#İran nüvə təhlükəsi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyətinin (BoG) İranın sülh məqsədli nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnaməni qanunsuz və əsassız adlandırıb. Nazirliyin bəyanatında qətnamənin ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın təzyiqi ilə qəbul edildiyi qeyd olunub. Qətnamə 20 noyabr 2025-ci il tarixində üç Avropa ölkəsi (Fransa, Böyük Britaniya, Almaniya) tərəfindən ABŞ-ın dəstəyi ilə irəli sürülüb və 19 səs lehinə, 12 bitərəf və 3 əleyhinə olmaqla qəbul edilib.

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və onun müttəfiqlərini İranın elmi nailiyyətlərinə qarşı gərginliyi artırmaqda ittiham edib. Yəmənin “Əl-Məsirə” televiziyasına müsahibəsində İslami, İranın dinc nüvə obyektlərinə edilən hücumların ölkənin elmi potensialına qarşı görünməmiş təcavüz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumların vaxtı və xarakteri qarşıdurmanın yeni və təhlükəli mərhələyə adladığını göstərir. İslami İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq qeyd edib ki, “Tehran heç vaxt öz hüquqlarından güzəştə getməyəcək və heç kimə iradəsini diktə etməyə icazə verməyəcək.”

İran ABŞ-lə nüvə danışıqları aparmayacaq. Bu sözləri İran Xarici İşlər Naziri Abbas Əraqçi İranın nüvə proqramına dair verdiyi açıqlamada bildirib. Əraqçi deyib ki, İran nüvə fəaliyyətlərindən vaz keçməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq. “Heç bir ağıllı insan silahsızlanmanı qəbul etməz. Uranı zənginləşdirməyi dayandırmaq mümkün deyil. Müharibə ilə əldə edilməyən şey siyasətlə verilməz. Tehran nüvə fəaliyyətlərinin dinc xarakterli olduğundan əmindir və narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır. Lakin birbaşa görüş niyyətində deyilik. Ədalətli razılaşmağa gəlmək mümkündür, lakin Vaşinqton qəbulolunmaz şərtlər irəli sürüb. ABŞ öz tələb və şərtlərini yerinə yetirməyimiz üçün təkid etməsə, dolayı görüşlər vasitəsilə ədalətli razılığa gələ bilərik”-deyə nazir bildirib.

İranın hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Gəribabadi bildirib ki, Rusiya, Çin və İranın səfirləri və BMT yanında daimi nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə birgə məktub göndəriblər. Gəribabadi öz “X” hesabında yazıb ki, Rusiya, Çin və İranın 18 oktyabr tarixində BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə 2231 saylı qətnamənin qüvvədən düşməsi barədə birgə məktub göndərməsindən sonra, bu gün Xarici İşlər Nazirliyinin diplomatik təşəbbüsləri çərçivəsində həmin üç ölkənin MAQATE yanındakı səfirləri və daimi nümayəndələri Agentliyin Baş direktoruna birgə məktub göndəriblər.

İranın raket arsenalı İsrail üçün fövqəladə narahatlıq mənbəyidir və bu, yəhudi dövlətinin təhlükəsizlik baxımından bu təhdidi neytrallaşdırma ehtiyacını İranın nüvə məsələsini həll etməkdən daha təcili bir prioritet halına gətirə bilər. Tehran nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığı barədə qəti qərar verilməsə də, Təl-Əviv onun dinc məqsədli olmadığını dəfələrlə bəyan edib.

İranın iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinin hazırda bərpası müşahidə olunmur. İsrail ordusu isə bu mərhələdə həmin obyektlərə yeni zərbələr endirməyi planlaşdırmır. Bunu İsrail ordusunun Baş Qərargahının Əməliyyat İdarəsinin briqada komandiri İsrail Şumer ordu radiosuna müsahibəsində bildirib. “Hazırda müharibə zamanı zədələnmiş İranın nüvə və raket imkanlarının bərpası aparılmır” - deyə, Şumer qeyd edib.

Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.