Qətər Mərkəzi Bankı ölkə iqtisadiyyatının güclü göstəricilərini, iqtisadi şaxələnmənin davam edən dinamikasını və əsas makroiqtisadi göstəricilərin dayanıqlılığını əks etdirən 2025 ili üzrə İllik Makroiqtisadi İcmalını dərc edib. ArabAz xəbər verir ki, Mərkəzi Bank bildirib ki, illik icmal Qətər iqtisadiyyatının çətinliklərə sinə gərmək, iqtisadi sabitliyi qorumaq qabiliyyətini və dözümlülüyünü bir daha təsdiqləyir. Qurum mürəkkəb qlobal mühitə baxmayaraq 2025 ilində Qətərin real ümumi daxili məhsulunun 2.9 faiz artdığını diqqətə çatdırıb.
Karbohidrogen xaric sektorun ümumi daxili məhsulu da 4.8 faiz genişlənərək, Qətər Milli Vizyonu 2030 strategiyasına uyğun olaraq şaxələnmənin artımın əsas hərəkətverici qüvvəsi olduğunu göstərib.
Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı
İcmalın nəticələri həmçinin Qətərdə inflyasiyanın nəzarət altında qaldığını və 2025 ilində orta hesabla 0.5 faiz təşkil etdiyini göstərib. Mərkəzi Bank qiymət təzyiqlərinin əsasən müəyyən kateqoriyalar, o cümlədən zərgərlik və əlaqəli əşyalarla məhdudlaşdığını bildirib.
2025 ili ərzində Qətərdə daşınmaz əmlak qiymətləri də sabit qalıb ki, bu da bazarda nizamlı şəraitin olduğunu və həddindən artıq qızışma əlamətlərinin olmadığını göstərir. İcmalda turizm sektorunda davam edən artım da vurğulanıb. Ölkəyə gələn ziyarətçilərin sayı 2023 ilindəki 4.0 milyon və 2024 ilindəki 4.9 milyon nəfərdən artaraq 2025 ilində 5.1 milyon nəfərə çatıb. Mərkəzi Bank bunun Qətərin bölgədə aparıcı turizm məkanı kimi mövqeyini təsdiqlədiyini bildirib.
Bu arada, özəl sektor yüksəliş zonasında qalıb və Satınalma Menecerləri İndeksi 2025 ilində orta hesabla 51.2 bənd təşkil edərək 50 bəndlik artım həddini rahatlıqla keçib.
Qətər 2025 ilində xarici iqtisadi mövqeyini də güclü saxlayıb və ümumi daxili məhsulun 14.8 faizinə bərabər olan 116.2 milyard Qətər riyalı həcmində cari əməliyyatlar balansı profisiti qeydə alıb. Ölkənin maliyyə bazarları 2025 ilində davamlı dayanıqlılıq nümayiş etdirib və Qətər Fond Birjası İndeksi illik 1.8 faiz artım göstərib.
Mərkəzi Bank Qətərin Fond Birjasında siyahıya alınmış ilk ekoloji, sosial və korporativ idarəetmə standartlarına uyğun istiqraz və korporativ islam sükuku daxil olmaqla, yeni dayanıqlı və şəriətə uyğun alətlər vasitəsilə kapital bazarlarını dərinləşdirməyə davam etdiyini bildirib. Qurum həmçinin əlavə edib ki, Qətər 2025 ilində dəyərləndirmə agentlikləri tərəfindən yüksək suveren kredit reytinqlərini qoruyub. Ölkə S and P və Fitch tərəfindən AA, Moody’s tərəfindən isə Aa2 reytinqlərinə layiq görülüb və hər üç agentlik üzrə proqnoz sabit qiymətləndirilib.