BAKI, VOA Orxan Qədirzadə
İspaniya hökuməti İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Şengen zonasının İspaniya üçün bağlanmasını təklif edən açıqlamalarına etiraz olaraq bu ölkənin Madriddəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Tayaninin fikirlərinin "dost və tərəfdaş ölkənin xarici işlər nazirinə yaraşmadığını" bildirib. O qeyd edib ki, belə bir dövrdə Avropa həmrəyliyinə ehtiyac var, siyasi populizmə yox.
Mübahisəyə səbəb İtaliya xarici işlər naziri Antonio Tayaninin Seuta şəhərinə qeyri-qanuni miqrasiya axınının artması fonunda verdiyi bəyanat olub. O bildirib ki, nəzarətsiz qanunsuz miqrasiya milli təhlükəsizlik üçün risk yaradır və İspaniyanın 500 mindən çox qanunsuz miqranta vətəndaşlıq verməsi, nəticədə onların Avropa İttifaqı vətəndaşı statusu alması "ciddi səhv" olub. Tayani bunun insan alveri şəbəkələrini daha da təşviq etdiyini iddia edib.
Digər tərəfdən, Avropa Komissiyasının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner Avropa İttifaqının İspaniyaya əlavə dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
O bildirib ki, Aİ-nin xarici sərhədlərinin qorunması qanunsuz miqrasiyaya qarşı mübarizənin əsas elementidir. Brunner İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska ilə keçirdiyi görüşdə, ehtiyac yaranacağı halda Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) vasitəsilə də əlavə yardım göstərilə biləcəyini vurğulayıb.
Gərginlik iyulun 30-da 800-dən çox qeyri-qanuni miqrantın Mərakeşin Qəsr əs-Səğir sahillərindən üzərək İspaniyanın idarəsində olan Seuta şəhərinə keçməyə cəhd etməsindən sonra yaranıb. Hadisədən sonra İspaniya hökuməti şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə əlavə hərbi qüvvələr yerləşdirib.
Seuta coğrafi baxımdan Mərakeşin şimalında yerləşsə də, İspaniyanın nəzarətində olan anklavdır və Avropa İttifaqının xarici sərhədlərindən biri hesab olunur. Afrika ölkələrindən olan miqrantlar, o cümlədən Mərakeş vətəndaşları iqtisadi və sosial çətinliklər səbəbindən Avropaya qanunsuz yollarla çatmağa çalışırlar.
Şengen zonası 29 Avropa ölkəsini əhatə edir. 1985-ci ildə imzalanan və 1995-ci ildə qüvvəyə minən Şengen sazişi üzv ölkələr arasında sərhəd nəzarətini aradan qaldıraraq sərbəst hərəkəti təmin edir.