#Qəzza zolağı

İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 3-ü uşaq olmaqla 13 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.

Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.

Fələstin rəhbərliyi bəyan edib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq planı bölgədə və dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsinə mane olacaq. Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib.Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib. Əbu Rudeinə vurğulayıb ki, məskunlaşma siyasəti kimi ilhaq planlarının heç bir legitimliyi yoxdur və bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə qınanıb və rədd edilib.

Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısının Genişləndirilmiş İclasında Meyjiang Konqres Mərkəzində çıxış edib. Çıxışında Qəzza zolağında yaşanan humanitar faciəyə xüsusi diqqət çəkən Ərdoğan, 23 aydır körpələrin, uşaqların və yaşlıların aclıqdan öldüyü bu vəhşiliyin davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Qlobal Sumud Flotillası çərçivəsində İtaliyanın Genuya limanından humanitar yardım daşıyan qayıqlar bu gün səhər saatlarında hazırlıqlarını tamamlayaraq Qəzza zolağına doğru hərəkətə keçib. Bu qayıqlar Siciliyanın Kataniya və Augusta limanlarında digər gəmilərlə birləşərək Barselonadan yola çıxan böyük donanmaya qoşulacaq və yaxın günlərdə Qəzzaya səfərlərini davam etdirəcək.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi aclıqdan ölənlərlə bağlı son məlumatları özündə əks etdirən yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son bir gündə üçü uşaq olmaqla 9 fələstinli aclıq və qida çatışmazlığı səbəbindən dünyasını dəyişib. 2023-cü ilin oktyabr ayının 7-dən bəri Qəzzada aclıqdan ölənlərin sayı 348-ə çatıb, onların 127-si uşaqlardır. Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzzada aclıq elan etdikdən sonra 12-si uşaq olmaqla 70 nəfər aclıq və qida çatışmazlığından həyatını itirib. IPC-nin son hesabatında qeyd olunur ki, 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclıq “fəlakətli səviyyə” kimi təsnif edilən 5-ci səviyyədədir. Hesabatda vurğulanır ki, 22 aylıq amansız münaqişə nəticəsində Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümə səbəb olan dəhşətli şəraitlə üzləşib.

Qəzzada jurnalistlərin hədəf alınıb öldürülməsinə qarşı dünya miqyasında etiraz aksiyası keçirilir. Təxminən 200-ə yaxın media qurumunun iştirak etdiyi təşəbbüs, İsrailin hücumlarında həyatını itirən jurnalistlərə diqqət çəkməyi hədəfləyir. Beynəlxalq Sərhəd Tanımayan Jurnalistlər (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi ilə təşkil edilən aksiyada 50 fərqli ölkədən media orqanları iştirak edəcək. Etiraz çərçivəsində bəzi qəzetlər qara üzlüklə çıxacaq, televiziya və radio kanalları yayımlarını dayandıracaq, rəqəmsal media qurumları isə əsas səhifələrini qaraldacaq.

İsrail ordusu, Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Aksa Şəhidləri Xəstəxanasını 7 oktyabr 2023-cü ildən bu yana artıq 14-cü dəfə hədəfə aldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin yaydığı açıqlamaya görə, İsrailə məxsus döyüş təyyarələri Aksa Şəhidləri Xəstəxanasının ətrafındakı divar içərisində yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı çadırlara və yaxınlıqdakı poliklinikalara hava zərbələri endirib. Açıqlamada, daha öncə 13 dəfə hədəf alınan xəstəxananın bu hücumla birlikdə İsrail ordusu tərəfindən 14-cü dəfə vurulduğu vurğulanıb.