#ABŞ və İran münasibətləri

İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır. ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.

Pakistan hökumətinin adı açıklanmayan yüksək rütbəli rəsmiləri, paytaxt İslamabadda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan ikinci raund nüvə danışıqları öncəsi pərdəarxası məqamları açıqlayıblar. Verilən məlumata görə, Vaşinqton administrasiyası İranın nüvə proqramının dondurulması (moratoryum) ilə bağlı ilkin tələblərində müəyyən güzəştlərə getməyə "şərtli olaraq" razıdır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub. Məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.

ABŞ Prezidenti Donald Tramp "Bloomberg" agentliyinə verdiyi telefon müsahibəsində İranla bağlı gərginliyin gələcək taleyinə toxunaraq, 7 apreldə elan olunmuş iki həftəlik müvəqqəti atəşkəsin müddətinin uzadılma ehtimalının "olduqca aşağı" olduğunu bildirib. Prezidentin sözlərinə görə, atəşkəsin müddəti Vaşinqton vaxtı ilə çərşənbə günü axşam başa çatır. O qeyd edib ki, əgər həmin vaxta qədər tərəflər arasında yekun saziş əldə olunmasa, hərbi əməliyyatların bərpası qaçılmaz ola bilər: "Pis razılaşma əldə etmək üçün tələsməyəcəyəm. Əgər saziş imzalanmasa, döyüşlərin yenidən başlamasını gözləyirəm".

İranın yarı rəsmi "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, Tehranın Pakistanda keçiriləcək müzakirələrdə iştirak etməmək barədə qəbul etdiyi ilkin qərarda hazırkı vaxta qədər heç bir dəyişiklik baş verməyib. Xəbərdə vurğulanır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin (JD Vance) İslamabaddakı görüşlərə qatılacağı ilə bağlı yayılan məlumatlar belə, İranın prinsipial mövqeyini dəyişdirmək üçün yetərli olmayıb.

Hörmüz boğazına doğru irəliləyən bəzi quru yük gəmiləri və tankerlərin geri döndüyü müşahidə olunur. İran Milli Təhlükəsizlik Yüksək Şurası boğazdakı vəziyyət və ABŞ ilə aparılan danışıqlar prosesinə dair bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatların dəniz blokadası tətbiq edərək gəmilərin keçidinə mane olması "atəşkəs pozuntusu" hesab ediləcək. Tehran həmçinin vurğulayıb ki, ABŞ-ın bu addımlarına cavab olaraq İran boğazın "şərtli və məhdud" şəkildə açılmasını əngəlləyəcək.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan şənbə günü Antalyada türkiyəli həmkarı Hakan Fidan, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Misirin xarici işlər naziri Bədr Abdelatti ilə dördtərəfli görüşdə iştirak edib. Beşinci Antalya Diplomasi Forumu çərçivəsində keçirilən bu görüş regionda artan gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin tərkib hissəsidir.

Hindistan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini nazirliyə çağırdığını açıqlayıb. Bu addım bu gün Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə atəş açılması hadisəsi ilə bağlıdır. Hindistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi Yeni Deli Hörmüz boğazı kimi həyati əhəmiyyətli su yolunda ticarət gəmilərinin hədəf alınmasından ciddi narahatlığını bildirib. Diplomatik etiraz zamanı gəmilərin və heyətin təhlükəsizliyinin təmin olunması tələb edilib.

İran hava məkanının bir hissəsini beynəlxalq uçuşlar üçün açdığını elan edib. Açıqlamada bildirilir ki, İranın şərq hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan olunub, daxili reyslərin isə zəruri texniki və təhlükəsizlik tədbirlərindən sonra mərhələli şəkildə bərpa ediləcəyi qeyd edilib.