#Humanitar yardım və diplomatiya

Türkiyənin AFAD və Türk Qızılayı tərəfindən hazırlanan, daxilində 730 ton humanitar yardım olan gəmi Livanın paytaxtı Beyrutun limanına çatıb. İsrailin hücumları nəticəsində ölkə daxilində bir milyondan çox insanın (əhalinin təxminən 20%-i) didərgin düşməsi fonunda göndərilən bu yardım paketinə 7 min 200 çadır, 10 mindən çox qida bağlaması, 28 min ədyal və minlərlə gigiyena dəsti daxildir. Yardımların Livan Yüksək Yardım Komitəsinə təhvil verilərək qısa müddətdə sığınacaq mərkəzlərində və ondan kənarda yaşayan ehtiyac sahibi ailələrə paylanması planlaşdırılır.

Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.