#İsrail

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş, son 24 saatda ikisi uşaq olmaqla 11 fələstinlinin aclıq və qida çatışmazlığından həyatını itirdiyini açıqlayıb. Burş, 2023-cü ilin oktyabrından bəri Qəzzada aclıqdan ölənlərin sayının 300-ə, onlardan 117-sinin uşaq olduğunu vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, Qəzza şəhərində 15 avqust 2025-ci il tarixinə qədər aclıq “fəlakətli” səviyyədədir. Hesabatda 22 aylıq münaqişə nəticəsində yarım milyondan çox insanın aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üzləşdiyi qeyd olunur.

Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi Livanın cənubunda fəaliyyət göstərən BMT Sülhməramlı Missiyasının (UNIFIL) gələcək taleyi ilə bağlı səsvermə keçirəcək. ABŞ və İsrailin etirazlarına baxmayaraq, Fransa tərəfindən hazırlanmış layihəyə əsasən, missiyanın fəaliyyəti daha bir il uzadılacaq, eyni zamanda mərhələli şəkildə geri çəkilməyə hazırlıq görüləcək.

Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı həmkarlar ittifaqı PAME-nin çağırışı ilə təşkil olunan etiraz aksiyasına yüzlərlə insan qatılıb. Sintaqma meydanında parlament binasının qarşısında toplaşan işçilər, məmurlar, təqaüdçülər və tələbələr İsrailin hücumlarını dayandırmağa çağırış ediblər. Etirazçılar Qəzzada həyatını itirən uşaqlara diqqət çəkmək üçün ağ kəfənə bürünmüş uşaq maketləri və tabutlarla aksiyada iştirak ediblər. Toplantı həmkarlar ittifaqı nümayəndələrinin çıxışları ilə başlayıb, daha sonra “Fələstinə azadlıq” şüarları səsləndirilib

Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib. Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.

Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya planlaşdırdığı işğalın bölgədə yaşayan milyonlarla insanı həyati təhlükə ilə üz-üzə qoyacağı barədə xəbərdarlıq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Qəzzanın işğalı soyqırımı və aclığı daha da dərinləşdirəcək, şəhərin infrastrukturu tamamilə dağıdılaraq 2 milyondan çox dinc sakini fəlakətə sürükləyəcək. Açıqlamada vurğulanıb ki, Qəzzada yaşanan aclıq təbii səbəblərdən deyil, İsrailin yardımı “müharibə silahı” kimi əngəlləmək məqsədli siyasətindən qaynaqlanır. “Beynəlxalq ictimaiyyətin bu aclığı dayandıra bilməməsi ölkələrin və qurumların mənəvi dəyərlərinə ciddi zərbə vurur”, – deyə bəyanatda bildirilib. Nazirlik həmçinin beynəlxalq qurumları, xüsusilə BMT-ni minlərlə insanın həyatını xilas etmək üçün məcburi addımlar atmağa çağırıb.

HƏMAS hərəkatı vasitəçilərin təklifini qəbul etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada işğal planı ilə razılaşmaya mane olduğunu açıqlayıb. Hərəkatın bəyanatında Netanyahunun məhbus mübadiləsi və atəşkəs razılaşmalarına əsas maneə olduğu vurğulanıb. “Biz qismən razılaşmanı qəbul etdik və hərtərəfli razılaşmaya hazır olduğumuzu nümayiş etdirdik, lakin Netanyahu bütün həll yollarını rədd edir”, – deyə HƏMAS bəyan edib. Qruplaşma Netanyahunun hər dəfə razılaşma yaxınlaşanda yeni şərtlər irəli sürdüyünü və danışıqları gecikdirdiyini bildirib. Bəyanatda həmçinin İsrailin soyqırım və aclıq siyasətinə qarşı rəsmi və ictimai təzyiqlərin artırılmasına çağırış edilib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.

İsrailin “Böyük İsrail” xülyası təkcə regionu deyil, bütün dünyanı təhdid edən təhlükədir. Bunu İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçi deyib. O, İsrailə qarşı İslam ölkələrinin ortaq mövqe göstərməsinin vacibliyini vurğulayıb. Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdakı günlərdə baş tutacaq Xarici İşlər Nazirləri toplantısının İslam ölkələri üçün tarixi dönüş nöqtəsi olmasının vacibliyini qeyd edib.

Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.