#qeyri-qanuni miqrasiya

Cənubi Afrikada miqrantlara, xüsusilə digər Afrika ölkələrinin vətəndaşlarına qarşı düşmənçilik və zorakılıq halları yenidən artıb. Ölkədə miqrantlar işsizlik, yoxsulluq və ictimai xidmətlərdəki problemlər kimi sosial-iqtisadi çətinliklərdə günahlandırılır. Miqrantlara qarşı etirazların bir hissəsi zorakılıq, qarət və məcburi köçürmə halları ilə nəticələnib. Hüquq müdafiə təşkilatları bəzi bölgələrdə hücumların sistemli xarakter aldığını bildirir.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri İspaniyanın idarəçiliyində olan Sebta şəhərində yaranmış miqrasiya böhranını müzakirə etmək üçün bu gün videokonfrans formatında fövqəladə iclas keçirəcəklər. Toplantının əsas məqsədi son günlər on minlərlə miqrantın Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Sebta şəhərinə qeyri-qanuni keçidindən sonra yaranmış vəziyyəti qiymətləndirmək və Aİ-nin miqrasiya siyasətinə dair ortaq yanaşma formalaşdırmaqdır.

İspaniya hökuməti İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Şengen zonasının İspaniya üçün bağlanmasını təklif edən açıqlamalarına etiraz olaraq bu ölkənin Madriddəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Tayaninin fikirlərinin "dost və tərəfdaş ölkənin xarici işlər nazirinə yaraşmadığını" bildirib. O qeyd edib ki, belə bir dövrdə Avropa həmrəyliyinə ehtiyac var, siyasi populizmə yox.

Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan qayığın aşması nəticəsində azı 7 kişi həyatını itirib, çox sayda şəxs isə dənizdə itkin düşüb. Rəsmilərin verdiyi məlumata görə, Avropaya çatmağa çalışan miqrantları daşıyan qayıq çərşənbə gecə yarısı Şimal Sahili Bölgəsində, Cinak (Jinack) kəndi yaxınlığında aşıb. Qambiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hadisədən sonra qayıq qum sahilində oturmuş vəziyyətdə aşkarlanıb. İspaniyanın Kanar adalarına doğru yola çıxan qayıqdakı sərnişinlərdən indiyədək 96 nəfər xilas edilib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.