#İran–ABŞ əlaqələrinin kəsilməsi

İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır. ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.

Pakistan hökumətinin adı açıklanmayan yüksək rütbəli rəsmiləri, paytaxt İslamabadda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan ikinci raund nüvə danışıqları öncəsi pərdəarxası məqamları açıqlayıblar. Verilən məlumata görə, Vaşinqton administrasiyası İranın nüvə proqramının dondurulması (moratoryum) ilə bağlı ilkin tələblərində müəyyən güzəştlərə getməyə "şərtli olaraq" razıdır.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı vasitəsilə İranla bağlı kritik açıqlamalar verərək regionda gərginliyi yenidən artırıb. ABŞ və İran nümayəndə heyətlərinin qalıcı atəşkəs müzakirələri aparmaq üçün bu gün Pakistanın paytaxtı İslamabada səfər etməsi gözlənildiyi bir vaxtda, Tramp Tehran rəhbərliyini atəşkəs şərtlərinini dəfələrlə pozmaqda ittiham edib. Atəşkəs müddətini uzatmaq niyyətində olmadıqlarını vurğulayan ABŞ lideri, İranın başqa çıxış yolunun olmadığını və sonda çox yaxşı bir razılaşmanın əldə olunacağına inandığını bildirib. Tramp, xüsusilə "ordu hərəkətə keçməyə can atır" ifadəsini işlədərək hərbi variantın hələ də masada olduğuna işarə edib.

ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial platformada Barak Obama və Co Bayden rəhbərliyi tərəfindən qələmə alınan Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) kəskin tənqid edib. Tramp həmin razılaşmanı ABŞ və Yaxın Şərq üçün "tarixin ən pis sövdələşmələrindən biri" adlandırıb və onun İranın nüvə silahına gedən yolunu açdığını iddia edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub. Məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.

ABŞ Prezidenti Donald Tramp "Bloomberg" agentliyinə verdiyi telefon müsahibəsində İranla bağlı gərginliyin gələcək taleyinə toxunaraq, 7 apreldə elan olunmuş iki həftəlik müvəqqəti atəşkəsin müddətinin uzadılma ehtimalının "olduqca aşağı" olduğunu bildirib. Prezidentin sözlərinə görə, atəşkəsin müddəti Vaşinqton vaxtı ilə çərşənbə günü axşam başa çatır. O qeyd edib ki, əgər həmin vaxta qədər tərəflər arasında yekun saziş əldə olunmasa, hərbi əməliyyatların bərpası qaçılmaz ola bilər: "Pis razılaşma əldə etmək üçün tələsməyəcəyəm. Əgər saziş imzalanmasa, döyüşlərin yenidən başlamasını gözləyirəm".

İran bizə şantaj edə bilməz. Onlar boğazı yenidən bağlamaq cəhd etdilər. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, Tehran rəhbərliyinin hərəkətlərini "şantaj" cəhdi kimi qiymətləndirib. ABŞ lideri İranın Hörmüz boğazını yenidən bağlamaq cəhdi ilə bağlı bu bəyanatı rəsmi sosial media hesabı vasitəsilə paylaşıb.

İranlılar görüşmək və razılığa gəlmək istəyirlər. Hesab edirəm ki, həftəsonu böyük ehtimalla görüş baş tutacaq. Yaxın bir-iki gün ərzində isə razılığın əldə olunması mümkündür. Bu bəyanatla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp çıxış edib. O, bu fikirləri ABŞ-ın "Axios" xəbər platformasına verdiyi müsahibəsində səsləndirib. Prezident Tramp qeyd edib ki, Vaşinqton və Tehran nümayəndə heyətləri yekun sənədi imzalamaq üçün həftəsonu bir araya gələ bilərlər. O, əldə olunacaq razılaşmanın "İsrailin təhlükəsizliyini təmin edəcəyini" iddia edib. Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, İranla yekun razılaşma əldə olunmadan ABŞ Hörmüz boğazında tətbiq etdiyi blokadanı qaldırmayacaq. Trampın sözlərinə görə, Hörmüz boğazı hər kəs üçün açıq olmalıdır.

Malta bayrağı altında üzən "Celestyal Discovery" kruiz gəmisi 47 gün Dubay limanında qaldıqdan sonra Hörmüz boğazından keçən ilk sərnişin gəmisi olub. Gəmilərin real vaxt rejimində izlənilməsini təmin edən "MarineTraffic" şirkətinin məlumatlarına görə, ABŞ/İsrail-İran müharibəsinin fevralın 28-də başlamasından sonra, martın əvvəlində Dubay limanına yan alan "Celestyal Discovery" 47 gün ərzində burada gözləyib.

“Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran tərəfləri mövcud atəşkəsin daha iki həftə müddətinə uzadılmasını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu addım tərəflərə sülh sazişi üzərində danışıqları davam etdirmək üçün əlavə vaxt qazandırmaq məqsədi daşıyır. Məlumatda qeyd olunur ki, İslamabadda başlayan birbaşa danışıqlar hələ ilkin mərhələdədir və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Buna baxmayaraq, müvəqqəti atəşkəsin uzadılması həm regional sabitlik, həm də enerji bazarlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.