#Qəzza humanitar böhranı

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı hökumətinin razılıq verdiyi barədə məlumatları təkzib edib. Netanyahunun ofisindən verilən açıqlamada İsrail siyasi rəhbərliyinin beynəlxalq qüvvələrin Qəzza zolağına daxil olmasına razılıq vermədiyi bildirilib. Sözügedən plan ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının iyulun 31-də açıqladığı yol xəritəsində yer alıb. Plana əsasən, Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarət altında milli komitəyə verilməsi, ABŞ generalının rəhbərliyi ilə beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgəyə yerləşdirilməsi, İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.

Qəzza zolağında 2023-cü ildə İsrailin hava zərbələri nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsayinə ailələrinin 112 üzvünün nəşi dağıntılar altından çıxarılaraq iki il yarımdan sonra kütləvi şəkildə dəfn edilib. Mərasim Qəzzada müharibənin başlanmasından bəri keçirilən ən böyük cənazələrdən biri kimi qiymətləndirilir.

"Sülh Şurası" yaxın həftələrdə Qəzza zolağında humanitar sığınacaq mərkəzlərinin idarə olunması üzrə pilot layihəyə başlamağı planlaşdırır. Bu arada HƏMAS beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgəyə yerləşdirilməsinin İsrail ordusunun pozuntularının dayandırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

HƏMAS Siyasi Bürosunun rəhbərlərindən biri olan Xəlil əl-Həyyənin oğlu Əzzam əl-Həyyə İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində həyatını itirib. Əzzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləsinə təşkil edilən hücum zamanı ağır yaralanıb və daha sonra aldığı xəsarətlərdən ölüb. Bu gün Qəzza şəhərində onun dəfn mərasimi keçirilib.

Səudiyyə Ərəbistanının Qahirədəki səfirliyində Krallığın Misir və Fələstinə qurbanlıq ət paylarının təhvil verilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Səudiyyə Ərəbistanının Misirdəki səfir müavini Xalid bin Hammad əş-Şəmmari tərəfindən idarə olunan mərasimdə Misir və Fələstinin hər birinə 30 min ədəd qurbanlıq heyvan payı təqdim edilib. Bu humanist aksiya Məkkə Şəhəri və Müqəddəs Yerlər üzrə Kral Komissiyası tərəfindən idarə olunan qurbanlıq heyvanlardan istifadə layihəsi çərçivəsində həyata keçirilib. Təhvil-təslim zamanı Fələstinin Qahirədəki səfiri Diab əl-Louh və Misir tərəfinin rəsmi nümayəndələri iştirak ediblər.

ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankarada rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merslə keçirilən birgə mətbuat konfransında Qəzza məsələsini müzakirə edib. Kanslerin “İsrail özünü müdafiə etdi” ifadəsinə açıq şəkildə etiraz edən Ərdoğan: “60 mindən çox uşaq, qadın və yaşlı həyatını itirib. HƏMAS-ın bombası, nüvə silahı yoxdur. Amma bütün bu silahlar İsrailin əlində var və istifadə edir. Qəzzə gecə-gündüz bombardman olunur. Bunları Almaniya görmürmü?”-deyib.

İsrail hökumətinin 2020-ci ildə Qətərin Qəzzaya birbaşa maliyyə dəstəyi göstərməsini təşviq etdiyi və bu fəaliyyətini yüksək qiymətləndirdiyi sənəd üzə çıxıb. Sənəddə bildirilir ki, Qətər hökuməti Qəzza Yenidənqurma Komitəsi və onun rəhbəri Məhəmməd əl-İmadi vasitəsilə bölgə əhalisinə maddi yardım göstərib, elektrik, infrastruktur, səhiyyə və yaşayış layihələrinə maliyyə dəstəyi verib.