Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigesin ABŞ-a səfər edəcəyi bildirilir. Bundan əvvəl ABŞ Konqresində Venesuela müxalifətinin lideri Maria Korina Maçado ölkənin yeni lideri kimi seçilib. Məlumata əsasən, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Kapitoliyada keçirilən qapalı görüşdən sonra Maçadoya tam dəstək verdiklərini bəyan ediblər.
#Venesuela xəbərləri
Venesuela müvəqqəti dövlət başçısı Delsi Rodriges ölkənin xam neft satışından 300 milyon dollar gəlir əldə etdiyini açıqlayıb. Rodrigesin sözlərinə görə, ilkin mərhələdə nəzərdə tutulan 500 milyon dolların 300 milyon dolları Venesuela Mərkəzi Bankının hesabına köçürülüb. O, bu vəsaitin daxili bazarın möhkəmləndirilməsi və iqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ-nin Venesuelaya əməliyyatına Elon Maskdan dəstək gəldi. Mask Venesuelaya 1 ay ərzində Starlink vasitəsilə pulsuz internet veriləcəyini bildirib. Məşhur milyarder Elon Mask ABŞ-nin yanvarın 3-də Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra, öz şirkəti Starlink vasitəsilə ölkəyə 1 ay pulsuz internet təqdim edəcəyini açıqlayıb. Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb. Maduroya qarşı “amansız bir tiran” ifadəsini işlədən Mask, özünə məxsus X sosial media platformasında “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” sözlərini paylaşıb.
Kolombiya Prezidenti Gustavo Petro ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini tənqid edib və belə bir hərəkətin dünya tarixində hətta “diktatorlar” tərəfindən belə edilmədiyini bildirib. Petro ABŞ mərkəzli X şirkətinin sosial media hesabından paylaşımında vurğulayıb ki, ABŞ insanlıq tarixində bir Cənubi Amerika ölkəsinin paytaxtını bombalayan ilk ölkədir. “Ne (İsrail Baş Naziri Binyamin) Netanyahu, ne (Nazi diktator Adolf) Hitler, ne (İspan diktatoru Francisco) Franco, ne də (Portuqaliya diktatoru Antonio de Oliveira) Salazar bunu etdi.” - deyə o qeyd edib.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.
Papa XIV Leo bazar günü ABŞ əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada xalqın rifahının üstün tutulmalı olduğunu bildirib və ölkənin suverenliyinin təmin edilməsinə çağırıb.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) Venesuela paytaxtı Karakasda baş verən partlayışlar və "davam edən hərbi fəaliyyətlər" səbəbindən Venesuela hava sahasında ABŞ ticarət uçuşlarını müvəqqəti olaraq dayandırıb. FAA açıqlamasında bu qərarın səbəbi kimi ölkədə davam edən hərbi əməliyyatlar göstərilib. Venesuela hökuməti tərəfindən yayımlanan yazılı açıqlamada ABŞ-ın Karakas, Miranda, Aragua və La Guaira əyalətlərindəki sivil və hərbi obyektlərə qarşı həyata keçirdiyi iddia olunan hücumlar "qətiyyətlə rədd edilir və pislənir" deyə bildirilib.
Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edən qərar imzalayıb. Bu qərarla birlikdə hökumət xalqı, ordu və polisi tammiqyaslı səfərbərliyə çağırıb. Venesuela Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Maduro bütün milli müdafiə planlarının işə salınmasını tapşırıb. Nazirlik son hücumların arxasında ABŞ-ın dayandığını iddia edərək, paytaxt Karakas da daxil olmaqla yaşayış məntəqələri, sivil və hərbi obyektlərin hədəfə alındığını bildirib.
Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabında verdiyi açıqlamada, Venesuela paytaxtı Karakasın raket hücumları ilə bombalandığını bildirib. Prezident Petro dünya ictimaiyyətinə çağırış edərək, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Dövlətləri Təşkilatının (OEA) bu hücumlara dərhal reaksiya verməsi üçün toplanmasını tələb edib. “Hazırda Karakas bombardmana məruz qalır, Venesuela hücum altındadır.” - deyə Petro qeyd edib.
Bu günü Venesuelanın paytaxtı Karakasda təyyarələrin uçuş səsi, güclü partlayışa bənzər gurultular və ən azı bir tüstü sütunu müşahidə olunub. Məlumata görə, şəhərin əsas hərbi bazalarından birinin yerləşdiyi cənub bölgəsində elektrik enerjisi kəsilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi üçün təzyiqləri artırmaq məqsədilə bu ölkədə quru əməliyyatları aparılacağına dair dəfələrlə vədlər verib. Bu təzyiqlərə genişləndirilmiş sanksiyalar, regionda ABŞ hərbi mövcudluğunun gücləndirilməsi, eləcə də Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia olunan gəmilərə qarşı iki ondan çox zərbənin endirilməsi daxildir.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların yaxın vaxtlarda qurudan müdaxilələrlə də genişlənəcəyini bəyan edib. Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyasının Venesuela üzərində təzyiqi artırdığını vurğulayıb.