yarana bilər. Buna görə ABŞ-də istifadə olunan enerji sistemi avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq üçün əlavə tədbirlərin görülməsinin zəruri olduğu vurğulanır.

Körfəz ölkələrində ABŞ ilə İran arasındakı müharibənin yaxın zamanda başa çatmayacağı ilə bağlı gözləntilər güclənir. Qətər Universitetinin dosenti Abdullah Bəndər əl-Üteybi Donald Trampın müharibədə üstün mövqedə olduğunu göstərməyə çalışdığını bildirib. Onun fikrincə, ABŞ prezidenti İranın nümayiş etdirdiyi strateji səbir siyasətinə bənzər yanaşma sərgiləyir. Vaşinqtonun İrana qarşı yeni iqtisadi sanksiyaları da gərginliyin artmasının göstəricisi kimi qiymətləndirilir. Mütəxəssis hesab edir ki, ABŞ-nin iqtisadi imkanları hazırda tətbiq edilən tədbirlərdən daha genişdir. Buna görə də Körfəz ölkələri qarşıdurmanın uzana biləcəyini düşünür. Bununla yanaşı, bölgə ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Tehrana səfərləri diplomatik imkanların tam tükənmədiyini göstərir. Əl-Üteybinin fikrincə, iqtisadi təzyiqlərə baxmayaraq, müharibənin danışıqlar yolu ilə dayandırılması üçün hələ də imkan mövcuddur.

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts HƏMAS-ı Qəzzada zorakılığın artmasına görə günahlandırıb. O bildirib ki, HƏMAS atəşkəs çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanına hələ də malikdir. Uoltsun sözlərinə görə, təşkilat iki dəfə silahsızlanmağa razılıq verib. Sonuncu razılığın Sülh Şurasının təqdim etdiyi 15 bəndlik yol xəritəsinin qəbul edilməsi zamanı verildiyi bildirilir. ABŞ səfiri HƏMAS-ın bəyanatlarının deyil, konkret addımlarının əsas götürüləcəyini vurğulayıb. Bu arada İsrail son həftələr Qəzza zolağına hücumlarını gücləndirib və hücumlarda fələstinli mülki şəxslər də həlak olub. İsrailin Baş naziri Benyamin Netanyahu isə 15 bəndlik yol xəritəsini rədd edib. Bu məsələnin ABŞ və İsrail rəhbərliyi arasında fikir ayrılıqlarına səbəb olduğu bildirilir.

Abbas Əslani ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasətini şərh edib. O bildirib ki, Vaşinqton rəsmi danışıqların olmadığını desə də, bölgə vasitəçiləri ilə Tehrana ismarıclar göndərir. Əslani bunu ABŞ-nin mümkün diplomatik irəliləyişi iqtisadi təzyiqin nəticəsi kimi göstərmək istəyi ilə əlaqələndirib. Onun fikrincə, Donald Tramp İran məsələsində siyasi qələbə əldə etdiyini göstərmək istəyir. Təhlilçi mümkün razılaşmanın ABŞ ictimaiyyətinə qələbə kimi təqdim edilməsinin Tramp üçün əhəmiyyət daşıdığını bildirib. O, Trampın danışıqlardakı mövqeyini dəyişkən hesab edib. Buna görə müharibənin nə vaxt başa çatacağını müəyyənləşdirməyin çətin olduğunu deyib. Əslani yaxın günlər və həftələr üçün aydın mənzərənin olmadığını vurğulayıb.

Donald Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirib. ABŞ Prezidenti ölkədə inflyasiyanın çox yüksək olduğunu deyib. O, İran iqtisadiyyatının dağıldığını iddia edib. Tramp İran hakimiyyətini əhali ilə pis rəftar etməkdə günahlandırıb. O, çox sayda etirazçının öldürüldüyünü bildirib. ABŞ Prezidenti İranla danışıqlar məsələsinə də toxunub. Tramp danışıqların bərpası üçün konkret vaxt müəyyənləşdirmədiyini deyib. O, Tehranla danışıqların başlanmasına tələsmədiyini bir daha vurğulayıb.