#Rusiya Ukrayna danışıqları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada bir araya gələcəklər. Ərdoğan ilə Ukraynalı həmkarı Zelenski arasında keçiriləcək görüşün detalları Prezidentin Kommunikasiya rəhbəri Burhanəddin Duran tərəfindən paylaşılıb. Liderlərin bu ilki üçüncü üz-üzə görüşü yenə Prezidentlik Külliyəsində keçiriləcək və görüşün əsas gündəm mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.

Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesi üçün liderlər səviyyəsində danışıqlara hazır olduğunu bildirib. Digər tərəfdən, Zelenski Rusiyaya qarşı sanksiyalar və tariflər daxil olmaqla bütün variantların masada olması lazım olduğunu vurğulayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keith Kellogg ilə görüşdüklərini bildirib. Zelenski Trampın sülhü təmin etmək mövzusundakı qətiyyətinə diqqət çəkərək“ABŞ-nin Ukraynanın təhlükəsizlik strukturlarında rol almağa hazır olmasını dəyərləndiririk. Komandalarımız da bu strukturu qurmaq üçün aktiv şəkildə işləyirlər.”- deyə qeyd edib. Zelenski, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və tariflər daxil olmaqla bütün vasitələrin masada qalmalı olduğunu qeyd edərək bildirib ki, “Biz liderlər formatında görüşməyə hazırıq. Əsas məsələlərin həlli üçün bu format zəruridir. Artıq Moskvadan da eyni qətiyyət gözlənilir.” - deyə Zelenski qeyd edib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.