ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə təkrar hücum etməyəcəyini söyləyib. Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə endirdiyi hava hücumu ilə bağlı danışıb. Qətərin "çox yaxşı bir müttəfiq olduğunu və bir çox insanın bunun fərqində olmadığını" deyən Tramp, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə yenidən hücum etməyəcəyini bildirib. Tramp, İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağını vurğulayaraq, “Netanyahunun Qətəri vurmayacağını, bəlkə də onların (HƏMAS-ın) ardınca gedəcəyini” ifadə edib.
#İsrail Qətər gərginlik
İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.
Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.
İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub. Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı səsləndirdiyi bəyanatları pisləyib. Bildirilib ki, İsrail hakimiyyətinin bu cür bəyanatları və təcavüzkar fəaliyyətləri, eləcə də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki dağıdıcı siyasətlərinə qarşı real tədbirlər görməyə məcbur edir. Xatırladaq ki, çərşənbə günü Netanyahu “X” sosial şəbəkəsində paylaşdığı videoda Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmalı və ya “ədalətə təhvil verməli” olduğunu deyib və “Əgər bunu etməsəniz, biz edəcəyik”, - deyə əlavə edib.
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.
Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.
Vaşinqton İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı hücumunda məsuliyyət daşıyır. Bu barədə HƏMAS-ın sözçüsü Fauzi Bərhum mətbuat konfransında bildirib. “ABŞ administrasiyası bu cinayətin şərikidir” – deyə o vurğulayıb. Bərhum həmçinin hücumu danışıqlar prosesinin tamamilə məhv edilməsi kimi qiymətləndirib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı hədələyici bəyanatlarını kəskin şəkildə pisləyib. Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin direktoru Əfra əl-Hamli “X” sosial şəbəkəsində açıqlama yayıb. “Qardaş Qətər dövlətinin təhlükəsizliyi və sabitliyi, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir. Hər hansı Körfəz ölkəsinə hücum, birgə körfəz təhlükəsizlik sisteminə hücum deməkdir”, - bəyanatda vurğulanıb
İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terrorçu İsrailin Qətərdə Həmasın danışıqlar heyətini hədəfə aldığı hücuma dair açıqlama verib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. “İsrail, Qətərə qarşı həyata keçirdiyi alçaq hücumla bölgədə hüquq tanımayan, beynəlxalq normaları ayaqlar altına alan hücumlarına bir yenisini əlavə etmişdir. Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”- deyə Aktürk qeyd edib.
İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.