BAKI,VOA
Kəlbəcər rayonunda işğal dövründə vandalizmə məruz qalmış qəbiristanlıqların mövcud vəziyyəti qiymətləndirilib, onların bərpası və mühafizəsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
VOA xəbər verir ki, avqustun 3-də Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər.
Baxış zamanı işğal illərində vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların hazırkı vəziyyəti ilə tanış olunub.
Görüşdə bu ərazilərdə həyata keçiriləcək quruculuq və abadlıq işləri, tarixi-mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində planlaşdırılan tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, qəbiristanlıqlar xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və mədəni irsini yaşadan mühüm məkanlardır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə onların bərpası, mühafizəsi və dövlət reyestrinin aparılması xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Kəlbəcər sakinləri ilə də görüş keçirilib. Görüş zamanı rayonun tarixi-mədəni və dini irsinin, o cümlədən qəbiristanlıqların bərpası, abadlaşdırılması və gələcəkdə sistemli şəkildə idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, sakinlərin rəy və təklifləri dinlənilib.