Digər Xəbərlər

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes ölkənin neft sənayesinə daha çox xarici investisiyanın cəlb edilməsini nəzərdə tutan islahatların qəbulu üçün parlamentə müraciət edib. ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi 3 yanvar hücumundan sonra ilk dəfə xalqa müraciət edən Rodriqes ölkənin neft ehtiyatları ilə bağlı yeni vizyonunu təqdim edib. O, xarici şirkətlərin ölkənin enerji resurslarına çıxışını təmin edəcək hüquqi islahatların vacibliyini vurğulayıb. Rodriqes bildirib ki, Venesuela enerji sektorundan əldə etdiyi məhsulları dünya bazarlarında sərbəst ticarət əlaqələri çərçivəsində sata bilər.

İranda davam edən kütləvi etiraz aksiyalarında həyatını itirənlərin sayı kəskin artaraq 2 min 677 nəfərə çatıb. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkənin bir çox nöqtəsində baş verən hadisələrdə 2 min 600-dən çox insanın yaralandığını, 19 min 97 nəfərin isə saxlanıldığını açıqlayıb. Qeyd olunub ki, son 24 saat ərzində can itkisi faktlarında artım müşahidə olunub. İran rəsmiləri isə nümayişlərdə ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

İranda iqtisadi böhran fonunda genişlənən etiraz aksiyaları səbəbindən Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Polonya daxil olmaqla bir çox Avropa İttifaqı (Aİ) ölkəsi vətəndaşlarına təcili xəbərdarlıq edib. Ölkələrin xarici işlər nazirlikləri yanvarın 8-dən etibarən Tehranda şiddətlənən hadisələri nəzərə alaraq vətəndaşlarını mövcud imkanlarla İranı tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb. İspaniyanın xarici işlər naziri Jose Manuel Albares bölgədəki vəziyyəti "çox mürəkkəb" adlandıraraq birtərəfli xarici müdaxilənin İrana sabitlik gətirməyəcəyini və ölkənin dinc yolla demokratik gələcəyə addımlamasının vacibliyini vurğulayıb.

ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək niyyəti ilə bağlı Vaşinqtonda keçirilən danışıqlar uğursuzluqla nəticələndikdən sonra Avropa ölkələri adaya hərbi personal göndərməyə başlayıb. Fransa, İsveç, Almaniya və Norveç Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə kəşfiyyat missiyası çərçivəsində hərbçilər yerləşdirəcəklərini elan ediblər. Qrenlandiya Baş nazirinin müavini Mute Egede bildirib ki, bölgədə NATO hərbçilərinin, hərbi uçuşların və gəmilərin sayının artması gözlənilir. Fransa Prezidenti Emmanuel Makron ilk hərbi heyətin artıq yola düşdüyünü təsdiqləyib. Almaniya isə Danimarkanın dəvəti ilə 13 nəfərlik kəşfiyyat qrupunu bölgəyə göndərib.

İranın yüksək rütbəli rəsmisi və Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə ilə bağlı son təhdidlərinə sərt cavab veriblər. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani mülki vətəndaşların ölümünə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını bəyan edib. Donald Trampın sosial mediada iranlıları dövlət müəssisələrini ələ keçirməyə çağıran paylaşımından qısa müddət sonra Laricani "X" platformasında "İran xalqının əsl qatillərinin adlarını açıqlayırıq: 1-Tramp, 2-Netanyahu" deyə yazıb.

İran Məhkəmə Tibb Ekspertizası Qurumunun rəhbəri Abbas Məscidi Arani ölkədəki etirazlar zamanı həyatını itirən etirazçıların əksəriyyətinin silahlı terrorçular tərəfindən hədəf alındığını açıqlayıb. İran dövlət televiziyasına danışan Arani ölənlərin mühüm hissəsinin kəsici alətlərlə həyati orqanlarından zərbə aldığını və ya yaxın məsafədən ov tüfəngləri ilə vurulduğunu iddia edib. O bildirib ki, etirazçıların arasına xüsusi silahlı təlim keçmiş qruplar sızıb və onlar qəsdən nümayişçiləri hədəf alaraq ölüm hallarına səbəb olublar. İran rəsmisi həm mülki şəxslərin, həm də təhlükəsizlik qüvvələrinin ölümünə görə məhz bu "terrorçu qüvvələrin" məsuliyyət daşıdığını vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarına gözlənilməz reaksiya verib. Rusiyanın "İnterfaks" agentliyinə danışan Medvedyev Qrenlandiya sakinlərinin Rusiyaya birləşmək üçün səs verə biləcəyini iddia edib. Rusiya eks-prezidenti Donald Trampın Arktikada yerləşən bu nəhəng adanı ABŞ-a birləşdirmək üçün tələsməli olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib. Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.

ABŞ Prezidenti Donald Trampa etiraz aksiyalarının davam etdiyi İrana qarşı ənənəvi hava hücumları ilə yanaşı, kiber və psixoloji əməliyyat variantlarını ehtiva edən geniş hesabat təqdim edilib. CBS News kanalına danışan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Prezident Trampın İrana qarşı istifadə edilə biləcək hərbi və gizli vasitələr barədə ətraflı məlumatlandırıldığını bildiriblər. Məlumata görə, mümkün hərbi müdaxilə zamanı hava qüvvələri və uzaqmənzilli raketlər əsas rolunu qoruyub saxlasa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də masadakı variantlar arasındadır.

İranda iqtisadi problemlər səbəbindən başlayan və 16 gündür davam edən nümayişlərdə ölənlərin sayı kəskin şəkildə artaraq 646 nəfərə yüksəlib. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı son hesabatda ölkənin 31 əyalətinə yayılan etirazların ağır nəticələri açıqlanıb. Hesabata əsasən, həyatını itirənlər arasında 505 aksiya iştirakçısı, 133 təhlükəsizlik əməkdaşı və bir prokuror var. Ölənlərdən 9 nəfərinin 18 yaşından kiçik olduğu bildirilir.

Xabi Alonso İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub. Bildirilib ki, Alvaro Arbeloa İspaniyanın "Real Madrid" futbol klubunun yeni baş məşqçisi təyin edilib. Qeyd edək ki, X.Alonso 2025-ci ilin may ayında "Real Madrid"ə rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027/28 mövsümünün sonuna qədər imzalanmışdı.

Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.