#Mustafa Kamal Atatürk

Ankara, İstiqlal müharibəsi dövründə Anadolu torpaqlarında yerləşən kiçik bir şəhərdən, müasir Türkiyənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə şəhər milli mübarizənin qərargahına çevrilərək, sonralar “Cümhuriyyətin ürəyi” kimi simvolik məna qazanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə yayımladığı mesajda, bu günün türk millətinin müstəqillik və azadlıq mübarizəsinin simvolu olduğunu, məzlum xalqlara ümid verdiyini və “Türk Əsri”nin təməli olduğunu vurğulayıb. Ərdoğan mesajında, “30 Avqust türk millətinin azadlıq yolunda göstərdiyi misilsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü rəmzlərindən biridir,” – deyib. O, Böyük Taarruzun qəhrəman ordunun vətənpərvərliyi və xalqın vahid iradəsi ilə qazanıldığını, bu zəfərin Cümhuriyyətin əsaslarını qoyduğunu qeyd edib.

Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə başlayan və 30 avqustda Böyük Hücum və Baş Komandan Döyüşü ilə zəfərlə yekunlaşan Türk Ordusunun qəhrəmanlıq dastanı, Türk tarixinin ən parlaq səhifələrindən biridir. Bu zəfər, Türkiyə Cümhuriyyətinin təməlinin qoyulmasında mühüm dönüş nöqtəsi olub. 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq dövlətlər Mudros barışıq müqaviləsinə əsasən Anadolunu işğal etməyə başlayıb. Halide Edip Adıvarın “Türkün odla sınanması” əsərində təsvir etdiyi kimi, müttəfiqlər İstanbul, Adana, Urfa, Maraş, Samsun, Merzifon, Antalya və cənub-qərb Anadolunu ələ keçirib. 1919-cu il mayın 15-də isə Yunan ordusu Müttəfiqlərin icazəsi ilə İzmiri işğal edib. Bu ağır şərtlər altında Türk milləti, tarix boyu göstərdiyi vətənpərvərlik şüuru ilə Kuvayımilliyə hərəkatını başladıb.