#İsrail Qətər gərginlik

İsrailin Baş naziri Benyamin Netanyahu, Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmadığı təqdirdə yenidən hücum edəcəkləri ilə hədələyib. İsrail Baş Nazirlik Ofisinin ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabından yayımlanan video müraciətində qeyd olunur. "Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik." - deyə Netenyahu qeyd edib. Netanyahu həm Qətərə, həm də HƏMAS nümayəndələrinin olduğu bütün ölkələrə səsləndiyini bildirib. O, HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində həyata keçirdiyi gözlənilməz hücumu 11 Sentyabr terror hücumları ilə müqayisə edərək, Dohaya qarşı edilən hücumu haqlı çıxarmağa çalışıb.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, İslam dünyasını vahid və praktiki mövqedən çıxış etməyə çağırıb. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparan Pezeşkian vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti bölgəni qeyri-sabitliyə sürükləyir.

BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirəcəyi iclasda İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücumu müzakirə edəcək. Bununla bağlı məlumatı sentyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın daimi nümayəndəliyi yayıb. “Gündəliyin ‘Yaxın Şərqdə vəziyyət’ bəndi üzrə iclas sabah saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) keçiriləcək” – deyə nümayəndəlik jurnalistlərə açıqlama verib.

Qəzza münaqişəsinin həlli üzrə danışıqlar, Qətərin vasitəçi rolunu oynadığı proses, İsrailin Dohaya endirdiyi zərbədən sonra dayandırılıb. Bu barədə ölkənin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani açıqlama verib. “Qəzza ilə bağlı danışıqlar prosesinin uğurlu alınması üçün bütün səylərimizi göstərdik. Qəzzaya qarşı təcavüzün dayandırılması üçün əlimizdən gələni etdik. Hazırkı danışıqlara gəldikdə isə, bu gün şahidi olduqlarımızdan sonra onların davam edə biləcəyinə inanmıram” - deyə o, Dohada keçirilən mətbuat konfransında bildirib.

İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.