BAKI,VOA Orxan Qədirzadə
İspaniyanın Baş naziri Pedro Sançesin Qəzzadakı hadisələrlə bağlı İsraili sərt tənqid etməsindən sonra ölkədə baş verən bir sıra böhranlar diqqət mərkəzinə gəlib. Lakin bu hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair rəsmi sübut yoxdur.
Sançes hökuməti İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edən və Fələstinə dəstək verən Avropa ölkələri arasında ön sıralarda yer alıb. İsrail tərəfi isə Madridin mövqeyini dəfələrlə tənqid edib.
İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl İspaniyanın siyasətinə qarşı çıxaraq Madrid rəhbərliyinin addımlarının nəticələri olacağını bildirib.
İspaniyada son dövrdə bir sıra ciddi hadisələr yaşanıb. 2025-ci ildə İspaniya və Portuqaliyanı əhatə edən genişmiqyaslı elektrik kəsintisi nəqliyyat, rabitə və rəqəmsal sistemlərdə ciddi problemlərə səbəb olub. Hadisənin səbəbi ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, kəsintinin İsraillə əlaqəli olması barədə rəsmi məlumat yoxdur.
Bundan əlavə, ölkə yay aylarında genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparıb. Yanğınlar bir sıra bölgələrdə fövqəladə vəziyyət yaradıb və böyük ərazilərə ziyan vurub.
Son olaraq İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Səbtəyə (Ceuta) qeyri-qanuni miqrasiya cəhdi ölkədə yeni siyasi müzakirələrə səbəb olub. Mərakeşdən dəniz yolu ilə şəhərə keçməyə çalışan çox sayda miqrant gərginliyə səbəb olub.
İspaniya hökuməti miqrasiya böhranı ilə bağlı Avropa İttifaqı ölkələrinin mövqeyini tənqid edib və sərhədlərin qorunması ilə yanaşı humanitar yanaşmanın vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı bəzi dairələr hadisələri İsrail-İspaniya gərginliyi ilə əlaqələndirsə də, elektrik kəsintisi, meşə yanğınları və miqrasiya böhranının siyasi səbəblərlə təşkil edildiyini göstərən təsdiqlənmiş fakt yoxdur.