İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yanındakı səfiri Rza Nəcəfi ölkənin Nətənz şəhərində yerləşən geniş nüvə obyektinin bazar günü hədəf alındığını açıqlayıb. Nəcəfi bildirib ki, müəssisə ABŞ və İsrail tərəfindən həyata keçirilən birgə hərbi əməliyyatlar zamanı vurulub. BAEA-nın 35 üzvlü rəhbər şurasının iclasında jurnalistlərə açıqlama verən Nəcəfi, "Dünən yenə İranın dinc və təhlükəsiz nüvə obyektlərinə hücum etdilər" ifadəsini işlədib.
#İsrail İran münasibətləri
"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib. "Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir. Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.
İran Qırmızı Aypara Cəmiyyəti, ABŞ və İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 555-ə çatdığını bəyan edib. Fars xəbər agentliyi İran Qırmızı Aypara Cəmiyyəti tərəfindən edilən yazılı açıqlamanı yayımlayıb. Açıqlamada "131 yaşayış məntəqəsinə təşkil edilən hücumlarda 555 nəfər həyatını itirdi" ifadələrinə yer verilib. Yaralıların sayı ilə bağlı məlumat verilməyib.
Küveyt ordusu ABŞ-a məxsus bir neçə döyüş təyyarəsinin qəzaya uğradığını, bütün heyət üzvlərinin sağ xilas edildiyini bəyan etdi. Küveytli rəsmilər qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Əməliyyat çərçivəsində təxliyə edilən bütün heyət üzvləri tibbi müayinə üçün xəstəxanaya göndərilib. Yaralıların sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir.
Səudiyyə Ərəbistanının "Aramco" şirkəti dron hücumuna məruz qaldıqdan sonra ehtiyat tədbiri olaraq Ras Tanuradakı neft emalı zavodunu bağlayıb. Məlumata görə, bu addım obyektin təhlükəsizliyini təmin etmək və dron zərbəsinin fəsadlarını qiymətləndirmək məqsədilə atılıb. Ras Tanura zavodu qlobal enerji bazarı üçün strateji əhəmiyyət kəsb edən mərkəzlərdən biri hesab olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.
Türkiyənin ticarət naziri Ömər Bolat, regionda baş verən və qlobal təsirləri hiss edilən son hadisələr fonunda Türkiyə-İran sərhədindəki gömrük qapıları ilə bağlı rəsmi açıqlama yayıb. Nazir bildirib ki, Türkiyənin İran ilə olan gömrük məntəqələrindəki vəziyyət gömrük təşkilatı tərəfindən anbaan izlənilir və hərtərəfli qiymətləndirilir. Hazırda Türkiyə-İran sərhədində yerləşən Ağrı - Gürbulak, Van - Kapıköy və Hakkari - Esendere gömrük qapılarında hər hansı fövqəladə vəziyyət yaşanmır. Nazir Bolatın sözlərinə görə, hər üç məntəqədə ticari yüklərin keçidi İran tərəfi ilə koordinasiyalı şəkildə və nəzarət altında fasiləsiz davam etdirilir. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.
İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani, Vaşinqtonla müzakirələri yenidən başlatmaq təşəbbüsü ilə çıxış etdiyi barədə iddiaları təkzib edərək, ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını bəyan edib. Laricani sosial media hesabından etdiyi açıqlamada "Wall Street Journal" (WSJ) qəzetinin onun Oman Sultanlığı vasitəsilə Vaşinqtonla əlaqə qurmağa çalışdığı barədə xəbərinə reaksiya verib. O, bu iddiaları paylaşaraq qısa və kəskin şəkildə "ABŞ-la müzakirə aparmayacağıq" ifadəsini işlədib.
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə İranla bağlı son hərbi əməliyyatların gedişatı haqqında mühüm açıqlamalar verib. Tramp bildirib ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən bombardmanlar nəticəsində 48 İranlı lider öldürülüb. Prezident əldə olunan nəticəni böyük uğur adlandıraraq, tək bir zərbə ilə bu qədər rəhbər şəxsin məhv edilməsinin inanılmaz olduğunu və prosesin sürətlə irəlilədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bir az əvvəl dünya gündəmini sarsıdan rəsmi bəyanatla çıxış edib. Tramp Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə başladığını elan edib. Prezident Tramp çıxışında bu ifadələri işlədib: "Bir az əvvəl İranda genişmiqyaslı döyüş əməliyyatlarına başladıq. Məqsədimiz İran rejimindən gələn qaçılmaz təhdidləri aradan qaldırmaqla Amerika xalqını müdafiə etməkdir." Bu bəyanat ABŞ-ın Orta Şərq siyasətində yeni və birbaşa hərbi toqquşma mərhələsinə keçdiyini rəsmən təsdiqləyir.
İsrail və ABŞ-ın İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlara Tehrandan ilk rəsmi reaksiya gəlib. İran Parlamenti Milli Təhlükəsizlik Komitəsinin sədri baş verən hücumları şərh edərək qarşı tərəfə sərt xəbərdarlıq ünvanlayıb. İranlı rəsmi bəyanatında bildirib: "Siz elə bir yola qədəm qoydunuz ki, onun sonu sizin əlinizdə olmayacaq." Bu ifadə Tehranın hərbi eskalasiyaya qarşı uzunmüddətli və asimmetrik cavab strategiyasına malik olduğuna, həmçinin müharibənin gedişatını dəyişmək iradəsinə bir işarə kimi qiymətləndirilir.
İranın rəsmi və yerli media resurslarının yaydığı təcili məlumata görə, ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində güclü partlayış səsləri eşidilib. İlkin məlumatlara görə, partlayışlar şəhərin müxtəlif hissələrində hiss olunub və əhali arasında narahatlığa səbəb olub. Partlayışların dəqiq koordinatları, səbəbləri və hər hansı tələfatın olub-olmaması barədə hələlik rəsmi izahat verilməyib. Təbrizin strateji əhəmiyyətini nəzərə alaraq, hadisə yerinə təhlükəsizlik qüvvələrinin cəlb edildiyi bildirilir.