#Avropa Komissiyası

Avropa Komissiyası Avropa İttifaqında təbii qaz təchizatı ilə bağlı hazırda ciddi narahatlığın olmadığını bildirib. Birliyin qaz anbarlarının doluluq səviyyəsi 62 faiz təşkil edir. Bununla belə, Avropa ölkələri qış mövsümü ərəfəsində ehtiyatları artırmaqda çətinlik çəkirlər. İranla ABŞ arasında müharibədən sonra qaz qiymətlərinin yüksəlməsi anbarların doldurulmasını bahalaşdırıb. Yüksək qiymətlər şirkətlərin əlavə qaz almasına mane olan əsas amillərdən biridir. Ötən ilin eyni dövründə Avropa İttifaqının qaz anbarları 74 faiz dolu olub. Hazırkı göstərici ötən illə müqayisədə 12 faiz bəndi aşağıdır. Buna görə də qışa qədər qaz ehtiyatlarının artırılması Avropa ölkələri üçün mühüm məsələ olaraq qalır.

İspaniya hökuməti İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Şengen zonasının İspaniya üçün bağlanmasını təklif edən açıqlamalarına etiraz olaraq bu ölkənin Madriddəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Tayaninin fikirlərinin "dost və tərəfdaş ölkənin xarici işlər nazirinə yaraşmadığını" bildirib. O qeyd edib ki, belə bir dövrdə Avropa həmrəyliyinə ehtiyac var, siyasi populizmə yox.

Avropa İttifaqı Paramount-un Warner Bros. Discovery-ni almasına şərti razılıq verib. Razılığın əsas şərti Universal Pictures ilə mövcud distribüsiya əməkdaşlığının dayandırılmasıdır. Paramount-a Avropada 10 il müddətində Universal ilə yeni distribüsiya müqaviləsi bağlamaq qadağan edilib. Şirkət həmçinin Warner filmlərinin kinoteatrlarda nümayiş hüquqlarını öz distribütoruna ötürə bilməyəcək. Avropa Komissiyası bu addımların bazarda rəqabəti qorumaq məqsədi daşıdığını bildirib. Sövdələşmənin dəyəri 110 milyard dollar təşkil edir. Bu, qlobal media sektorunun ən iri satınalmalarından biri sayılır.

Avropa İttifaqı X platformasının şəffaflığın artırılması ilə bağlı fəaliyyət planını təsdiqləyib. Avropa Komissiyası bildirir ki, plan platformanın məlumatlarının daha açıq olmasına və tədqiqatçıların məlumatlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. Yeni tədbirlər X platformasının yaratdığı sistemli risklərin və onun cəmiyyətə təsirinin daha effektiv qiymətləndirilməsinə şərait yaradacaq. Platforma fəaliyyət planının müstəqil auditdən keçiriləcəyini də öhdəsinə götürüb. Xatırladılır ki, Avropa Komissiyası ötən il X platformasını 120 milyon avro məbləğində cərimələmişdi. Eyni zamanda, Avropa ölkələri sosial media platformalarına nəzarəti gücləndirməyə davam edir. Bir sıra dövlətlər yeniyetmələrin sosial mediadan istifadəsini məhdudlaşdıran qanunvericilik təşəbbüsləri üzərində işləyirlər. Avropa İttifaqı rəqəmsal platformalarda şəffaflıq və təhlükəsizliyi əsas prioritetlərdən biri hesab edir.

Avropa İttifaqının xarici işlər nazirləri İsrail yaşayış məntəqələri ilə ticarətin məhdudlaşdırılması məsələsini müzakirə edib. Avropa Komissiyasının hazırladığı sənəddə üç mümkün tədbir təklif olunur. Bunlara idxal icazəsi sistemi, yüksək gömrük rüsumları və tam idxal qadağası daxildir. Avropa İttifaqı uzun müddətdir Yaxın Şərq siyasəti ilə bağlı vahid mövqe formalaşdırmaqda çətinlik çəkir. Buna səbəb üzv ölkələr arasında İsrail-Fələstin məsələsi üzrə fikir ayrılıqlarıdır. Yeni tədbirlərin qəbul edilməsi üçün 27 üzv dövlətin dəstəyi lazımdır. Müzakirələr Avropa İttifaqının bölgə siyasətində mümkün dəyişikliklər fonunda aparılır.

Avropa İttifaqı ABŞ-dan mövcud ticarət razılaşmalarına əməl etməsini gözlədiyini bəyan edib. Avropa Komissiyasının sözçüsü Olof Gill bildirib ki, ötən il imzalanmış birgə bəyanat hər iki tərəf üçün qüvvədə qalır. Açıqlama Donald Trampın İspaniyanı tənqid etməsindən və bu ölkə ilə ticarət əlaqələrinin məhdudlaşdırılması barədə göstəriş verməsindən sonra səsləndirilib. Gill vurğulayıb ki, Avropa Komissiyası bütün üzv dövlətlərin maraqlarını qətiyyətlə müdafiə edəcək. O, sabit və qarşılıqlı faydalı transatlantik ticarətin qorunmasının vacibliyini qeyd edib. Avropa İttifaqı ABŞ-ın götürdüyü öhdəliklərə sadiq qalacağına ümid etdiyini bildirib. Mövzu NATO Zirvə Toplantısı fonunda diqqət mərkəzindədir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq yeni proqram elan edib. O bu barədə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı məlumat verib. Fon der Lyayenin sözlərinə görə, proqram regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlib. Təşəbbüs əməkdaşlığın inkişafına dəstək verməyi hədəfləyir. Açıqlama iyulun 1-də Bakıda keçirilən görüşdən sonra səsləndirilib. Proqramın icra mexanizmi ilə bağlı əlavə məlumat hələ açıqlanmayıb. Avropa Komissiyası regionda sülh gündəliyinə dəstəyini davam etdirəcəyini bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın bərpaolunan enerji sahəsində mühüm potensiala malik olduğunu bildirib. O qeyd edib ki, ölkədə yaşıl enerji layihələri uğurla həyata keçirilir. Fon der Lyayenin sözlərinə görə, Xəzər dənizinin böyük potensialı Azərbaycanın təmiz enerji üzrə regional qovşağa çevrilməsinə şərait yaradır. O bu fikirləri Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı səsləndirib. Avropa Komissiyasının Prezidenti enerji sahəsində əməkdaşlığın gələcək perspektivlərini də yüksək qiymətləndirib. Azərbaycan ilə Avropa İttifaqı arasında yaşıl enerji əməkdaşlığının daha da genişlənməsi üçün imkanların mövcud olduğunu vurğulayıb. Görüş iyulun 1-də Bakıda keçirilib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen enerji sahəsinin Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının əsas sütunlarından biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Fon der Lyayen bu fikirləri Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı səsləndirib. Onun sözlərinə görə, enerji əməkdaşlığı tərəflər arasında strateji münasibətlərin əsas istiqamətlərindən biridir. Avropa Komissiyasının Prezidenti bu sahədə əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə inandığını bildirib. Görüş iyulun 1-də Bakıda keçirilib. Tərəflər enerji sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.