BAKI, VOA Orxan Qədirzadə
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 34-ə yüksəlib.
Yerli Fəlakətlərin İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. İndiyədək dağıntılar altından 34 şaxtaçının meyiti çıxarılıb.
Qurumun bildirdiyinə əsasən, mədəndə hələ də itkin düşmüş işçilərin olub-olmamasını müəyyənləşdirmək və onları xilas etmək üçün birgə əməliyyat davam edir.
Bəlucistanın Mədən və Minerallar İdarəsinin rəsmisi Şüeyb Nuşirvani daha əvvəl bildirmişdi ki, partlayış baş verən zaman mədənin çökmüş hissəsində ümumilikdə 36 nəfər olub.
İlkin araşdırmalara görə, hadisəyə Suranc bölgəsində yerləşən və "Sardar Osman Coal Company" tərəfindən idarə olunan özəl kömür mədənində metan qazının partlaması səbəb olub. Partlayış nəticəsində mədənin böyük hissəsi dağılıb. Hadisə əyalətin inzibati mərkəzi Kvetta şəhəri yaxınlığında qeydə alınıb.
Pakistan Mərkəzi Mədən İşçiləri Həmkarlar İttifaqı isə hadisənin ehtiyatsızlıq və təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verdiyini bildirib. Birlik məsul şəxslərin cəzalandırılmasını, hökumətin isə mədənlərdə təhlükəsizlik normalarına ciddi nəzarət etməsini və qanunları pozan şirkətlərə qarşı sərt tədbirlər görməsini tələb edib.
Qeyd edək ki, Pakistanda kömür mədənlərində metan qazının partlaması, zəif havalandırma sistemi və təhlükəsizlik standartlarının yetərincə təmin olunmaması səbəbindən ölümcül qəzalar tez-tez baş verir.