#Livan

Türkiyədə qırmızı bülletenlə axtarılan 6 nəfər və milli səviyyədə axtarılan 4 nəfər xaricdə saxlanılaraq ölkəyə gətirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, Bolqarıstan, Polşa, Gürcüstan, Almaniya, Şimali Kipr Türk Respublikası və Livanda aparılan əməliyyatlar nəticəsində axtarışda olan şəxslər saxlanılıb və Türkiyəyə təhvil verilib.

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.

Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Hizbullah da daxil olmaqla Livandakı bütün silahlı qruplaşmaların fəaliyyətinə son qoyulacaq və onların silahları dövlət inhisarına keçəcək. İnformasiya naziri Paul Markus bildirib ki, məqsəd ölkədə yalnız dövlətin silahlı qüvvələrinin mövcudluğunu təmin etməkdir. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu addımı “tarixi və cəsarətli qərar” adlandırıb.

Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.