BAKI,VOA, Fərid Mikayılov
ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün təcili addımlar atmağa çağırıb.
VOA xəbər verir ki, Trampın NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüşün əsas nəticəsi alyans üzvlərinə bu strateji əhəmiyyətli su yolunun təhlükəsizliyini təmin etmək çağırışı olub.
Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyası artıq bir neçə gündür bu öhdəliklərin qəbul olunmasına çalışır və məsələ həm ABŞ, həm də Avropa üçün təxirəsalınmaz hesab olunur.
Eyni zamanda, diplomatik mənbələrdən biri qeyd edib ki, Mark Rütte Trampa NATO müttəfiqlərinin ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi qarşıdurma ilə bağlı gözlənilməz vəziyyətlə üzləşdiyini izah etməli olub.
Rütte isə Vaşinqtonda çıxışı zamanı bildirib ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin rəhbərliyi ilə və ABŞ-la sıx əməkdaşlıq çərçivəsində NATO ölkələri Hörmüz boğazının bağlanmasına yol verilməməsi mövzusunda ortaq mövqe nümayiş etdirir.
Bununla yanaşı, Donald Tramp NATO-nu sərt tənqid etməyə davam edib. ABŞ lideri qeyd edib ki, alyans müttəfiqləri Vaşinqtonun ehtiyac duyduğu məqamlarda yanında olmayıb və bu səbəbdən gələcəkdə onların dəstəyinə dair suallar yaranır.
Digər məlumata görə, Tramp İsrailin baş naziri Binyamin Netanyahuyla telefon danışığında da sərt mövqe sərgiləyib. Bildirilir ki, ABŞ administrasiyası yaxın günlərdə Tehranla nəzərdə tutulan danışıqların pozulmaması üçün fəal diplomatik səylər göstərir.