Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.
#Qəzza zolağı
İsrail ordusu Qəzza şəhərinə hücumun ilkin mərhələsinə başlayıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Dferin yerli mediaya açıqlama verib. “Qəzza şəhərində HƏMAS-a qarşı zərbələrimizi daha da gücləndirəcəyik. Hazırlıq əməliyyatlarına start vermişik. Girovların azad olunması üçün siyasi rəhbərliyin göstərişlərinə uyğun şərait yaradacağıq”, – deyə o bildirib.
İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 33 fələstinli həlak olub, onlarla insan isə yaralanıb. Xəstəxana mənbələri və şahidlərin açıqlamalarına görə, hücumlar məcburi köçkünlərin və humanitar yardım gözləyən insanların yerləşdiyi çadır və evləri hədəfə alıb. Qəzza şəhərinin Şati Qaçqınlar Düşərgəsində bir ailənin 5 üzvü, İslam Universiteti yaxınlığında isə aralarında uşaqların da olduğu 4 nəfər ölüb. İsrail ordusunun Cibaliya Nezler qəsəbəsindəki hücumu nəticəsində isə 3 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda, Qəzzanın Zeytun və Sabra məhəllələrində mülki evlərin bombalanması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Nusairat qaçqın düşərgəsinə hücumlarda isə yardım gözləyən insanlara atəş açılıb və ümumilikdə 8 nəfər həlak olub.
İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.
Tramp radio aparıcısı Mark Levinlə müsahibəsində Netanyahunun Qəzzadakı hərbi əməliyyatlara görə məsuliyyət daşımasına baxmayaraq, onu müdafiə edib. “O, yaxşı insandır, döyüşür. Birlikdə işlədiyim üçün müharibə qəhrəmanıdır. Mən də eləyəm, düşünürəm”.- deyə bildirib. Tramp BCM-nin Netanyahuya qarşı həbs qərarına, yoxsa İsraildəki korrupsiya işinə istinad etdiyini dəqiqləşdirməyib. O, həmçinin İranın nüvə obyektlərinə qarşı ABŞ hücumlarının “uğurlu” olduğunu da vurğulayıb. Qeyd edək ki, BCM 2024-cü il 21 noyabr tarixində Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində Qəzzada törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderi çıxarıb. Netanyahu ölkəsində 2019-cu ildən bəri davam edən korrupsiya ittihamları ilə də mühakimə olunur. Tramp isə bu məhkəmələrin ləğvini tələb edib.
İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarını qidalandırmaq üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib. Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.
İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
Qəzzadakı atəşkəslə bağlı Qahirədə keçirilən son danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə olunub. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati rusiyalı həmkarı Sergey Lavrovla söhbəti zamanı məlumat verib.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.
HƏMAS 19 avqust Ümumdünya Humanitar Günü ilə bağlı yayılan açıqlamasında beynəlxalq dövlətləri Qəzzaya humanitar yardımların çatdırılması və İsrailin blokadasının sona çatdırılması üçün təzyiq göstərməyə çağırıb. HƏMAS bildirib ki, İsrailin Qəzzaya hücumları, səhiyyə sektorunu sarsıtması və humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi aclıq və humanitar fəlakət yaşanır. Təşkilat dünya dövlətlərini Qəzzada soyqırımı dayandırmağa, işğalçı liderləri, xüsusilə Netanyahunu mühakimə etməyə və əhalinin həyatı üçün həyati əhəmiyyətli yardımların çatdırılmasını təmin etməyə çağırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Humanitar Günü” münasibətilə etdiyi paylaşımda Türkiyənin Qəzzaya 101 min tondan çox humanitar yardım göndərdiyini və UNRWA-ya verdiyi dəstəyin 40 milyon dolları keçdiyini bildirib. Ərdoğan vurğulayıb ki, humanitar yardım siyasətdən üstün vicdan işidir və Türkiyə milli məhsuluna görə dünyada ən səxavətli ölkələrdən biridir. O, həmçinin qeyd edib ki, ölkə köməyə ehtiyacı olan hər kəsə – məzlum, yetim, köməksiz və möhtaca – ayrım etmədən yardım əlini uzadır.
BAKI, AzerVoice, Nərmin Ağayeva İsrailin Qəzza planı mülki əhali üçün böyük risk daşıyır.