BAKI, VOA Orxan Qədirzadə
Mərakeşdən İspaniyanın nəzarətində olan Seuta şəhərinə kütləvi qanunsuz miqrasiya cəhdi humanitar və siyasi böhrana çevrilib. Son məlumata görə, Aralıq dənizini üzərək şəhərə çatmağa çalışan azı 18 miqrant həlak olub.
İspaniya polisi AFP agentliyinə bildirib ki, cümə axşamından cüməyə keçən gecə minlərlə miqrant Seutaya daxil olub.
Reuters agentliyinin İspaniya Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata əsasən, son 24 saat ərzində təxminən 49 min miqrant Mərakeşdən dəniz və quru yolu ilə Seutaya keçib. Bu, 2021-ci ildən bəri şəhərə yönələn ən böyük kütləvi miqrasiya dalğası hesab olunur. Həmin il diplomatik gərginlik fonunda Seutaya təxminən 10 min nəfər daxil olmuşdu.
İspaniya ordunu bölgəyə göndərdi
Kütləvi keçidlərdən sonra Seuta rəhbərliyi İspaniya hökumətindən ordunun cəlb edilməsini istəyib.
İspaniya Daxili İşlər Nazirliyi silahlı qüvvələrin şəhərdə təhlükəsizliyin təmin olunması üçün Mülki Qvardiyaya dəstək verəcəyini açıqlayıb.
Seutanın meri Xuan Xesus Vivas vəziyyəti "humanitar və sosial fövqəladə hal" kimi qiymətləndirərək bildirib ki, axın bu templə davam edərsə, şəhər 2021-ci il böhranındakı vəziyyətlə üz-üzə qala bilər.
"Sərhəd açılıb" şayiəsi
AFP-nin məlumatına görə, cümə axşamı axşam saatlarında yüzlərlə gənc Seuta sərhədinə aparan yollarda toplaşıb.
Onların bir çoxu sərhədin açıldığı barədə yayılan şayiələrə inanaraq Mərakeşin müxtəlif şəhərlərindən, o cümlədən Tanjerdən piyada və ya nəqliyyat vasitələri ilə bölgəyə gəldiklərini bildiriblər.
Qəbul mərkəzləri dolub
Seuta rəhbərliyi miqrantların yerləşdirildiyi qəbul mərkəzlərinin tam dolduğunu və yeni gələnləri qəbul etmək imkanının qalmadığını açıqlayıb.
İspaniya hökuməti bir neçə nazirliyin iştirakı ilə böhranın humanitar və təhlükəsizlik aspektlərinin idarə olunması üçün koordinasiya mexanizmi yaradıldığını bildirib.
Madrid milli fövqəladə vəziyyət elan edilməsinin hüquqi əsaslarının olmadığını vurğulasa da, sərhədlərin qorunması və humanitar yardımın göstərilməsi üçün əlavə resursların ayrıldığını qeyd edib.
Mərakeşlə geri qaytarılma razılaşması
İspaniya Daxili İşlər Nazirliyi Mərakeş hökuməti ilə aparılan danışıqlar nəticəsində qanunsuz yollarla Seutaya daxil olan şəxslərin mümkün qədər tez geri qaytarılması barədə razılıq əldə edildiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, iki ölkə sərhəd nəzarətini gücləndirmək və yeni keçidlərin qarşısını almaq üçün koordinasiyanı artıracaq.
İtaliya ilə siyasi gərginlik
Böhran Avropa İttifaqı daxilində də siyasi mübahisələrə səbəb olub.
İtaliyanın xarici işlər naziri Antonio Tayani İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılmasını təklif edib. O bildirib ki, nəzarətsiz qanunsuz miqrasiya milli təhlükəsizlik üçün təhdiddir və Madridin 500 mindən çox qanunsuz miqranta vətəndaşlıq verməsi insan alveri şəbəkələrini təşviq edib.
İtaliyanın baş nazirinin müavini və ifrat sağçı Liqa Partiyasının lideri Matteo Salvini də Şengen mexanizminin fəaliyyətinin dayandırılmasına çağırış edib.
Seutanın statusu
Seuta coğrafi baxımdan Mərakeşin şimalında yerləşsə də, İspaniyanın idarə etdiyi muxtar şəhərdir. Rabat isə Seutanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onun geri qaytarılmasını tələb edir.
Şəhər hündür sərhəd hasarları ilə əhatə olunsa da, miqrantların əksəriyyəti Aralıq dənizi vasitəsilə üzərək Seutaya çatmağa çalışır.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin iyul ayının ortalarınadək Seutaya dəniz yolu ilə heç bir qanunsuz miqrant daxil olmamışdı. 2025-ci ildə bu göstərici cəmi 4, 2024-cü ildə isə 28 nəfər olub.
Mərakeşdə işsizlik və sosial-iqtisadi çətinliklər, xüsusilə gənclər arasında, Avropaya qeyri-qanuni miqrasiya cəhdlərinin əsas səbəblərindən biri kimi qiymətləndirilir. 2025-ci ilin yekunlarına görə ölkədə işsizlik səviyyəsi 13 faiz təşkil edib.