#Venesuela xəbərləri

Cənubi Koreya ABŞ ilə yaşadığı siyasi anlaşmazlıqlar səbəbindən Venesuelanın sərhəd bölgələri olan Zulia, Tachira, Apure və Sucre əyalətlərinə səyahət qadağası tətbiq edib. Cənubi Koreya Xarici İşlər Nazirliyi Venesuela üçün ən yüksək səviyyəli, 4-cü səviyyə səyahət xəbərdarlığını elan edib. Ölkənin digər bölgələri üçün isə 3-cü səviyyəli səyahət xəbərdarlığı verilib və vətəndaşlara həmin bölgələri tərk etmələri tövsiyə olunub. Açıqlamada qeyd olunub ki, qadağa tətbiq olunan ərazilərə xüsusi icazə olmadan gedən və ya qalan şəxslərə cinayət məsuliyyəti tətbiq oluna bilər.

Venesuela vitse-prezidenti Delsi Rodriges ABŞ-ın Karib dənizindəki hərbi hərəkətliliyini “ölkəni 51-ci ştat etməyə yönəlmiş təzyiq” kimi qiymətləndirib. O, Karakasda çıxış edərək Venesuelanın müstəqil qalmaqda qətiyyətli olduğunu bildirib. Daxili İşlər Naziri Diosdado Kabelyo isə mümkün hərbi müdaxilə ehtimalına qarşı hazırlıqların davam etdiyini açıqlayıb. ABŞ-ın narkotiklə mübarizə adı altında bölgəyə döyüş gəmiləri və USS Gerald R. Ford təyyarədaşıyanını göndərməsi həm Venesuelada, həm də beynəlxalq ictimaiyyətdə narazılıq doğurub.

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada hücumu təsdiqləyib. O bildirib ki, əməliyyatın həyata keçirilməsi barədə əmri müdafiə naziri Pit Hegset verib. Trampın sözlərinə görə, kəşfiyyat məlumatları qayığın “narkotik qaçaqmalçılığı və beynəlxalq narko-terror şəbəkələri ilə əlaqəsi olduğunu” göstərib. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim olunmayıb.

Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib. Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb. Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib. Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.

Venesuela prezidenti müavini və neft naziri Delsi Rodriges ABŞ-ı ölkəsinin sahillərindən və ərazisindən uzaq durmağa çağırıb. “Öz problemlərinizi həll edin və sahillərimizdən, torpaqlarımızdan uzaq durun. Əgər ABŞ ölkəmizə hücum etməyə cəhd edərsə, Venesuela onların ən böyük kabusuna çevriləcək” – deyə Rodriges Vaşinqton rəhbərliyinə səslənib. O, ABŞ-ın Venesuelanın zəngin enerji ehtiyatlarına əl qoymaq niyyətində olduğunu iddia edərək əlavə edib: “Onlar anlamalıdırlar ki, ABŞ təbiəti istismar edən imperialist və ekspansionist bir dövlətdir. Digər ölkələrə öz müstəmləkəsi kimi baxır. Halbuki bu gün özü sosial, iqtisadi və siyasi böhran içindədir.”

ABŞ prezidenti Donald Trampın Latın Amerikasında narkotik kartellərinə qarşı yerüstü əməliyyatlar üçün sərəncam imzaladığı və avqustun 15-də 3 hərbi gəminin Venesuela sahillərinə göndərilməsinə göstəriş verdiyi bildirilir. CNN-ə danışan hərbi məmurlar, 4000 dəniz piyadasının yerləşdirilməsinin Trampın əmri ilə həyata keçirildiyini təsdiq edib. Venesuela lideri Nikolas Maduro isə ABŞ-ın bu hərəkətlərinin ölkəsində rejim dəyişikliyi məqsədi daşıdığını iddia edərək, “Onlar Venesuelaya girə bilməzlər. Biz sülh və suverenliyimizi müdafiə edəcəyik,” – deyib. Maduro, ABŞ-ın özünü narkotik kartelinin lideri kimi təqdim edərək başına 50 milyon dollar mükafat qoyduğunu xatırladıb və ölkəsinin hava və quru patrullarını artırdığını açıqlayıb.

Hərbi forma geyinərək Karakasın Makarao rayonunda keçirilən 2-ci İnqilab Xüsusi Əməliyyatlar Kursunun bağlanış mərasimində çıxış edən Prezident Nikolas Maduro, ABŞ Prezidenti Donald Trampın “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Karib dənizinə hərbi birləşmələr göndərmə qərarını sərt şəkildə tənqid edib. Maduro, “Onların Venesuelaya girməsinin heç bir yolu yoxdur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bu mühasirə, təqib və qeyri-qanuni təhdidlər bizim gücümüzü artırır,” - deyə bildirib.

“Washington Post”un məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Karib dənizi və Sakit okean sularında həyata keçiriləcək əməliyyat çərçivəsində gəmilərin yerləşdirildiyini bildiriblər. Hərbi gəmilər Mərkəzi və Cənubi Amerika ölkələri yaxınlığında fəaliyyət göstərəcək. Məlumata görə, bölgəyə üç esmines (USS Gravely, USS Jason Dunham, USS Sampson), iki desant dok gəmisi, bir amfibiya hücum gəmisi, bir sürətli döyüş gəmisi və bir sahil döyüş gəmisi (LCS) göndərilib. Rəsmilər esmineslərin Venesuela sahillərinə “çox yaxın” olmadığını xüsusi vurğulayıblar. Ekipaj heyətində narkotik əməliyyatlarına cavabdeh zabitlərin də yer aldığı bildirilir.

Petro, X platformasında Gimenezin “Qustavo Petro öz həbs cəzasına imza atdı” sözlərinə cavab olaraq, “Siz Pinoçeti mühakimə edə bilərdiniz, amma o sizin müttəfiqiniz idi. Venesuelaya daşınan kokain alanlara dair sübutlarım var. Əgər həqiqət həbsxana deməkdirsə, mən həbsxanaya gedəcəm,” - ifadəsini işlədib. Gimenez, Petronun “Cartel de los Soles kimi təşkilat yoxdur” sözlərinə reaksiya verərək, bunun “son dərəcə ciddi ittiham” olduğunu və ABŞ Konqresinin buna zarafat kimi baxmayacağını bildirib. Petro isə bu iddianı “ifrat sağçıların hökumətləri devirmək üçün bəhanəsi” kimi qiymətləndirib. O, avqustun 26-da “Kartel de los Soles”in mövcud olmadığını, bunun ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hədəf almaq üçün uydurulduğunu iddia edib.

Venesuelanın xarici işlər naziri İvan Gil, Telegram-da ABŞ-ın USS Lake Erie raket kreyseri və USS Newport News nüvə sualtı qayığını Karibə göndərməyi planlaşdırdığını bildirib. Venesuelanın BMT-dəki nümayəndəliyi bu addımı “regional sülhə təhdid” kimi qiymətləndirib. Venesuela müdafiə naziri Vladimir Padrino Lopez, “Katatumbo İldırımı” əməliyyatı çərçivəsində Karib sularına daha böyük gəmilər və pilotsuz uçuş aparatları yerləşdirəcəklərini açıqlayıb. 15,000 əsgər Kolumbiya sərhədinə göndəriləcək. Lopez, Maracaibo gölü və Venesuela körfəzində dəniz patrulları və vətəndaş xidmət məntəqələri quracaqlarını bildirib.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizinə üç hərbi gəmi göndərməsi qərarından sonra Milli Bolivarçı Milis Gücünə yüzlərlə vətəndaşın könüllü yazıldığını açıqlayıb. Dövlət televiziyasına müsahibəsində çıxış edən Maduro qeydiyyat prosesinin “son dərəcə uğurlu” keçdiyini vurğulayıb. O bildirib ki, xalq ABŞ gəmilərinə qarşı böyük vətənpərvərlik nümayiş etdirir və bu proses bazar günü də davam edəcək.