ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bildirib ki, İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Küveytdəki ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücum “uğursuz olub”. CENTCOM hava müdafiəsi sistemlərinin çoxsaylı PUA-ları uğurla vurduğu, ABŞ hərbçilərinə və mövcudluğuna isə heç bir zərərin dəymədiyi bildirilib.
#İran-ABŞ qarşıdurması
İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsi pozmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, atəşkəsin hər hansı bir cəbhədə pozulması bütün cəbhələrdə pozulması anlamına gəlir. İsrailin Livandakı suverenliyi və ərazi bütövlüyünü pozması, bombardman kampaniyası nəticəsində minlərlə insanın həlak olması, iki milyon nəfərin evsiz qalması və mülki infrastrukturların dağıdılması son iki ayda baş verib.
İran mediası ABŞ ilə mümkün sazişin layihəsinin hələ də Tehranda incələndiyini və hələlik rəsmi cavabın göndərilmədiyini bildirib. İranın Mehr Xəbər Agentliyi ABŞ ilə danışıqlar prosesinə dair məlumatlı mənbəyə istinadən yayımladığı xəbərdə qeyd edib ki, layihə hələ də Tehran tərəfindən nəzərdən keçirilir və danışıqların vasitəçisi olan Pakistan tərəfinə heç bir rəsmi cavab verilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqlarla bağlı nikbin açıqlama verib. Fidanın sözlərinə görə, ABŞ-İran müharibəsində diqqət hazırda Hörmüz boğazına yönəlib. O qeyd edib ki, boğazın faktiki blokadası həm Vaşinqton, həm də Tehran üçün ciddi təzyiq yaradır və bunun beynəlxalq təsirləri olduqca böyükdür.
ABŞ-ın maliyyə naziri Skott Bessent İran iqtisadiyyatının “çökmə həddinə çatdığını” iddia edib. Onun sözlərinə görə, bu proses “rəqəmsal cüzdanların birbaşa ələ keçirilməsi” kimi həyata keçirilib. Nazir iddia edib ki, İran iqtisadiyyatı ciddi böhran içindədir: hərbçilərin 40–50 faizi maaş almır, polis qüvvələri xidmətə çıxmır, inflyasiya 200 faizdən yuxarıdır və hökumət ərzaq talonları paylayır.
Kaya Kallas ABŞ və İran arasında yaranmış gərgin vəziyyətlə bağlı açıqlama verib. Kallas bildirib ki, tərəflər hazırda “müharibə və sülh arasında olduqca təhlükəli bir zona”dadır və vəziyyətin daha da gərginləşməsi heç kimin maraqlarına uyğun deyil.
İranın ali lideri Müctəba Xamenei Körfəz regionunda ABŞ-ın hərbi bazaları üçün “təhlükəsiz sığınacaq” olmayacağını açıqlayıb. Bildirilir ki, İran və Vaşinqton arasında üç ay davam edən müharibəyə son qoymaq üçün çərçivə razılaşması müzakirə olunur.
Pakistanın ordusunun komandanı Asim Munir və Baş nazir Şahbaz Şərif ABŞ-İran arasında sülh sazişi üçün aparılan vasitəçilik səyləri çərçivəsində Çinə səfər edib. Asim Munir son həftə Tehran səfərində Pakistanın daxili işlər naziri Mohsin Naqvi ilə birlikdə ABŞ-İsrail-İran münaqişəsinin həllinə yönəlmiş diplomatik görüşlərdə iştirak etmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün yeni qarşıdurma ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın son müharibə dövründə əldə etdiyi təcrübə və kəşfiyyat məlumatları gələcək hərbi ssenarilərdə ciddi fərqlər yarada bilər.
İran Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ-ın “ziddiyyətli və həddindən artıq davranışlarını” diplomatik proseslərdə ciddi maneə hesab edib. Əraqçi Pakistan Daxili İşlər Naziri Mohsin Naqvi ilə görüşündə keçmişdəki vədlərin pozulmasının Tehranın ABŞ-a qarşı dərin etimadsızlığının səbəbi olduğunu vurğulayıb.
ABŞ-ın İranın neft sektoruna tətbiq olunan sanksiyaların danışıqlar müddətində müvəqqəti dayandırılmasını qəbul etdiyi iddia edilir. Mənbə bildirir ki, Vaşinqton Tehranın neft sektoruna tətbiq olunan sanksiyaların müzakirələr dövründə dayandırılmasına razılıq verib və İran ilə ABŞ tərəfindən irəli sürülən təkliflərdə şərtlərin “bir-birinə yaxınlaşdığı” qeyd olunur.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran heç bir gücə boyun əyməyəcək və ölkənin şərəfini rahatlıq və maddi maraqlar naminə fədakarlıq etməyəcək. Pezeşkian bildirib ki, ölkənin haqlarını müdafiə etmək üçün hər zaman məntiqli və sübutlara əsaslanan yanaşma tətbiq olunacaq