#Bakı

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

Pakistanın informasiya naziri Ataullah Tarar Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə rəsmi İslamabadın bölgədəki hərbi eskalasiya ilə bağlı mövqeyini açıqlayıb. Nazir Pakistanın regionda sülhün tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, : "Pakistan gərginliyin azaldılmasına töhfə vermək istəyir. İrana qarşı həyata keçirilən hərbi hücumları pisləyirik və eyni zamanda Körfəz ölkələri ilə həmrəy olduğumuzu ifadə edirik." O, tərəfləri hərbi əməliyyatları dayandırmağa və gərginliyi azaltmağa çağırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində jurnalist və yazıçılarla keçirilən iftar proqramında İsrailin regiondakı hərbi fəaliyyətlərini və dezenformasiya ilə mübarizənin əhəmiyyətini kəskin tənqid edib. Prezident Ərdoğan çıxışında xüsusi vurğulayıb ki, İsrailin addımları yalnız təhlükəsizlik məsələsi deyil, həm də müsəlmanların ilk qibləsi olan Məscid-i Əqsanı ibadətə bağlamaqla dini azadlıqlara qəsddir. O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu xüsusi vurğulyıb: "İsrailin rəhbərlik etdiyi bir müharibə gedir. Əvvəl Qəzza, sonra Livan, ardınca isə İranı hədəf alan bu hücumların pərdəarxası mütləq ifşa edilməlidir".

ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi münaqişənin gedişatı barədə mühüm açıqlamalar verib. Ağ Ev rəhbəri əməliyyatların uğurla davam etdiyini, İran rəhbərliyinin iflic vəziyyətinə düşdüyünü və yaxın vaxtlarda neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib.

16 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər.

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İranla müharibədə Vaşinqton və Tel-Əvivə dəstək verməməsinə kəskin reaksiya verərək, artıq alyansın yardımına ehtiyac duymadıqlarını bəyan edib.Prezident NATO ölkələrinin əməliyyatda iştirakdan imtina etməsini "axmaqca bir səhv" adlandırıb. "Hər il bu ölkələri qorumaq üçün yüz milyardlarla dollar xərcləyirik, lakin ehtiyacımız olanda onlar bizim üçün heç nə etmirlər. NATO həmişə birtərəfli yol olub", - deyə Tramp bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ İran ordusunu və rəhbərliyini zəiflətməkdə böyük uğurlar əldə etdiyi üçün artıq nə NATO-nun, nə də Yaponiya, Avstraliya və ya Cənubi Koreyanın hərbi köməyinə ehtiyacı var.

Təşkilatın qlobal təchizat zənciri təhlükəsizliyi üzrə direktoru Villem Zuydema Reuters agentliyinə bildirib ki, Hörmüz boğazının bağlanması və hava məkanındakı məhdudiyyətlər səbəbindən Dubay limanlarında 600 min dollar dəyərində həyati vacib dərman preparatı qalıb. Bu ləvazimatlar Sudanda təxminən 400 min xəstəyə xidmət edən 90-a yaxın dövlət klinikası üçün nəzərdə tutulub. Əgər marşrutlar dərhal dəyişdirilməsə, ölkədə antibiotiklər, malyariya əleyhinə preparatlar və uşaq peyvəndlərinin ehtiyatı tamamilə tükənəcək.

Müzakirələrin əsas mövzusu ABŞ-İsrail və İran arasındakı müharibənin region ölkələrinə və beynəlxalq nizama yaratdığı risklər olub. Hakan Fidan müharibənin uzanmasının fəlakətli nəticələrə yol aça biləcəyini diqqətə çatdıraraq, tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırıb. Eyni zamanda, nazirlər Ukrayna-Rusiya müharibəsinin mövcud vəziyyətini də nəzərdən keçiriblər. Fidan rəsmi Ankaranın Moskva və Kiyev arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Məlumata görə, əsgərlər avtomobil və motosikletlə hərəkətdə olarkən hədəfə alınıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və araşdırma aparıldığını bildiriblər. İsrail tərəfi əməliyyatların Livan ordusuna qarşı deyil, "Hizbullah" qruplaşmasına qarşı yönəldiyini iddia edir. Lakin son günlərdə Livan ordusunun sıralarında itkilərin artması müşahidə olunur.

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib. Nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.