#Rusiya Ukrayna danışıqları

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi ideyasını gündəmə gətirib. ABŞ ordusunun quru qoşunlarını yerləşdirməyəcəyini bildirən Tramp, hava hücumundan müdafiə, döyüş təyyarələri və kəşfiyyat imkanları ilə Avropa qoşunlarını dəstəkləmək variantlarını nəzərdən keçirdiklərini vurğulayıb. Müzakirələrdə Putinin iştirakı ilə sammit üçün üç şəhərin adı çəkilir: Budapeşt, Cenevrə və Moskva. Macarıstanın seçilməsi Zelenski üçün riskli hesab olunur, çünki baş nazir Viktor Orban Putinin yaxın müttəfiqi sayılır. Fransa prezidenti Emmanuel Makron isə Cenevrəni ən uyğun seçim kimi təqdim edib. Rusiya isə sammitin Moskvada keçirilməsini gündəmə gətirib.

NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.