Səudiyyə Ərəbistanı ölkədəki Prins Sultan hava bazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki verdiyi açıqlamada, Prins Sultan hava bazası yaxınlığında "5 düşmən PUA-sının" qarşısının alındığını və məhv edildiyini qeyd edib. Maliki açıqlamasında başqa təfərrüatlara yer verməyib.
#İran-İsrail gərginliyi və İraq seçkiləri
Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlardan sonra Tehranın cavab addımları və artan geosiyasi risklər qlobal enerji bazarlarında qiymətlərin kəskin yüksəlməsini bərabərində gətirib. ABŞ Prezidenti Donald Trampın 27 fevralda verdiyi açıqlamada, 26 fevralda başlayan nüvə danışıqlarında İranın "xoşniyyətli və açıq" mövqe nümayiş etdirmədiyini bildirərək prosesdən narazılığını ifadə etməsi bazarlarda risk qavrayışını gücləndirib. Həmin gün artan geosiyasi gərginliklərlə neft qiymətləri yüksəliş meylinə girib. "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 faiz artaraq 73 dollar səviyyəsində bağlanıb ki, bu da 2025-ci ilin iyunundan bəri ən yüksək göstəricidir. "West Texas Intermediate" (WTI) xam neftinin bareli isə 2,6 faiz artaraq 67,17 dollardan ticarət olunub.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yanındakı səfiri Rza Nəcəfi ölkənin Nətənz şəhərində yerləşən geniş nüvə obyektinin bazar günü hədəf alındığını açıqlayıb. Nəcəfi bildirib ki, müəssisə ABŞ və İsrail tərəfindən həyata keçirilən birgə hərbi əməliyyatlar zamanı vurulub. BAEA-nın 35 üzvlü rəhbər şurasının iclasında jurnalistlərə açıqlama verən Nəcəfi, "Dünən yenə İranın dinc və təhlükəsiz nüvə obyektlərinə hücum etdilər" ifadəsini işlədib.
Küveyt ordusu ABŞ-a məxsus bir neçə döyüş təyyarəsinin qəzaya uğradığını, bütün heyət üzvlərinin sağ xilas edildiyini bəyan etdi. Küveytli rəsmilər qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Əməliyyat çərçivəsində təxliyə edilən bütün heyət üzvləri tibbi müayinə üçün xəstəxanaya göndərilib. Yaralıların sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir.
Səudiyyə Ərəbistanının "Aramco" şirkəti dron hücumuna məruz qaldıqdan sonra ehtiyat tədbiri olaraq Ras Tanuradakı neft emalı zavodunu bağlayıb. Məlumata görə, bu addım obyektin təhlükəsizliyini təmin etmək və dron zərbəsinin fəsadlarını qiymətləndirmək məqsədilə atılıb. Ras Tanura zavodu qlobal enerji bazarı üçün strateji əhəmiyyət kəsb edən mərkəzlərdən biri hesab olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.
Türkiyənin ticarət naziri Ömər Bolat, regionda baş verən və qlobal təsirləri hiss edilən son hadisələr fonunda Türkiyə-İran sərhədindəki gömrük qapıları ilə bağlı rəsmi açıqlama yayıb. Nazir bildirib ki, Türkiyənin İran ilə olan gömrük məntəqələrindəki vəziyyət gömrük təşkilatı tərəfindən anbaan izlənilir və hərtərəfli qiymətləndirilir. Hazırda Türkiyə-İran sərhədində yerləşən Ağrı - Gürbulak, Van - Kapıköy və Hakkari - Esendere gömrük qapılarında hər hansı fövqəladə vəziyyət yaşanmır. Nazir Bolatın sözlərinə görə, hər üç məntəqədə ticari yüklərin keçidi İran tərəfi ilə koordinasiyalı şəkildə və nəzarət altında fasiləsiz davam etdirilir. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə İranla bağlı son hərbi əməliyyatların gedişatı haqqında mühüm açıqlamalar verib. Tramp bildirib ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən bombardmanlar nəticəsində 48 İranlı lider öldürülüb. Prezident əldə olunan nəticəni böyük uğur adlandıraraq, tək bir zərbə ilə bu qədər rəhbər şəxsin məhv edilməsinin inanılmaz olduğunu və prosesin sürətlə irəlilədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bir az əvvəl dünya gündəmini sarsıdan rəsmi bəyanatla çıxış edib. Tramp Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə başladığını elan edib. Prezident Tramp çıxışında bu ifadələri işlədib: "Bir az əvvəl İranda genişmiqyaslı döyüş əməliyyatlarına başladıq. Məqsədimiz İran rejimindən gələn qaçılmaz təhdidləri aradan qaldırmaqla Amerika xalqını müdafiə etməkdir." Bu bəyanat ABŞ-ın Orta Şərq siyasətində yeni və birbaşa hərbi toqquşma mərhələsinə keçdiyini rəsmən təsdiqləyir.
"Reuters" xəbər agentliyi yüksək rütbəli bir İran rəsmisinə istinadən xəbər verir ki, İsrail və ABŞ-ın birgə həyata keçirdiyi hava zərbələri zamanı paytaxt Tehranın cənub hissəsində yerləşən bir neçə nazirlik binası hədəf alınıb. Mənbənin bildirdiyinə görə, zərbələr dövlət idarəçiliyi və təhlükəsizlik koordinasiyasında mühüm rol oynayan hökumət binalarını vurub. Tehranın cənub rayonlarında baş verən bu partlayışlar dövlət aparatının mülki və hərbi logistika qanadlarını iflic etmək məqsədi daşıyıb. Hazırda zədələnmiş nazirliklərin dəqiq siyahısı və itkilərin miqyası rəsmi orqanlar tərəfindən dəqiqləşdirilir.
İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı. İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.İsrail müdafiə nazirliyinin verdiyi açıqlamada İran ərazisində ümumilikdə ondan çox hərbi obyektin vurulduğu bildirilib. Hadisə ilə bağlı açıqlama verən İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bəyan edib.