BAKI,VOA Orxan Qədirzadə
Kolumbiyada yeni seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhəri yaxınlığında yerləşən magistral yolda partlayıcı yüklü avtobus aşkarlanaraq zərərsizləşdirilib.
Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Panamerika magistralında həyata keçirilən "Prometey Əməliyyatı" çərçivəsində təxminən 420 kiloqram ammonium nitratdan hazırlanmış partlayıcı qurğu nəzarətli şəkildə zərərsizləşdirilib.
Yerli KİV-in məlumatına əsasən, partlayıcı ilə yüklənmiş avtobusun Kolumbiyanın İnqilabi Silahlı Qüvvələrinin (FARC) keçmiş fraksiyalarından olan qondarma Mərkəzi Baş Qərargah (EMC) tərəfindən hazırlandığı və Kali şəhərindəki hərbi və polis obyektlərini hədəfə almaq məqsədi daşıdığı bildirilir.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri partlayıcı yüklü avtobusla yanaşı, yeddi qaz balonunu və hücum zamanı istifadə edilməsi planlaşdırılan buraxılış platformalarını da ələ keçirib.
Hadisə Kolumbiya Prezidenti Qustavo Petronun bir neçə gün əvvəl etdiyi xəbərdarlıqdan sonra baş verib. Petro avqustun 7-də Abelardo de la Espriellanın vəzifəyə başlama mərasimi zamanı Kali şəhərində terror aktı törədilə biləcəyi barədə xəbərdarlıq etmişdi.
De la Espriella daha əvvəl andiçmə mərasiminin paytaxt Boqotada deyil, Kali şəhərində keçirilməsinin ölkənin təhlükəsizliyinin bərpası və dövlət nəzarətinin gücləndirilməsi siyasətinin bir hissəsi olduğunu bildirmişdi. Onun sözlərinə görə, əvvəlki hakimiyyət dövründə bəzi bölgələr narkotik qruplaşmaların təsiri altına düşüb.
Andiçmə mərasimi Kali şəhərindəki Santyaqo de Kali Universitetinin USC Arenasında keçiriləcək. Tədbirin təhlükəsizliyini təmin etmək üçün 11 mindən çox hərbçi və polis əməkdaşı cəlb olunacaq.
Qeyd edək ki, prezident seçkilərinin nəticələrini qəbul etməyən hazırkı dövlət başçısı Qustavo Petro daha əvvəl səsvermədə qanun pozuntularının baş verdiyini iddia edərək seçkilərin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdi. Buna baxmayaraq, o, avqustun 7-də səlahiyyətlərini Abelardo de la Espriellaya təhvil verəcəyini açıqlayıb.