Digər Xəbərlər

Bangladeşin Narsingdi bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində başkent Dakka şəhərində 3 nəfərin həyatını itirdiyi bildirilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Narsingdi şəhərinin təxminən 14 kilometr cənub-qərbində olduğunu açıqlayıb. Zəlzələ təxminən 10 kilometr dərinlikdə baş verib.

Venesuela vitse-prezidenti Delsi Rodriges ABŞ-ın Karib dənizindəki hərbi hərəkətliliyini “ölkəni 51-ci ştat etməyə yönəlmiş təzyiq” kimi qiymətləndirib. O, Karakasda çıxış edərək Venesuelanın müstəqil qalmaqda qətiyyətli olduğunu bildirib. Daxili İşlər Naziri Diosdado Kabelyo isə mümkün hərbi müdaxilə ehtimalına qarşı hazırlıqların davam etdiyini açıqlayıb. ABŞ-ın narkotiklə mübarizə adı altında bölgəyə döyüş gəmiləri və USS Gerald R. Ford təyyarədaşıyanını göndərməsi həm Venesuelada, həm də beynəlxalq ictimaiyyətdə narazılıq doğurub.

İran, sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzaladığı və əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçi, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın MAQATE İdarə Heyətinə Tehran əleyhinə qərar layihəsi təqdim etməsindən sonra bu açıqlamanı verib. Əraqçi bildirib ki, qərar layihəsini təqdim edən ölkələr İranın yaxşı niyyətini nəzərə almadan MAQATE-nin etibarlılığına və müstəqilliyinə xələl vurublar və agentlik ilə İran arasındakı əməkdaşlıq prosesini pozublar. O, eyni zamanda, sentyabr ayında MAQATE ilə imzalanan əməkdaşlıq anlaşmasının artıq qüvvədə olmadığını vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat və giriş tələblərini əhatə edən qətnaməni qəbul edib. Qətnamə Böyük Britaniya, Fransa və Almaniya (E3) ilə ABŞ tərəfindən təqdim olunub və İranın son 5 aydır MAQATE tərəfindən yoxlanılmayan zənginləşdirilmiş uran ehtiyatlarının ciddi narahatlıq doğurduğu vurğulanıb.

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Cohnson, eləcə də müxtəlif komitə rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirib. Saudi Press Agency-nin məlumatına görə, görüşlər zamanı tərəflər regional və beynəlxalq proseslər, təhlükəsizlik məsələləri və ABŞ–Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sektorlar üzrə genişləndirilməsi barədə müzakirələr aparıblar. Amerikalı rəsmilər iki ölkə arasındakı tarixi strateji tərəfdaşlığa sadiq olduqlarını vurğulayıblar.

ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə başçısı seçkilərini qazanan Demokrat namizəd Zahran Mamdani ilə sabah görüş keçirəcəyini açıqlayıb. Tramp sosial media hesabında paylaşdığı bəyanatda Mamdaninin görüş istədiyini bildirib. “Nyu-Yorkun kommunist bələdiyyə başçısı Zahran Mamdani görüş tələb etdi. 21 noyabr Cümə günü Oval Ofisdə görüşməyə razılaşdıq. Ətraflı məlumat tezliklə.” - deyə Tramp paylaşımda qeyd edib. Prezident daha öncə Fox News-ə müsahibəsində Mamdani haqqında danışaraq, onun Vaşinqtona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdi.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Con Kiriyaqu iddia edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hücum qərarı İsrailin təzyiqi ilə əlaqəlidir. Onun sözlərinə görə, İsrail Vaşinqtona “İranı vurmasanız, nüvə silahından istifadə edəcəyik” mesajı göndərib və Tramp bu addımı qlobal müharibənin qarşısını almaq üçün atdığını deyib.

İran Xarici Əlaqələr üzrə Strateji Şura rəhbəri və ölkə lideri Əli Xameneinin baş müşaviri Kamal Xarazi bildirib ki, Tehran “bərabər status və qarşılıqlı hörmət” şərtilə ABŞ-la danışıqlara başlaya bilər. ABŞ mərkəzli CNN-ə danışan Xarazi, İran–ABŞ münasibətləri ilə bağlı sualları cavablandırıb. “Əgər qarşılıqlı hörmət və bərabərlik əsasında, mövzu və danışıqların çərçivəsi əvvəlcədən müəyyən olunarsa, biz buna – ABŞ-la danışıqlara – hazırıq.” - deyə Xarazi qeyd edib.

Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.

Yaponiya, Oita – Oitanın Saganoseki bölgəsində limana yaxın yaşayış ərazisində yanğın baş verib. Hadisə nəticəsində 170-dən çox bina zərər görüb, bir nəfər isə itkin düşüb. Yanğın səbəbindən 180-dən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Yanğın 49 min kvadratmetrlik sahəni əhatə edib və yaxınlıqda olan meşəyə də yayılıb.

İran Prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, İranın nüvə proqramı yalnız dinc məqsədlərlə həyata keçirilir və ölkənin daxili ehtiyaclarını ödəməyə yönəlib. O, İslam Respublikasının heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını vurğulayıb. Bu açıqlamaları Pezeşkian çərşənbə axşamı Avstriyanın Tehrandakı yeni səfiri Fridrix Ştiftin etimadnamələrinin qəbul mərasimində səsləndirilib.