#Almaniya

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib. X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir

Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.

Fələstinin xarici işlər naziri Varsen Ağabekyan iki dövlətli həll modelini dəstəkləyən və beynəlxalq hüquqa inanan ölkələrin Fələstin Dövlətini tanımalı olduğunu bəyan edib. Ağabekyan qeyd edib ki, İsrailin davam edən hücumları səbəbindən tam və davamlı atəşkəs təmin olunmayıb. O, humanitar yardımların mövcud ehtiyacları qarşılamadığını, eyni zamanda işğal altındakı Qərb Sahilində torpaqların mənimsənilməsi prosesinin davam etdiyini vurğulayıb.

Çin Xarici İşlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa, Almaniya və Britaniyalı həmkarları ilə görüşərək Pekini etibarlı tərəfdaş kimi təqdim edib. Nazir vurğulayıb ki, Çinin inkişafı Avropa üçün təhdid deyil, əksinə bir fürsətdir və tərəflər rəqib yox, tərəfdaş kimi hərəkət etməlidir. Görüşlər Avropa İttifaqının Çindən strateji asılılığı azaltmaq cəhdləri və elektrikli avtomobil ixracı ilə bağlı yaranan rüsum mübahisələri fonunda baş tutub. Van İ Avropanı "rasional və praqmatik" siyasət yürütməyə çağıraraq, birtərəfli addımların və proteksionizmin qlobal sabitliyə zərər verdiyini bildirib. O, iqtisadi əlaqələri "təməl daşı" adlandırıb və qarşılıqlı asılılığın təhlükəsizliyə risk yaratmadığını qeyd edib.

NATO Arktikada fəaliyyətini genişləndirərək Qrenlandiyada yeni “Arctic Sentry” təşəbbüsünü işə salmağa hazırlaşır. Alyansın bu addımı rəsmi olaraq regionda artan təhlükəsizlik çağırışlarına cavab kimi təqdim edilsə də, diplomatik mənbələr təşəbbüsün əsasən siyasi və kommunikasiya xarakteri daşıdığını bildirirlər.

İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib. İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.

Ölkəmizin milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib. 3 günlük sərgi çərçivəsində təxminən 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.